Gündəm

AY Partiyadan gediş haqqının artırılmasına etiraz və təkliflər

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) ictimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı bəyanat yayıb. Jamaz.info xəbər verir ki, AY Partiya gediş haqqının artırılmasını tənqid etməklə yanaşı, hökumətə təkliflər də verib. “Şəhərdaxili sərnişindaşımalarda tariflərin (qiymətin 10 qəpik və ya 33% qaldırılması) minimum əməkhaqqı məbləğinə münasibətdə birdən-birə bu miqyasda artımı ictimaiyyətin normal qarşılaması isə mümkün deyil. Qeyd edək ki, ilin əvvəlində minimum əmək haqqı 45 manat artırıldı, ancaq ən son verilən qərarla məlum olur ki, az gəlirli vətəndaşların gün ərzində minimum dörd dəfə ictimai nəqliyyatdan istifadə etməsi onlara ayın sonunda 48 manata başa gələcək. Məlum olur ki, ilin əvvəlində maaşlara, pensiyalara olunan 10-15 faizlik artımları da ictimai nəqliyyat xərcləri yeyib-bitirəcək. Nəzərə alanda ki, vətəndaşlarımız gündəlik 4 yox, ictimai nəqliyyatdan daha çox istifadə edir, bu rəqəmlərin əhalimizin ümumi gəlirlərinə nə qədər mənfi təsir elədiyini təsəvvür etmək çətin olmur”, – deyə partiyanın bəyanatında deyilir.

Daha sonra qeyd edilir ki, Tarif Şurası qiymətlərin daşıyıcı şirkətlərin müraciəti əsasında “dəyişdiyini” bildirsə də, AY Partiya hesab edir ki, 10 qəpiklik artım bu sahədə xidmət göstərən nəqliyyat şirkətlərinin nə köklü problemlərini həll edəcək, nə də onlara əlavə qazanc gətirəcək: “Ən önəmlisi, 10 qəpik artımla ictimai nəqliyyatda keyfiyyətli xidmət problemi çözülməyəcək və vətəndaşımızı hiddətləndirən də məhz budur.

Hər kəsə bəllidir ki, durmadan artan şəhər əhalisinə xidmət göstərməli olan orta və iri həcmli avtobusların sayı azlıq təşkil edir, yaxud istismar müddəti çoxdan keçmiş daşıma vasitələrinin xəttə buraxılması çox vaxt onların hərəkət müntəzəmliyini, intervalları pozur, avtobuslara minmək mümkünsüz olur, onların sürəti tıxaclarda məhdudlaşır, vətəndaşlar nə işə vaxtında yetişə bilir, nə də evə. Avtobus sayının az olması, onların sərnişinlə icazə veriləndən artıq dolmasına gətirib çıxarır ki, bu da anormal basabas (sıxlıq) hallarına səbəb olur, nəticədə pandemik xəstəliklərin yayqın olduğu indiki vaxtda vətəndaşlar nəfəs ala bilmir, təhlükəsiz hərəkət üçün isə böyük risklər yaranır. Bütün bunlar istədiyimiz müasir, keyfiyyətli və təhlükəsiz şəhəriçi sərnişindaşımaların olmadığı qənaətini möhkəmlədən səbəblərdən bir neçəsidir.
Vətəndaşlarımız isə ödədiyi pulun müqabilində keyfiyyətli xidmət tələb etməkdə haqlıdır.

AY Partiya olaraq hesab edirik ki, ciddi problemlərin qaldığı keyfiyyətsiz şəhəriçi nəqliyyat daşımaları fonunda əhalinin etirazları tamamilə yerindədir. Ona görə ki, qiymət artımından qabaq şəhərdaxili sərnişindaşımanın müntəzəm, keyfiyyətli və təhlükəsiz təşkil olunması prosesində həllini tapmayan bir çox nöqsanlar aradan qaldırılmalı, problemlər minimallaşdırılmalı, qiymət bahalaşması ciddi formada əsaslandırılmalı idi.

Ümumiyyətlə, Tarif Şurasının əhalinin böyük bir hissəsinin fasiləsiz istifadə elədiyi müəyyən qrup məhsullar və xidmətlər, o cümlədən ictimai nəqliyyata dair qiymət artımlarını, ictimai müzakirələrdən, həmçinin parlament müzakirələrindən keçmədən, az qalsın özbaşına təyin etməsi qaydası ilə razılaşmırıq. Tarif dəyişikliklərindən qabaq mütləq ictimai dinləmələr keçirilməli, dəyişikliklərin səbəbləri inandırıcı olmaq şərtilə əsaslandırılmalı, xalqın və cəmiyyətin bu planda rəyi nəzərə alınmalıdır. Çünki partiya olaraq hesab edirik ki, vətəndaşların şəhəriçi kütləvi hərəkətini təmin edən, əhalinin nəqliyyat ehtiyacını ödəyən ictimai nəqliyyat kimi publik bir sahəyə dövlətin bir biznes sahəsi kimi yanaşması doğru deyil.

İctimai nəqliyyatda daşıma tariflərinin artırılacağı barədə hələ ötən ildən müəyyən söz-söhbətlər gəzsə də, düşünürdük ki, artan inflyasiya və kəskin bahalaşma fonunda hökumət bu addımı atmağa tələsməz. Ancaq təəssüflər olsun ki, ölkədə ümumi idarəetmə sistemi, xüsusilə də böyük şəhərlərin idarə edilməsi işində kifayət qədər başdansovdu, insan faktorunun nəzərə alınmadığı, müasir dövrlə heç cür ayaqlaşmayan bir sistem yanaşması mövcuddur və belə bir şəraitdə hökumətin ən asan yola əl atması, sadəcə, xidmət göstərən özəl şirkətlərin kommersiya maraqlarını güdərək daşıma tariflərini qaldırmaqla işini bitmiş hesab etməsi təəssüf doğurur.

Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, əhalinin aşağı gəlirli həssas təbəqələri, xüsusilə də tələbələrin belə rahatlıqla haqqına girmək həm sosial hüquqi dövlət, həm də vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət anlayışından çox uzaqdır.

İctimai nəqliyyatın müasir standartlarda təşkili barədə düşünərkən, sahənin rentabelliyini də unutmaq olmaz. Düşünürük ki, dövlət tərəfindən ölçülü-biçili subsidiyalaşdırılma ilə bu önəmli xidmət sahəsində bir çox problemi həll etmək olar. Eyni zamanda, daşıyıcı şirkətlərin biznes maraqlarını nəzərə almaqla elə bir rəqabət mühiti modeli tətbiq olunmalıdır ki, yekun nəticə bütün tərəflər üçün məqbul olsun. Yanacağın qiymətinin son illər kəskin templə artırıldığı fonunda, gediş haqlarının müəyyən bir hissəsinin dövlət tərəfindən qarşılanması əhalinin az gəlirli həssas təbəqələrinin xərc yükünü azalda bilər.

Vətəndaşlara sərnişindaşıma xidməti göstərən özəl nəqliyyat şirkətlərinin kommersiya baxımından ayaqda qalmasının vacib olduğunu da yaxşı başa düşürük, lakin bu, ağır sosial-iqtisadi böhran fonunda vətəndaşların həyatı bahasına olmamalıdır. Hökumətin müvafiq qurumları və təşkilatları bu işə daha fundamental yanaşmaqla, həm xidmət göstərən özəl nəqliyyat şirkətlərini qorumalı, həm də əhaliyə müntəzəm, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin öhdəsindən gəlməlidir.

Dünyanın əksər mütərəqqi ölkələrində vətəndaşlara göstərilən şəhəriçi nəqliyyat xidmətinin hər hansı özəl nəqliyyat şirkətlərinin kommersiya-biznes meydançasına çevrilməsinə imkan verilmir. Çünki, kütləvi istifadəsi olan sərnişindaşıma xidməti hər bir ölkədə humanitar planda hibrid mexanizm hesab olunduğundan, hökumətlər bu məsələyə diqqətli və həssas yanaşmağa borcludur. Elə bu məqsədlə də, Azərbaycan Yüksəliş Partiyası dünyada və ölkəmizdə müşahidə olunan sosial-iqtisadi böhranı nəzərə almaqla, hökumətə və şəhəriçi sərnişindaşıma xidmətini tənzimləyən müvafiq qurumlara təcili surətdə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:

1. Şəhəriçi sərnişindaşıma xidmətinin təşkili tamamilə özəl sektorun kommersiya-biznes maraqları üzərindən həyata keçirilməməlidir. İşin sosial-iqtisadi, ümumi güzəran və humanitar tərəfləri nəzərə alınmalıdır; Tarif Şurası hər hansı tarif dəyişikliyi etməzdən əvvəl mövzu ilə bağlı mütləq Parlamentdə ictimai dinləmələr keçirilməlidir.

2. Əhalinin az gəlirli və yaxud, ümumiyyətlə gəliri olmayan həssas təbəqələri (pensiyaçılar, əlillər, qazilər, müharibə veteranları, məktəblilər) üçün ictimai nəqliyyat ya tamamilə ödənişsiz edilsin, ya da müəyyən faiz etibarilə güzəştlər tətbiq olunsun;

3. Tələbələr üçün bir ay ərzində 230 gediş olmaqla, 17 manatlıq güzəştli limitsiz daşıma kartı tətbiq olunsun; Nəzərə alaq ki, dünyanın ən varlı, eləcə də inkişaf etməkdə olan, orta aylıq gəlirləri Azərbaycandakından qat-qat yüksək ölkələrində belə, tələbələr üçün limitsiz istifadə haqqı olan ictimai nəqliyyat kartları var;

4. Gəlirləri yalnız minimum əmək haqqı ilə yaranan, o cümlədən aylıq pul yardımları minimum əmək haqqından aşağı olanlar, həmçinin yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün də güzəştli limitsiz gediş kartları tətbiq olunsun;

5. Pulsuz limitsiz sərnişindaşıma və ya güzəştli limitsiz sərnişindaşıma metro xidmətinə də aid edilsin; Xidmət göstərən qurumun öz xərclərini qarşılamaq və gəlir əldə etməsindən ötrü, yeni tarifin ödənilməyən hissəsi dövlət vəsaiti hesabına maliyyələşdirilsin;

6. Müntəzəm, sabit, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidməti həyata keçirmək üçün marşrut xətlərində orta və iri tutumlu avtobusların sayı artırılmalıdır. Eyni zamanda Bakı şəhəri və Abşeron rayonunu əhatə edəcək metro stansiyalarının və ümumiyyətlə, optimal vaxt intervalı tətbiq etməklə, xəttə buraxılan vaqonların sayı da çoxaldılmalıdır;

7. Abşeron yarımadasında yerləşən kəndlərdən Bakıya istiqamətlənən sərnişinlərin xərclərini (bir gediş 80 qəpik – 1 manat) azaltmaq üçün, bu daşımanı həyata keçirən özəl nəqliyyat şirkətlərinin əldə etdiyi proqnozlaşdırılan gəlirin 50 faizini, qoy dövlət qarşılasın. Məsələn, dövlət bu xəttə xidmət göstərən özəl nəqliyyat şirkətlərinə, istisna hal kimi, yanacağı güzəştli qiymətlərlə də sata bilər.

8. Vətəndaşlara tamamilə pulsuz, yaxud güzəştli əsaslarda xidmət göstərəcək özəl nəqliyyat şirkətlərinin qarajında olan nəqliyyat vasitələrinin (orta və iri tutumlu avtobuslar) hər cür texniki baxımı, ehtiyat hissələri və amortizasiya xərclərinin bir hissəsini dövlət öz üzərinə götürsün;

9. Özəl nəqliyyat şirkətlərinin xəttə daha çox yeni, müasir və keyfiyyətli avtobuslar buraxmasından ötrü, onların qarajlarını genişləndirməsi məqsədilə dövlətdən uzunmüddətli güzəştli kreditlər almasına şərait yaradılmalıdır.

10. Abşeronda və Bakıda əhali sayının durmadan artdığını nəzərə alsaq, bununla əlaqədar olaraq, yüklənən şəhərin daxili ictimai nəqliyyatını müasir standartlarda, müntəzəm, keyfiyyətli və təhlükəsiz formada təşkil etmək xeyli müşkül olmağa başladığından, təklif edirik ki, Bakının ümumi yol-nəqliyyat xətlərinin (ən ucqar nöqtələr belə nəzərə alınmalıdır) vəziyyəti təhlil edilməklə, şəhərimizdə ekoloji cəhətdən daha təmiz və daha az xərc tutumlu elektriklə işləyən müasir son model tramvay sərnişindaşıma xidməti bərpa edilsin. Bu planda qardaş Türkiyənin ən önəmli meqapolisi İstanbulda artıq xeyli müddətdir işə salınan metrobus xidməti yaxşı örnək hesab oluna bilər”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button