Cəmiyyət

Zərdüşt Əlizadə: “Ter-Petrosyan düz deyir, amma gec deyir”

“Petrosyan əvvəl deyirdi ki, Qarabağ Ermənistanındır. Güc biz tərəfdədir, qarşılıqlı güzəştə getmək lazımdır, amma indi fərqli şey deyir. Burnu əziləndən sonra daha radikal, sırtıq Koçaryan tərəfindən kənara itələndikdən sonra ağlı başına gəlib”.  Bunu politoloq Zərdüşt Əlizadə Ermənistanın ilk prezidenti  Levon Ter-Petrosyanın çıxışını “Toplum TV”-yə şərh edərkən belə deyib.

O bildirib ki, Ermənistan müxalifəti artıq reallıqla barışıb və müharibədəki məğlubiyyət onları belə açıqlamalar vermək məcburiyyətində qoyub.

Z. Əlizadənin hesab edir ki, Petrosyan bu fikirləri düz, amma gec deyir: “İş işdən keçəndən sonra belə bir addım atdı. İkincisi, cəmiyyət rasional xeyri anlamır. Əksəriyyət reallığı qəbul etmir, elə naxoşlayıb, elə azarlayıblar ki, dönüb öz xeyrinə olan məsləhətləri qəbul etmək istəmirlər. Bu da seçkidə qüvvələr nisbətini daha radikal olanların xeyrinə dəyişir. Hətta Petrosyanın partiyasının parlamentə düşmə ehtimalı çox aşağıdır”.

Onun fikrincə, Ermənistan cəmiyyətinin Azərbaycan və Türkiyə ilə barışığa getməsi mümkündür: “Vaxtilə amansızcasına bir-birini qıran Rusiya ilə Almaniya indi çox xoş münasibət qurublar. Fransızlar almanlara, almanlar da fransızları nifrət edirdilər, amma indi yaxın müttəfiqdirlər. Zaman istənilən xəstəliyin dərmanıdır”.

Siyasi şərhci hesab edir ki, Azərbaycan və Türkiyənin də dostluq münasibəti qurmağa marağı var: “Kim istəməz ki, qonşusu ilə mehriban olsun. 2900-dan çox gəncimiz həlak olub. Nə qədər analar, atalar qəm-qüssəyə, kədərə qərq oldu. Əlbəttə, biz də istəyərik ki, barışıq olsun”.

Z.Əlizadə deyir ki, Petrosyanı Don Kixot adlandırmaq olmaz: “Əgər o Don Kixot olsaydı, iki dəfə prezident seçilməzdi. O, indi çarəsizlikdən belə edir. Vaxtilə o da elə məhz Qarabağ hərakatında öndə gedənlərdən biri və Qarabağı qopartmaq istəyən müharibə tərəfdarı biri idi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button