Gündəm

Paşinyanın partiyası Türkiyə və Azərbaycanla əməkdaşlıqda problem görmür – Amma…

Ötən gün Bakıda səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə yeni ittifaqın yarana biləcəyi barədə fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, Ərdoğan Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Rusiyanın iştirakı ilə yeni formatın təsis edilə biləcəyini dilə gətirib və Ermənistanın da bu birliyə qo.ula biləcəyini deyib.

Qeyd edək ki, bununla bağlı Ermənistanda geniş müzakirələr gedir. Müxalifət düşərgəsi birmənalı olaraq, Azərbaycan və Türkiyə ilə eyni birlikdə olmağı mümkünsüz hesab edir. Amma İrəvan hökuməti məsələyə müsbət baxdıqlarını bildirir. Bir neçə gündür “Mənim Addımım” blokunun üzvlərindən bir neçə deputat bəyan edib ki, artıq müharibə ritorikasından əl çəkilməli, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlanılmalıdır.

Bu gün isə Ermənistan parlamentində təmsil olunan Paşinyan tərəfdarlarından daha biri, “Mənim Addımım” blokundan deputat Bbabken Tunyan mediaya açıqlamasında deyib ki, Ermənistan uzun illərdir Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkiyə və Azərbaycanla əməkdaşlıq edir. O deyib ki, təmsil etdiyi partiyada Türkiyə və Azərbaycanla əməkdaşlıq edilməsi məsələsinə müsbət baxanlar olsa da, həmin yanaşmanı partiyanın mövqeyi kimi qəbul etmək yanlışdır. “Ermənistanın özünün maraqları var. Əgər yeni birlikdə bizim maraqlarımız təmin edilərsə, təbii ki, qatılmağımızda heç bir problem yoxdur. Əks təqdirdə, bizi bu birliyə heç kim qoşa bilməz”.

Tunyan daha sonra deyib ki, hər şeyin öz vaxtı var və bunun üçün tələsmək lazım deyil. “Tələsməyək. Hər şeyin öz vaxtı var. Bu məsələnin zamanı çatanda, müzakirə edəcəyik və mövqeyimizi ortaya qoyacağıq. İndi isə heç nəyi şərh edə bilmərəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button