Dünya

İran dronlarını Rusiyaya bu yolla çatdırır: Xəzərdə üzən sirli gəmilər

İran Rusiyaya yardımı Xəzər dənizi vasitəsilə çatdırır.

Jamaz.info publika.az-a istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibə üçün İrandan aldığı “Şahid” dronlarının, minaatanların və digər silahların əksəriyyətinin Xəzər dənizi vasitəsilə çatdırıldığı ehtimal edilir. Bu barədə CNN məlumat yayıb.

Yük daşımaları haqqında məlumatlar göstərir ki, Xəzərdəki yük gəmiləri getdikcə öz transponderlərini (adətən aktiv olan avtomatik identifikasiya sistemini) söndürür və bu, onların məxfilik üçün səbəbləri olduğunu göstərir.

Belə ki, “Lloyd’s List Intelligence”-in məlumatına görə, sentyabr ayından etibarən Xəzər dənizində, hərəkəti haqqında məlumatları gizlədən gəmilərin sayı xeyli artıb. Əsasən bunlar Rusiya və İran bayraqları ilə üzən gəmilərdir. Onların arasında texniki xüsusiyyətlərinə görə hərbi yüklərin daşınması üçün yararlı olan çoxlu gəmilər var.

CNN həmçinin “Flightradar24” məlumatlarını təhlil edərək müəyyənləşdirib ki, 2022-ci ilin mayından 2023-cü ilin martına qədər İran yük təyyarələri Rusiyaya ən azı 85 uçuş həyata keçirib.

Analitiklərin fikrincə, iranlı “Şahid”lərin bir qismini Rusiyaya təyyarə ilə gətirmək mümkün olsa da, dəniz yolu bir anda daha çox yük daşımağa imkan verdiyi üçün daha sərfəlidir.

Xatırladaq ki, mayın ortalarında Ağ Ev, İranın Ukraynaya qarşı müharibə üçün Rusiyaya hücum pilotsuz təyyarələri verməkdə davam etdiyini bildirmişdi.

Rəsmi Tehran 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı işğaldan əvvəl Rusiyaya kamikadze pilotsuz uçan aparatların yalnız kiçik partiyasını təqdim etdiyini bildirsə də, media dəfələrlə Moskvanın İrandan silahları necə əldə etdiyini dəqiqliklə təsvir edib.

Ukrayna tərəfinin hesablamalarına görə, Rusiya ümumilikdə 2400 “Şahid-136” pilotsuz uçan aparatı sifariş edib və artıq onun 400-dən çoxunu istifadə edib.

Məlumata görə, həmin PUA-lar Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button