Dünya

Türkiyədə valyuta böhranı – “Ərdoğan hakimiyyəti ən çətin dövrünü yaşayır”

“Azərbaycan kimi anti-demokratik ölkələrdə seçici iradəsi həlledici rol oynamadığına görə iqtidarın və müxalifətin on illər boyu dəyişməməsi anlaşılandır. Amma Türkiyə kimi demokratik seçki institutlarının işlədiyi cəmiyyətlərdə bu məsələ fərqli psixoloji-siyasi nəticələr doğurur”.

Bunu siyasi ekspert Nəsimi Məmmədli “Toplum TV”-yə Türkiyədə lirənin dollar qarşısında rekord səviyyədə ucuzlaşmasının səbəblərindən danışarkən deyib.

Noyabrın 18-də Türkiyə Mərkəzi Bankı (TMB) lirənin rekord səviyyədə aşağı düşməsinə və oktyabrda illik inflyasiyanın 19,9% olmasına baxmayaraq, uçot dərəcəsini 1% azaldaraq 15%-dək endirdi.

Faiz qərarı açıqlandığı zaman dollar 10,55 lirəyə bərabər idi. Bir neçə dəqiqə sonra lirənin dollara qarşı məzənnəsi 10,80 lirəyədək azaldı. Daha sonra isə lirənin dollara qarşı məzənnəsi yenə azalaraq yeni antirekord səviyyəyə endi. Hazırda 1 dollar 11.15 lirəyə mübadilə olunur.

TMB-nin uçot dərəcəsini endirməsindən sonra türk milli valyutasının kəskin ucuzlaşması beynəlxalq mətbuatın gündəmini zəbt edib. Türkiyədə “valyuta böhranı” olduğunu bildirən beynəlxalq maliyyə mediası pisləşən iqtisadiyyatın Ərdoğanın siyasi nüfuzuna zərbə vurduğunu bildirib.

Ərdoğan hakimiyyəti ən çətin dövrünü yaşayır

Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Elman Fəttah deyir ki, bu, Ərdoğan hökumətinin üzləşdiyi ilk çətinlik deyil: “O, 20 illik iqtidarı dövründə bir çox çətinliklər yaşayıb və hamısından qələbə ilə çıxa bilib. Ancaq indi düşdüyü vəziyyət birbaşa iqtisadi böhranla bağlıdır. Bu baxımdan Ərdoğan hakimiyyətinin ən çətin dövrünü yaşadığını deyə bilərik. Türkiyənin siyasət tarixinə baxsaq, türk seçicisinin iqtisadi böhranları heç bir iqtidara bağışlamadığını açıqca görə bilərik. AKP iqtidarının da istisna olacağını düşünmürəm”.

Elman Fəttah

N.Məmmədli isə söyləyir ki, Türkiyə cəmiyyəti yeni sima axtarışındadır: “Cəmiyyət eyni siyasi simaları çox görəndə, psixoloji olaraq yorulur. Nə qədər müsbət iş görülsə də, yeni simalar axtarır. İqtisadi problemlərin də əlavə olunması ilə Ərdoğanın reytinqinin öncəki illərlə müqayisədə aşağı enməsi diqqət çəkir. Türkiyə müxalifətinin də eyni problemi var. Onlar da nə yeni simalar, nə də yeni yanaşmalar ortaya qoya bilirlər. Türkiyə cəmiyyətində hələ də Ərdoğanla rəqabət apara biləcək lider yoxdur. Ana müxalifətin ideoloji-siyasi xətti 25-30 faizlik həddi keçə bilmir”.

Türkiyədə erkən parlament seçkiləri keçirilə bilərmi?

Lirənin kəskin ucuzlaşması fonunda Türkiyənin müxalifət liderləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və İYİ Partiya sədri Meral Akşener birgə görüş keçiriblər. Görüşdən sonra açıqlama verən Kılıçdaroğlu hökumətdən lirənin dəyərdən düşməsi ilə bağlı məntiqli açıqlama gözlədiyini bildirib. Kılıçdaroğlu Ərdoğana “İdarə edə bilmirsənsə, ölkəni seçkiyə apar” – deyə səslənib.

Meral Akşener də “Bəsdir!” deməklə erkən seçki tələbi irəli sürüb: “Ölkəni seçkilərə aparıb bu rəzaləti dərhal dayandırmalıyıq”.

E.Fəttah Türkiyədə erkən parlament seçkilərinin keçirilməsi ehtimalından danışarkən deyir ki, bu, nəzəri baxımdan mümkün olsa da, praktiki baxımdan mümkün görünmür: “Müxalifətin erkən seçki təyin etmək üçün əlində yetərli hüquqi və siyasi instrumentləri yoxdur. Üstəlik, hökumət hazırda yaxın dövr üçün yeni iqtisadi proqram üzərində işləyir. Hesab edir ki, seçkilərə qədər olan bir il yarım ərzində iqtisadi vəziyyəti stabilləşdirə və seçkiləri qazana bilər. Digər tərəfdən, lirənin digər valyutalar qarşısında hər gün dəyər itirməsi, inflyasiyanın tüğyan etməsi müxalifəti də sanki eyforiyaya sürükləyir. Ərdoğan hakimiyyətinin son dövrlərini yaşamasına olan inanc sanki müxalifətin öz işini sistemli qurmasına yox, ətalətə meyilləndirib”.

N.Məmmədli isə hesab edir ki, Türkiyə müxalifətinin iqtidara qarşı strategiyası yalnız fürsətlərdən yararlanmaq üzərində qurulub:

“Cəmiyyətin diqqətini çəkəcək, iqtidarı dəyişə biləcək siyasi-ideoloji platforma ortaya qoyulmayıb. AKP-yə müxalif qüvvələrin israrlı tələbi və istəyi ilə Türkiyədə dəfələrlə növbədənkənar seçkilər keçirilib. Nəticədə onların hamısından Ərdoğan iqtidarı daha da güclənərək çıxıb. Sosial-iqtisadi vəziyyətin pisləşməsi təbii ki, siyasi fəallığa səbəb olur və iqtidar üçün əlavə basqı yaradır. Lakin Türkiyədə seçicinin iradəsinə təsir edən həlledici amil lirənin ucuzlaşması və sosial-iqtisadi məsələlər deyil, daha çox milli-ideoloji amillər və xarici təzyiqlər üzərində qurulan təbliğatdır. Ölkədəki neqativləri, sosial çətinlikləri xarici təzyiqlərin nəticəsi kimi qəbul edən seçici iqtidara qarşı çıxmır. Ən əsası isə Türkiyə prezidentli respublikadır. Orada hətta nəzəri baxımdan yeni parlamentin seçilməsi hökumətin yenidən təşkilinə səbəb olmayacaq. Belə bəyanatların Ərdoğan iqtidarına siyasi basqı yaradacağını zənn etmirəm”.

Nəsimi Məmmədli – VOA

 

Türkiyədə lirənin aşağı düşməsində xarici siyasətin təsiri

E.Fəttahın sözlərinə görə, valyutanın aşağı düşməsində xarici siyasətdəki səhvlərin də təsiri var: “Lirənin dollar qarşısındakı ilk kəskin dəyər itirməsi məhz Türkiyə-ABŞ münasibətlərinin gərgin olduğu 2020-ci ilin yazına təsadüf edir. Ümumiyyətlə, Türkiyənin xarici siyasəti daha sıx iqtisadi münasibətlərdə olduğu Qərblə qarşıdurmaya yuvarlanıb ki, bu da bir çox ölkələrin Türkiyə ilə münasibətlərinin soyumasına, nəticə etibarilə iqtisadi əlaqələrin və Türkiyənin ixracının zəifləməsinə səbəb olub. Ancaq unutmamalıyıq ki, Türkiyənin indi yaşadığı iqtisadi çətinliklərin əsas faktorlarından biri də pandemiya səbəbindən qlobal iqtisadi tənəzzülün təsirləridir”.

“Dolların dəyər qazanması yalnız Türkiyədə deyil, bütün dünyada gedən iqtisadi prosesdir”, – N. Məmmədli belə deyir. Onun fikrincə, Türkiyənin hazırkı iqtisadi durumunu yanlız xarici siyasətdəki hansısa səhvlərlə əlaqələndirmək doğru olmaz:

“Dünyanın əksər ölkələrində pandemiyanın doğurduğu iqtisadi problemlər var. Lirənin dəyər itirməsində bir sıra xarici və daxili psixoloji amillərin də rolu istisna deyil. Məncə, Türkiyə bu mərhələni ciddi siyasi itkilər olmadan keçə biləcək”.

Türkiyə milli valyutasının dəyər itirməsinin iqtisadi səbəbləri

İqtisadçı ekspert Rəşad Həsənov Türkiyədə lirənin ucuzlaşmasına təsir göstərən iqtisadi amillərdən danışarkən deyir ki, valyutanın məzənnəsi ilə bağlı hansısa risk ortaya çıxanda, bazarda valyutaya təlabat azalsın deyə sərt pul kredit siyasəti həyata keçirməyə ehtiyac yaranır: “Ancaq indi Türkiyədə bunun tam əksi müşahidə olunur”.

Rəşad Həsənov – Açıq mənbələrdən götürülüb

R.Həsənovun sözlərinə görə, Türkiyədə lirənin aşağı düşməsi təkcə iqtisadi amillərlə deyil, həm də institutsional siyasətlə əlaqəlidir: “Hökumət faktiki olaraq  2018-ci ildən sonra ölkədəki siyasi idarəetmə modelini dəyişdirib və Türkiyə hazırda prezident respublikasıdır. Eyni zamanda güc bölgüsü prinsipinə əməl olunmayıb. Xüsusilə də maliyyə bazarına təsir göstərə biləcək Türkiyə Mərkəzi Bankının müstəqilliyi demək olar ki, aradan qalxıb. Hazırda Türkiyə Prezidenti hesab edir ki, inflyasiyanı yaradan faizlərdir, onun zənnincə, uçot dərəcəsi aşağı salınarsa, inflyasiyanın qarşısını almaq mümkün olacaq. Ancaq o, nəzərə almır ki, faktiki olaraq uçot dərəcənin aşağı salınması milli valyutanın ucuzlaşmasına gətirib çıxarır. O, eyni zamanda idxal olunan bütün növ mal və xidmətlərin qiymətini artırmaqla əslində inflyasiyanı daha da sürətləndirir”.

Türkiyə milli valyutasının ucuzlaşmasının Azərbaycana mümkün təsirləri barədə danışarkən R. Həsənov bildirir ki, Azərbaycan Mərkəzi Bankının bu məsələ ilə bağlı heç bir dəqiq qiymətləndirməsi yoxdur. Bununla belə o, əlavə edir ki, dünya bazarında lirə nə qədər dəyər qazanacaqsa, Azərbaycan da o qədər dəyər qazanacaq. “Çünki bizdə sabit ölçü meyarı dollardır”, – deyə iqtisadçı ekspert fikrini yekunlaşdırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button