Cəmiyyət

“İsgəndər-M”: Rusiyanın qlobal başağrısı

Mirzə Rəşad Bakuvi
Bəyan etməliyik ki, Azərbaycana atılan raketlər, sabah başqa dövlətə də atıla bilər və bundan kimsə sığortalanmayıb…
Biraz öncə xəbər aldıq ki, Rusiya dövlət rəhbərliyi onlardan beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş “İsgəndər-M” raket komplekslərinin qalıqlarının Azərbaycanın suveren ərazilərində aşkarlanması məsələsi barədə tələb olunan izahatla bağlı açıqlama verib. Əgər buna açıqlama demək mümkündürsə. “Rusiya Silahlı Qüvvələrində Qarabağda “İsgəndər-M” raket kompleksinin aşkarlanması məsələsi müzakirə olunur”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Başqa da heç nə deməyib. Axı nə desin? Sözmü qalıb deməklik?! Məncə, müzakirə olunası, ciddi izahat tələb olunası bir hal yoxdur. Kor-kor, gör-gör, hər şey gün kimi aydındır. Bəllidir ki, Azərbaycan da bu işdə öz oyununu qurub, vaxt udmağa çalışır, rəsmi Moskvanı təzyiq altında saxlamağa cəhd edir, nəyinsə izindədir. Ruslar, hətta qalxıb desələr də ki, hə, hərbi hissədən oğurlanaraq satılıb bu raket kompleksləri və s., bunun özü də bir rəzillikdir dünyaya təhlükəsizlik zəmanəti verməyə cəhd edən Rusiya kimi bir ölkə üçün!

Bu, anbarlarında minlərlə kütləvi qırğın silahları, atom bombası, nüvə başlıqları, kimyəvi bombaları olan Rusiya dövlətini məsuliyyətdən azad etmir, edə də bilməz.

Belə bir ölkənin anbarlarından raketlərin oğurlanaraq satıldığını etiraf etməsi dünyanın güc mərkəzlərini də Rusiya barədə bir neçə dəfə düşünməyə vadar edən naqolay bir vəziyyətdir, ciddi sıxıntıdır, beynəlxalq miqyasda bir skandaldır.
Bu, daha bir faktı dünya üçün aydın edir ki, Rusiya istənilən vaxt müxtəlif maxinasiyalarla bundan da təhlükəli nüvə başlıqlarını, kimyəvi modifikasiyalı bombaları və başqa qadağan olunmuş raket komplekslərini də təsiri altında olan müxtəlif terror təşkilatlarına və qanunsuz hərbi dəstələrə “ötürə” yaxud “oğurlatdıra” bilər. Bu isə, qlobal təhlükəsizliyə qarşı yeni təhdid üçün əməlli başlı təptəzə bir presedentdir! Sırf bu mövzu ciddi araşdırılsa və nəticələr üzə çıxsa aydın olacaq ki, Rusiya Federasiyası dünyadakı ümumi təhlükəsizlik məsələləri baxımından bütün beynəlxalq konvensiyaları pozub və bu mənada artıq legitimliyini itirmiş, qlobal miqyasda etibarsız bir dövlətə çevrilib.
Ona görə də, “İsgəndər-M” raket kompleksinin oğurlanaraq bəlli olmayan qruplara satıldığını etiraf etmək, bir sözlə, Rusiya üçün fəlakətdir və altından çıxılması qəliz görünən müxtəlif siyasi nəticələr doğurur. Axı sən bu dünyada tək deyilsən və bu qədər də özbaşına ola bilməzsən. Rusiya haqqında boş-boş, yersiz hürküdücü, mənasız hegemoniya mifi yaratmaq və ondan qorxmaq lazım deyil. Mütərəqqi dünya hansısa ciddi qlobal səbəblər üzündən yol verdiyi qədər Rusiya hegemon görünə bilər yalnız, bundan artığını bacara bilməz rəsmi Kreml, bu, hər kəsə aydın olmalıdır. Əgər qırmızı xətlər kobudcasına keçilirsə, bu, arıtq bir dövləti idarə edən siyasi qüvvənin şəxsi təşəbbüskarlığı kimi qiymətləndirilir və bütöv xaqlı ya dövləti bu siyasi gücün girovuna, ziyan gətirən əməllərinin qurbanına çevirməsinə imkan verməmək üçün, bütün dünya bir araya gəlməli, problemi yox etməlidir.
Rusiya istehsalı olan, onun hərbi hissələrindəki anbarlarında saxlanılan qadağan olunmuş raketlərin qalıqları necəsə olub, müstəqil dövlət kimi dünyanın bir parçası olan Azərbaycanın suveren ərazisində partlamış vəziyyətdə aşkarlanıb və bu faktı gizlətmək artıq qeyri-mümkündür! Putin administrasiyası ya dövləti idarə edə bilmir, ya da idarə etmir. Məhz elə buna görə də Rusiya hərbi sistemində olan korrupsiyayaya, rüşvətə qurşanma halları və idarəetmədəki boşluqlar bu şimal ölkəsini çökdürməkdədir. Necə yəni, qadağan olunmuş operativ taktiki raket kompleksi oğurlanaraq satılıb? Belə nəzarətsizlik olar? Özü də harda? Çekist, casuslar ölkəsi Rusiyada. Putinin qəfil ölüm xəbərinə inanaram, ancaq buna əsla yox! Özü də bir ədəd yox, üç ədəd!
Şübhəsiz, biz bu ipin ucundan bərk yapışıb məsələni müvafiq beynəlxalq araşdırma mərhələsinə qaldırmalıyıq, daha sonra qadağan olunmuş raketlərin müstəqil dövlət olan Azərbaycana atılması faktına beynəlxalq hüquq müstəvisində qiymət verilməsini tələb etməliyik.. Özü də dərhal!! Bildirməliyik ki, bu gün Azərbaycanın başına gətirilənlərdən başqa dövlətlər sığortalanmayıb, hər an bu tip silahlar qanunsuz hərbi çetelərin əlinə keçə və hansısa başqa ölkədə kütləvi qırğınlara səbəb ola bilərlər, çünki ortada real presedent yaranıb. “İsgəndər-M” raketlərinin istehsalçısı da bəllidir, mənşəyinin hansı ölkəyə aid olduğu da bilinir və harada saxlanıldığı da təkzibolunmaz bir faktdır. Geriyə qalır, milli mənafelərimizi əsas tutub dövlət səviyyəsində prosesə başlamaq, iş görmək…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button