Dünya

İmran Xan azadlığa buraxılmasa… – Pakistanı nə gözləyir?

Ötən günlərdə Pakistanın sabiq baş naziri İmran Xan İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb.

İnsident nəticəsində yüzlərlə şəxsin həbs edildiyi bildirilib. Məlumata görə, gecə saatlarından başlayan toqquşmalarda bir nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb.

Pakistanın Ali Məhkəməsi ölkədə davam edən kütləvi etirazlardan sonra keçmiş Baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib. Bu gün isə yenidən məhkəmədə onun zaminə buraxılması məsələsinə baxılacaq.

İmran Xan niyə həbs olunub? O, azadlığa çıxa biləcəkmi?

Jamaz.info xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a politoloq Fikrət Sadıqov bildirib ki, İmran Xan Baş nazir olarkən daxili və xarici siyasətdə Pakistanın maraqlarına uyğun addımlar atıb.

“İmran Xanın həbs olunması onu göstərdi ki, onun tərəfdarları həddindən artıq çoxdur. Yəni o, kifayət qədər populyar siyasətçidir. İmran Xan Baş nazir postunda olanda da, ölkəsinin maraqları uğrunda mühüm addımlar atıb. Məhz bu səbəblərə görə, onu dəstəkləyən xalq nümayəndələri etiraz edərək, azadlığa buraxılmasını tələb edir”, – deyə o söyləyib.

F.Sadıqov vurğulayıb ki, İmran Xanın tərəfdarları məhkəmədə onun xeyrinə qərar qəbul edilməsi üçün əlindən gələni edəcək:

“İmran Xanın əslində hansı səbəbə görə həbs olunmasını deyə bilmərəm. Bütün bu hadisələr ola bilsin ki, müəyyən qruplar arasında olan siyasi çaxnaşmanın nəticəsidir. İndiki hakimiyyət İmran Xanı güc vasitəsilə kənərlaşdırır. Amma vəziyyət bundan sonra da gərgin olacaq. Çünki aksiyalar hələ davam edir və bu da onu göstərir ki, İmran Xanın tərəfdarları öz niyyətlərinə çatmasalar da, məhkəmənin ədalətli qərar çıxarması üçün əllərindən gələni edəcəklər. Hazırkı hakimiyyətin üsyanları nəzərə alaraq İmran Xanı azad edəcəyini indidən söyləmək çətindir. Lakin əgər etirazlar kütləvi xarakter daşısa, xalqın parlaq nümayəndələri tələblərini irəli sürsələr, hakimiyyət müəyyən güzəştlərə gedə bilər”.

Politoloq Qabil Hüseynli isə söyləyib ki, Pakistan hakimiyyəti subyektiv qərarlarla İmran Xanı həbs edib:

“Bəzi xəbər portallarında məlumatlar yayılır ki, İmran Xan artıq azadlığa buraxılıb. Onun tərəfdarlarının getdikcə artan etiraz mitinqləri, çıxışları yəqin ki, hökuməti yenidən düşünməyə vadar edib. Açığı, İmran Xanın həbsə düşməsi üçün ciddi əsasların olduğunu düşünmürəm. İmran Xanın hansısa cinayət törətdiyinə inanmıram”.

“Zənnimcə, indiki hakimiyyət bu qərarı subyektiv səbəblərlə verib. Çünki İmran Xan xalq tərəfindən sayılıb-seçilən və böyük elektoral bazaya sahib olan liderdir. Əgər İmran Xan azad olunmasa, etirazlar geniş vüsət alacaq. Bunun səbəbi də tərəfdarlarının ona sadiq olmasıdır”, – deyə politoloq əlavə edib.

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button