Gündəm

Prezident xəbəri verdi – Laçınlılar 30 il gözləyirdi

Ötən ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Laçın sakinlərinin illərlə gözlədiyi müjdəli xəbəri Prezident İlham Əliyev rəsmi “Twitter” hesabında paylaşaraq, xalqımıza böyük sevinc bəxş etmişdi.

Həmin tvitdə deyilirdi: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Torpaqlarımızda qanunsuz məskunlaşan ermənilərin Laçından çıxarılmasından dərhal sonra quruculuq-bərpa işlərinə başlanılıb və qısa müddət ərzində böyük işlərə imza atılıb.

Ötən gün Salyana səfər edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Laçın sakinlərinə şad xəbər verib. Dövlət başçısı bildirib ki, keçmiş köçkünlər Laçın şəhərinə vaxtından əvvəl qaytarılacaq:

“Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”.

Prezident, onu da vurğulayıb ki, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir: “O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq”.

Bəs Laçın sakinləri Böyük Qayıdışa hazırdırlarmı? 

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin Laçından seçilən deputatı Mahir Abbaszadə qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması və uzun müddət öz yurdlarından didərgin düşmüş vətəndaşların geri qaytarılması idi.

“Bu məqsədlə ölkə rəhbəri tərəfindən Böyük Qayıdışı təmin etmək məqsədi ilə 2022-2026-cı illərdə dövlət proqramı qəbul edilib. Həmin proqrama uyğun olaraq həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonunda böyük işlər görülür. Bunların sırasında Laçın rayonunun şəhər mərkəzi, Zabux və Sus kəndləri ilə bağlı layihələr də var. Ötən ilin 26 avqustunda sülhməramlıların Laçın rayonunu tərk etməsi ilə şəhər mərkəzində, Zabux və Sus kəndində qeyri-qanuni yerləşmiş ermənilər həmin ərazilərdən çıxarıldı”, – deyə parlamentari bildirib.

Deputat vurğulayıb ki, laçınlılar Prezident İlham Əliyevin atdığı addımları yüksək qiymətləndirir:

“Prezident İlham Əliyevin səfərindən sonra Laçın rayonunun şəhər mərkəzində quruculuq işləri başladı. İndi də orada bərpa prosesi davam edir. Orada qismən dağıdılmış evlər, yollar və bütün infrastruktur yenidən bərpa edilir. Şəhər mərkəzində olan 2 nömrəli tam orta məktəb təmir edilməkdədir. Eyni zamanda Zabux və Sus kəndlərinin yenidən qurulması ilə bağlı Prezidentin tapşırığı var. Bu barədə Azərbaycanın dövlət büdcəsindən vəsait ayrılıb.

Görülən işlər ondan xəbər verir ki, il sonuna qədər Laçın rayonunun şəhər mərkəzi, Zabux və Sus kəndinin sakinləri öz doğma yurdlarına qayıdıb, orada əbədi yaşayacaqlar. Bundan başqa, rayonun Güləbird, Qorçu və Şəlvə kəndlərinin ilin sonuna qədər baş planının təsdiq olunması gözlənilir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin rəbərliyi ilə aparılan siyasətin məntiqi nəticəsidir. Bütün laçınlılar Prezidentin addımlarını yüksək qiymətləndirir. Onlar həvəslə gözləyir ki, 30 ildən sonra dədə-baba torpaqlarına dönərək vətən həsrətinə son qoyacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button