Gündəm

“Təhdidi neytrallaşdırmaq üçün Türkiyə hərbi bazaları Azərbaycanda yerləşdirilməlidir”

Dekabrın 10-da keçirilən Zəfər paradında bütün qoşun növləri, hərbi qənimətlər və Azərbaycanın qələbəsini tezləşdirən müasir silahlar nümayiş etdirildi.  Bu sırada Türkiyə “Bayraktar”ları, F-16 uçaqları, hərbi helikopterlər və s. yeni silahları var.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, həmin müasir silahların Azərbaycanda qalması çox vacibdir: “Bizim istəyimiz və arzumuz bundan ibarətdir. İllərdir ki, bununla bağlı çıxışlar edirik. F-16-ların Azərbaycanda qalması o deməkdir ki, Gəncədə və ya Abşeronda hərbi bazalar yaradılacaq. Türkiyə hərbi hava qüvvələrinin bazası həmin ünvanlarda formalaşdırıla bilər. Azərbaycan müharibədə qələbə çalıb. Amma bu o demək deyil ki, biz təhlükəsizlik məsələlərini düşünməməliyik. Azərbaycan Ermənistan üzərində hər dəfə qələbə çala bilər. Kimsəyə sirr deyil ki, Ermənistanın arxasında bəzi dövlətlər dayanır. Bu bizim üçün müəyyən qədər təhdiddir. Bu təhdidi neytrallaşdırmaq isə Azərbaycan-Türkiyə hərbi ittifaqını gücləndirməkdən, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsindən keçirir”.

Elxan Şahinoğlu deyir ki, bu gün F-16-lar faktiki olaraq Azərbaycandadır: “Sadəcə bunu addım-addım Rusiya və İrana həzm etdirmək lazım gələcək. Artıq onlar müqavimət göstərmirlər. Rusiya prezidenti öz müsahibələrindən birində deyib ki, biz Türkiyə-Azərbaycan hərbi ittifaqına mane ola bilmərik. Rusiya bu ittifaqın yaranmasına müqavimət göstərməyəcək. Necə müqavimət göstərə bilər ki, özünün Ermənistan ərazisində hərbi bazası var. Hansı məntiqlə deyə bilər ki, sənin Azərbaycanda hərbi bazaların olmasın. Həmin hərbi bazalar 3-cü dövlətə təhdid üçün deyil, Azərbaycanın təhlükəsizliyinin təminatı üçün gərəkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button