Gündəm

Harutyunyan keçmiş hakimiyyətin Meğri dəmir yolunu İrana necə satdığını açdı

“Dünən Nikol Paşinyan Brüsseldə Azərbaycanla Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun yaxın vaxtlarda açılmasına dair razılıq əldə olunduğunu bəyan edib. O qeyd edib ki, dəmir yolu beynəlxalq sərhəd gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı əsasda, ölkələrin suverenliyi daxilində fəaliyyət göstərəcək”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq Partiyasının katibi, keçmiş deputat, Meğridən olan Qriqor Harutyunyan deyib. O, bu ilin fevralında Azərbaycanda Horadizdən Ermənistana 100 kilometr uzunluğunda dəmir yolunun tikintisinə başlanıldığını bildirib:
“Meğridən keçən dəmir yolu bu gün yoxdur, keçmiş hakimiyyət onu sökərək satıb və özlərinə məxsus zavodlarda şəzsi işləri üçün istifadə edirdilər. O zaman Meğri camaatı narahat idi və maraqlanırdı ki, niyə onu sökürlər. O dəmir yolu heç olmasa Meğridən Qafana qədər işləyə, yük daşıya bilərdi. Onların sökülməsi başadüşülən deyildi. Ümumiyyətlə, tikilən hər-hansı tikilini sökməzlər. Nə qədər ağrılı və acınacaqlı hal olsa da, vəziyyət belədir. İndi o infrastrukturu söküb satanlar qoy pulun hara getdiyini göstərsinlər. Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Hansısa bələdiyyə sədri ayrılan 5-10 milyon dramdan sui-istifadə edəndə müvafiq qurumlar dərhal araşdırma aparıb cəzalar tətbiq edirlər, amma burada milyonlarla dollarlıq ciddi problem var, məsuliyyət daşıyan isə yoxdur. O pullar hara getdi, metal İrana necə ucuz qiymətə satıldı? Təkcə dəmir yolu yox, təkərləri də eyni metaldan olan vaqonlarımız var idi. Vaqonların təkərləri çox qiymətli metaldan hazırlanır. Kimə satıblar, necə satıblar, hansı qiymətə satıblar? Vaxtilə İrana bir ton metal 10-20 dollara satılırdı. Sonra həmin İrandan 700 dollara metal alırdıq. Heç olmasa o relsləri alsınlar onların əllərindən (keçmiş məmurların), səngərlərdə sığınacaqlar tiksinlər, relsləri qoysunlar, üstünə torpaq töksünlər ki, dronlar uşaqlarımızı belə məhv etməsin. Hərbçilərimizin özlərini müdafiə edəcək yerləri olmadığından 44 günlük müharibə zamanı çox qurban verdik. O alçaqlar isə öz cibləri üçün belə şeylər edirdilər. Söhbətin nə qədər relsdən getdiyini təsəvvür edə bilərsinizmi? Qoy desinlər ki, dəmir yolunun qiyməti bugünkü bazar qiyməti ilə nə qədərdir.
Azərbaycan ərazisindən keçən hissənin başqa problemi var. İran Xudafərin su anbarını tikib və indi çəkilən dəmir yolu həmin anbardan yan keçməlidir. İqtisadiyyat nazirinin sözlərinə görə, təkcə buna 1 milyard dollara yaxın vəsait lazımdır və dəmir yolunun Azərbaycan hissəsinin bərpasına 4 il vaxt lazımdır, Ermənistan hissəsini isə biz tikəcəyik.
Əgər dəmir yolu işləsə, bu o deməkdir ki, biz İrəvandan Fars körfəzinə qoşuluruq, blokadadan çıxırıq. Bu gün dəmir yolu ən ucuz nəqliyyat hesab olunur. Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün danışıqlar gedir və Türkiyə-Ermənistan dəmir yolu açılsa, biz də Avropaya gedə bilərik. On illərdir şikayətlənirik ki, blokadadayıq, indi o blokadadan çıxmaq imkanı var, təbii ki, bunun iqtisadiyyata təsiri olacaq. Amma mən Meğridən avtomobil yolunun keçməyinin qəti əleyhinəyəm, buna icazə verilməməlidir. Hakimiyyət Meqri şosesi ilə bağlı məsələnin müzakirə olunmadığını və ya müzakirə predmeti olmadığını bildirib. Düşünürəm ki, bu, belə də olacaq”.
Qeyd edək ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Meğri hissəsində 45 kilometrlik dəmir yolunun tikintisinin təxminən 200 milyon dollara başa gələcəyini, tikintinin üç il çəkəcəyini açıqlayıb, lakin tikintinin nə vaxt başlayacağını bildirməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button