Cəmiyyət

Qiyas İbrahimov aclığı dayandırdı

Həbsdə olan ictimai fəal Qiyas İbrahimov aclığı dayandırıb.
Jamaz.info Meydan TV-yə istinadən xəbər verir ki, bu barədə onun anası Şura Əmiraslanova məlumat verib.
Bildirilib ki, Şura Əmiraslanova iyunun 26-da inzibati həbs olunanların saxlandığı təcridxanada Qiyas İbrahimovla görüşüb.
Anasının sözlərinə görə, onun durumu normaldır.
Qeyd edilib ki, həbs olunandan sonra üç gün sudan və qidadan imtina edərək quru aclıq aksiyası keçirən Qiyas İbrahimovun vəziyyəti iyunun 25-də məhkəməyə gətirilərkən pisləşib. Huşunu itirən ictimai fəalın vəziyyəti Təcili Tibbi Yardımın həkimlərinin müdaxiləsindən sonra nisbətən düzəlib.
Qiyas İbrahimov iyunun 22-də polisə müqavimət ittihamıyla 30 günlük inzibati həbs olunub. İyunun 24-də internetdə qadağan olunmuş informasiyanın yayılması ittihamıyla onun haqqında daha bir inzibati həbs qərarı çıxarılıb. Ümumilikdə onun həbs müddəti 32 günə qədər artırılıb. İkinci həbs qərarında “yayılması qadağan olunan informasiya” kimi, onun “Facebook” hesabında yazdığı status göstərilib. Həmin status yazılandan az sonra Qiyas İbrahimov polisə müqavimət ittihamıyla həbs olunub. O, həbsdə ola-ola ikinci dəfə məhkəmə keçirilib.
İctimai fəalın anası Şura Əmiraslanova bildirib ki, status yazılandan sonra evlərinə polislər gəlib, Qiyas İbrahimovdan paylaşımını silməyi tələb ediblər. Lakin oğlu silməkdən imtina edib. Bundan sonra Qiyas İbrahimovu götürüb polis bölməsinə, oradan da məhkəməyə aparıb, haqqında 30 günlük həbs qərarı alıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button