Dünya

Soyuq müharibənin ən təhlükəli casusu 21 il sonra azadlığa çıxdı

ABŞ-da Soyuq müharibənin ən təhlükəli casuslardan hesab edilən Ana Montes azadlığa çıxdı. O, 17 il ərzində Kubaya ABŞ kəşfiyyatının məxfi məlumatlarını ötürüb.
Ana Montes – Soyuq müharibə dövründə ən təhlükəli casuslardan biri hesab edilən amerikalı ABŞ-da azadlığa çıxdı. O, 17 ilini ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsində işləyərkən Kuba hakimiyyətinə məxfi məlumatları ötürməyə sərf edib. Montes 2001-ci ildə həbs edilib. O, 21 ilini Texas ştatının ağır rejimli həbsxanasında keçirib.
Onun hekayəsini “The Washington Post” qəzetinə onun haqqında kitab yazan jurnalist Cim Popkin danışıb.
“Ana Montes, yəqin ki, insanların çoxunun eşitmədiyi ən təhlükəli casusdur və bu, sadəcə zamanın kaprizidir. Ana 11 Sentyabr 2001-dən dərhal sonra həbs olundu və cinayətlərinin miqyasına baxmayaraq, bütün diqqətlərin terror hadisəsinə yönəldiyindən onun işi gözdən qaçdı. Lakin o, bir çox səbəblərə görə çox, çox vacib bir casusdur”, – Jim Popkin bildirib.
Ana Montes 17 ilə yaxın uğurlu casus olub, ABŞ kəşfiyyatının çox məxfi məlumatlarını Kuba hakimiyyətinə ötürüb. Xüsusilə, onun Kubada Mərkəzi Kəşfiyyat İdarəsinin dörd agentinin ifşa etməyə kömək etdiyi güman edilir. Bundan sonra həmin agentlərin başına nə gəldiyi məlum deyil, çünki bizim “qəhrəmanın” işinin bir çox hissəsi hələ də məxfidir.
Montes ABŞ-ın Kuba, Çin, Rusiya və İran haqqında məlumat toplamaq üçün hazırladığı “Misti” kod adı altında fəaliyyət göstərən gizli peyk sistemini aşkar edib. Cim Popkin bütün təfərrüatları bilmədiyini etiraf edir, lakin o, Kubanın casusdan əldə etdiyi məlumatları Rusiya ilə paylaşdığını düşünür.
Jurnalist qeyd edir ki, Ana Montes maddi maraqlara söykənən motivlərlə hərəkət etməyib. Onun sözlərinə görə, işlədiyi müddətdə o, xərclər üçün Kuba hakimiyyətindən cəmi bir neçə min dollar alıb. Ehtimal olunur ki, Montesin Kuba üçün işləməyə qərar verməsinin əsas səbəblərindən biri onun prezident Ronald Reyqanın Mərkəzi Amerikada yeritdiyi siyasətlə kəskin şəkildə razılaşmaması olub, ABŞ Nikaraquada vətəndaş müharibəsində iştirak edən sağçı Contras qrupunu dəstəkləyib.
Ana Montes 1970-ci illərdə Virciniya Universitetinə daxil olub, ilk ilini Madriddə keçirib və orada radikal tələbələrin əhatəsinə düşüb. Daha sonra Con Hopkins Universitetində aspiranturaya daxil olub və burada da həmfikir insanlar tapıb.
Sonra onu Kuba kəşfiyyatında işləyən tələbə Marta Velaskes görüb. Montesi casusluğa cəlb edib və onunla birlikdə digər ölkələr vasitəsilə Havanaya gedib. Onlar yol boyu Madrid və Praqada Kuba nümayəndələri ilə görüşüblər. Havanada Montes xüsusi təlim keçib, bundan sonra kubalıların köməyi ilə ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat şöbəsində işə düzələ bilib.
ABŞ prezidenti kiçik Corc Buş dövründə əks-kəşfiyyatın rəhbəri olmuş Mişel Van Kliv 2012-ci ildə bunları deyib:
“Montes Kuba və Kubada necə fəaliyyət göstərdiyimiz haqqında bildiyimiz demək olar ki, hər şeyi ifşa edib. Kubalılar bizim onlar haqqında bildiyimiz hər şeyi yaxşı bilirdilər və bundan öz xeyrlərinə istifadə edə bilərdilər. Bundan əlavə, Montes həmkarları ilə söhbətlərində Kubadakı vəziyyətin qiymətləndirilməsinə təsir etmək imkanı əldə edib”.
Cim Popkinin sözlərinə görə, Ana Montes qısadalğalı ötürücülər vasitəsilə tapşırıqlar alıb və məlumatları isə şəxsi görüşlər zamanı ötürüb. Eyni zamanda, jurnalist qeyd edir ki, o, son dərəcə ehtiyatlı olub – o, heç vaxt iş yerindən sənədləri çıxarmayıb, bütün vacib məlumatları yaddaşda saxlayıb. FTB-də işləyən dörd nəfər yaxın qohumu belə onun Kuba casusu ola biləcəyindən şübhələnməyib.
ABŞ kəşfiyyat xidmətlərinin Montesin casusluq fəaliyyətini dəqiq nə vaxt öyrəndiyi dəqiq məlum deyil. Ondan ilk olaraq Milli Təhlükəsizlik Agentliyi (NSA) şübhələnib, agentliyin əməkdaşları Kuba radio yayımlarını tutublar və Montesə ünvanlanmış mesajın bir hissəsini deşifrə edə biliblər Agentlik məlumatı FTB-yə ötürüb, sonuncu da iki ildən artıq araşdırma aparıb, lakin nəticə əldə edə bilməyib. Mesajı deşifrə edən NSA əməkdaşı daha sonra birbaşa Müdafiə Kəşfiyyat Agentliyinə müraciət edib və burada “köstəbək ovçusu” Ckott Karmaykl işi öz üzərinə götürüb.
Ana Montes 2001-ci ilin sentyabrında, 11 sentyabr hücumlarından on gün sonra saxlanılıb. O, Kubaya casusluqda ittiham olunub. O, günahını etiraf edib və 2002-ci ilin oktyabrında 25 il həbs cəzası alıb.
Montes 21 il üç ay həbsdən sonra 2023-cü il yanvarın 6-da azadlığa buraxılıb. O, yaxşı davranışına görə erkən buraxılıb. Cim Popkinin sözlərinə görə, indi fevralda 66 yaşı tamam olacaq Ana Montes qohumlarının yaşadığı Puerto Rikoya getmək niyyətindədir.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button