Cəmiyyət

Qərb Minsk Qrupunu aktivləşdirmək istəyir: Rusiya geri çəkiləcəkmi?

İyunun 8-də Fransa, Almaniya və Rusiya xarici işlər nazirləri telefonla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, 10 noyabr sazişinin müddəalarının icrası məsələlərini müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin bununla bağlı məlumatında bildirilir ki, müzakirədə Qarabağdakı atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb. Sergey Lavrov beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulmasının yalnız rəsmi Bakı və Yerevanın icazəsi ilə mümkün ola biləcəyini bildirib. 

İyunun 7-də isə Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsini Avropa Şurasının rəhbəri Şarl Mişellə müzakirə edib. Onlar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020, 11 yanvar 2021-ci il tarixli bəyanatları və Qarabağdakı mövcud vəziyyət barədə danışıblar, “Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib” (“Report”).

Yadigar Sadıqlı deyir ki, bu, onların nə qədər israrlı olacaqlarından asılıdır: “Hələ ki Ukrayna, Krım məsələsi həm ABŞ, həm də Avropa üçün daha prioritet məsələ kimi görünür, əsas səylərini o istiqamətə yönəldirlər. Düşünürəm ki, prosesin Rusiyanın inhisarından çıxması Azərbaycanın da xeyrinədir və rəsmi Bakı buna çalışmalıdır”.

Qarabağ məsələsində Rusiyanın dominant mövqedə olduğunu vurğulayan Y.Sadıqlı hesab edir ki, Putin bu statusdan digər həmsədrlərin xeyrinə imtina etməyə hazırlaşmır və üzdə nə deməsindən asılı olmayaraq onları prosesdən bacardıqca uzaq saxlamağa çalışacaq: “Bu isə o deməkdir ki, problem hələ bir müddət həll olmamış qalacaq, çünki onun həlli Rusiyanın maraqlarına uyğun deyil. Qarabağ Rusiya üçün hər iki Cənubi Qafqaz dövlətinə qarşı ən güclü silahdır, problemin həlli isə bu rıçağın itirilməsi deməkdir”.

Politoloq Elxan Şahinoğlu Minsk Qrupunun prosesə qoşulmasını həm ABŞ-ın, həm Avropanın, həm də Rusiyanın istədiyini bildirir. Onun qənaətincə, həmsədrlər yenə də regiona gəlib-getmək istəyirlər, amma bunun artıq Azərbaycan üçün heç bir əhəmiyyəti qalmayıb. “Əgər status məzəsələsi müzakirə olunacaqsa, bu bizim maraqlarımıza uyğun deyil. Çünki Minsk Qrupu BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini 30 il təmin etmədi. İndi bizə nə təklif edəcəklər? Bu istiqamətdə Azərbaycana müəyyən təzyiqlər ola bilər, amma bu bizi status məsələsini müzakirə etməyə vadar edə bilməz. Ümumiyyətlə, ara-sıra telefon danışıqları, görüşlər keçiriləcək, amma elə də böyük təsiri olacağını düşünmürəm”.

Elxan Şahinoğlu – Sosial Media

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Minsk Qrupunu prosesə qatmaq istəyi Putinin Türkiyəni bölgədə sıxışdırmaq arzusundan qaynaqlanır. Ancaq o həm də bu fikirdədir ki, Rusiya prezidenti Fransa və ABŞ-ın fəallaşmasının əleyhinədir.
“Putin həmsədr institutunun Rusiyanın təsiri altında fəaliyyət göstərməsini istəyir. Fransa və ABŞ-ın buna razılıq verib-verməyəcəyi isə sual altındadır. Amma həmsədrlik məsələsi  arxada qaldı. Əlbəttə, biz Minsk Qrupundan tamamilə imtina etməyəcəyik, əks halda təzyiqlərlə üzləşə bilərik. Amma bu səfərlərin və açıqlamaların heç bir faydası olmayacaq”. Milli Məclisin deputatı Zahid Oruc belə deyir.

O düşünür ki, Rusiya Qərbin Qafqazda aktiv mövqeyini heç vaxt həzm etməsə də, 1990-cı illərdəki zəif mövqeyi səbəbindən faktla barışmalı olub: “O vaxt Moskvanın gücü çatsaydı,  Fransa və ABŞ-ın burada mandat əldə etməsinə, proseslərdə iştirakına razı olmazdı. İndi isə Putin 1990-cı illərdən daha fərqli bir mövqe ortaya qoyub. O, tamamilə Ermənistanın mövqeyindən çıxış etmədiyini və Qafqazda balanslı siyasət seçdiyini göstərməyə çalışır. Yəni bölgə dövlətlərinə elə münasibət sərgiləyir ki, onlar Gürcüstan kimi NATO üzvlüyünə üstünlük verməsin, eyni zamanda, Ermənistandakı kimi xarici siyasət xaosu da yaşanmasın”.

Deputat hesab edir ki, Rusiya regiona nə yeni sülhməramlıların gəlişini, nə də Minsk Qrupunun dirçəlişini məqbul sayır: “Bakı-Ankara-İrəvan-Moskva arasında aparılacaq danışıqlar regionun dizaynının formalaşmasında aparıcı rol oynayacaq. Türkiyə və Rusiya arasında anlaşmazlıqlar olduğu təqdirdə isə Qərb qüvvələri ustalıqla bundan faydalanmağa çalışacaqlar”.
Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq və yerli təşəbbüsləri yalançı cəhdlər hesab edir: “Konkret hadisələrə reaksiya vermək lazımdır. Azərbaycan ərazisində minalar basdırılır, partladılır və jurnalistər dinc fəaliyyətlərini həyata keçirərkən həlak olurlar. Azərbaycan hökumətinin bu məsələdəki mövqeyi və beynəlxalq birliklərlə işi adekvat deyil. Eyni zamanda, beynəlxalq aləmin də proseslərə reaksiyası ədalətli deyil. Bütün hallarda problemin qəti həllindən söhbət gedə bilməz və indiki məqamda hansısa nəticədən danışmaq sadəlövhlük olar”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button