Türkiyədə seçkilər təxirə salınmayacaq
Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident və parlament seçkiləri təxirə salınmayacaq.
Jamaz.info xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mustafa Elitaş məlumat verib.
“Parlament fevralın 6-dan etibarən 21 günlük fasilə verib. Bütün millət vəkillərimiz zəlzələ bölgəsində olmaq istədi. Buna görə də Türkiyə Böyük Millət Məclisinin işi fevralın 28-nə qədər dayandırıldı. Sabah parlamentin plenar iclası öz işinə başlayır”, – deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Zəlzələdən sonra seçkilərin təxirə salınacağı ilə bağlı fikirlər yayılıb.