Cəmiyyət

Hamımız cüt görürük!

İlqar Kamil 
Tibbdə beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınması halı var, adına diplopiya deyilir. Həkimlər deyir, iki gözlə ayrı-ayrı baxıldığında tək görmə olduğu halda, iki gözlə baxılanda cüt görmə varsa, nevroloji bir pozulma olduğu düşünülməlidir.
Cüt görmənin əsas səbəbi göz siniri xəstəlikləridir. Əlbəttə, göz əzələlərini cəlb edən narahatlıqlardan da cüt görmə yarana bilir və sair və ilaxır.
Doktor İlahi Qomşei iddia edir ki, (bu onun ana təlimlərindəndir) bizim mənəvi gözümüzün də diplopiya xəstəliyi var və bizim bütün problemlərimizin kökündə məhz bu dayanır.
“La ilahə illəllah” təkcə o demək deyil ki, Allahdan başqa İlah yoxdur.
Allahdan başqa ruzi verən də yoxdur, dost da yoxdur, güc də yoxdur, qüdrət də yoxdur…
Yoxdur, başa düşürsünüz?
Şair demiş, gördüklərimiz hamısı rəngdir, diplopiya halıdır. Alim də, Müəllim də, Şafi də yalnız və məhz Odur!
Ana Kitabda keçən ən məşhur ayələrdən biri (çoxumuz onu əzbər bilirik) ayətəl-kürsidir. Ayətəl-kürsiyə əsasən mömin əvvəl kafir olmalıdır. Nəyə? Taguta! Tagut nədir – Allahın qarşısında dayanan Allahdan qeyrisi!
Məsələ aydındı?
Allahdan qeyrisinə kafir olmaq imanın şərtidir, əzizim, yəni diplopiya (-cüt görmə) xəstəlikdir.
Həkimə gedirsən get, getməlisən də. Lakin bil ki, şəfanı verən Allahdır.
Ruzi dalınca gedirsən, buyur, hətta qaça da bilərsən. Fəqət yadında olsun ki, ruzini yetirən Allahdır.
Ehtiyat igidin yaraşığıdır, şübhəsiz, amma zehninin bir guşəsində olsun: ən təhlükəsiz sığınacaq Allaha təvəkkül etmək, kürəyini Ona dayamaqdır.
Keçən dəfə yazmışdım axı, təqva Allahdan qorxmaq deyil, yalnız (!) Allahdan qorxmaqdır.
Sözümü dəyərli bir şəxsiyyətin yaşamasını israrla istədiyim əvəzsiz bir minacatıyla bitirirəm:
İlahi, “yaradan ata-anandır, doyuran çörəkdir, qoruyan qolundakı gücdür, qüvvətdir, sağaldan dərmandır, qazandıran zəhmətdir, arxanda dayanan dostdur” -deyə qəlbimə vəsvəsə edən və məni buna inandıran şeytandan Sənə sığınıram.
Yəni diplopiya xəstəliyindən sağalmaq istəyirəm.
Şair necə deyirdi,
Gözüm ağrıyır,
mənə görməmək üçün eynək yaz, doktor.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button