Cəmiyyət

Qarabağ qazisi: Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi veriləndə bütün ordu…

General-mayor Polad Həşimovu tanımaq, onunla çiyin-çiyinə xidmət etmək bütün hərbçilər üçün böyük fəxr idi. O insan hamımıza nümunə idi. Sadəliyinə, dürüstlüyünə görə hər kəs özünü xaraktercə general Həşimova bənzətməyə çalışırdı.

Jamaz.info xəbər verir ki, bu sözləri Publika.az-a Milli Qəhrəman, Silahlı Qüvvələrin general-mayoru Polad Həşimovla bağlı təəssüratlarını bölüşən Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Tariyel Didarov deyib.

Keçmiş zabit (ehtiyatda olan mayor) Tariyel Didarov Milli Qəhrəmanımızın rəhbərliyi altında hərbi xidmət keçdiyini fərəhlə qeyd edib:

“Mən Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında həm 1-ci, həm də 3-cü Ordu Korpusunda hərbi xidmət keçmişəm. General-mayor Polad Həşimov elə yüksək insani keyfiyyətlərə sahib idi ki, onu gizir-zabit heyəti, həmçinin əsgərlər çox sevirdi. Hərbi qulluqçular ona çəkinmədən öz çətinliklərini, istəklərini, təkliflərini söyləyə bilirdilər. General Polad Həşimov çox səbrli insan idi, hər kəsi sona qədər dinləyir, hamının fikrinə hörmətlə yanaşırdı. Cəsur və qorxmaz komandirimiz bütün səngərləri ayaqla gəzər, döyüş mövqelərində əsgərlərlə yemək yeyib-çay içər, onların təhlükəsizliyinin daha möhkəm təmin olunması üçün müvafiq tövsiyələr, göstərişlər verərdi.

Mərhum Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi veriləndə bütün ordu sevincindən yerə-göyə sığmırdı. Çünki Milli Qəhrəmanımız o rütbəyə vətəninə şərəfli xidməti və xalqına sədaqətilə yüksəlmişdi”.

Qarabağ qazisi T.Didarov onu da vurğulayıb ki, general Polad Həşimov zabitlərin biliklərini təkmilləşdirməsi, hərbi bacarıqlarını artırması üçün əlindən gələni heç vaxt əsirgəməyib.

Xatırlatma: Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi Polad İsrayıl oğlu Həşimovun Tovuz döyüşləri zamanı şəhid olmasından 3 il ötür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button