Dünya

Putinin taleyi Ukraynada həll olunur

Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Baş Qərargah rəisi Valeri Gerasimovu Qoşun Qruplaşmaları Birliyinin komandiri təyin edib. Gerasimov bu vəzifədə Kosmik Hava Qüvvələrinin Baş komandanı Sergey Surovikini əvəzləyib.

Surovikin Qoşun Qruplaşmaları Birliyinə ötən il oktyabrın 8-də təyin edilmişdi. Rusiya müdafiə nazirinin əmri ilə indi o, Gerasimovun müavini vəzifəsini icra edəcək.

Rusiya Müdafiə Nazirliyi yerdəyişmələri xüsusi hərbi əməliyyat çərçivəsində “həll olunmalı vəzifələrin miqyasının artması” ilə izah edib.

Jamaz.info Modern.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərlinin fikrincə, Baş Qərargah rəisi Valeri Gerasimovun hərbi əməliyyatlara rəhbər təyin edilməsi onu göstərir ki, prezident Vladimir Putin həm özünün şəxsi taleyinin, həm də Rusiyanın qlobal geosiyasətdə böyük dövlət kimi qalıb-qalmayacağı məsələsinin Ukraynada həll olunduğunu yaxşı anlayır.

“Hərbi əməliyyatlara görə məsuliyyət bilavasitə bir saylı hərbçinin üzərinə qoyulur. Amma Gerasimov Baş Qərargah rəisi olaraq indiyədək əməliyyatların planlaşdırılması və icrasında onsuz da əsas rol oynayan səlahiyyətli şəxslərdən biri idi. Yeni vəzifənin bu baxımdan hansı keyfiyyət dəyişikliklərinə səbəb olacağı aydın deyil.

İstənilən halda, məlum olan budur ki, 2023-cü ildə müharibə daha da şiddətlənəcək. Ukraynanın bu il 1991-ci il sərhədlərinə çıxıb-çıxmayacağını deyə bilmərəm, amma növbəti böyük hərbi uğurlarına şahid olacağımıza şübhəm yoxdur”, – deyə siyasi şərhçi vurğulayıb.

O həmçinin xatırladıb ki, 80 il sonra alman tankları yenidən Ukrayna steplərində görünəcək – bu dəfə xeyirxah məqsədlə…

“Polşanın qərarı ilə Ukraynaya “Leopard” tanklarının verilməsinin yolu açılmış oldu. Bu tanka sahib olan Finlandiya, İspaniya kimi ölkələrin də prosesə töhfə verəcəkləri gözlənilir. Ukraynanı alman tankları ilə təchiz edəcək bu koalisiyanın lideri isə təbii ki, istehsalçı ölkənin özü – Almaniya olmalıdır.

Proses yalnız Almaniya hökumətinin qərarı və koordinasiyası ilə baş tuta bilər. Ondan icazəsiz hər hansı ölkə alman texnologiyasını başqa bir ölkəyə verə bilməz. Ukrayna ordusunun lazımi sayda “Leopard” və ehtiyat hissələri ilə təchiz olunmasında əsas rolu məhz Almaniya oynamalıdır. Bu barədə yanvarın 20-də növbəti “Ramştayn toplantısı”nda müvafiq qərarın veriləcəyi ehtimal edilir. Öz növbəsində Böyük Britaniyanın Ukraynaya “Challenger 2″ tankları göndərəcəyi gözlənilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button