Cəmiyyət

Hacı Şahinin tərəfdarlarına çağırış

“Məşədi Dadaş” məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin feysbuk hesabı vasitəsilə dindarlara çağırış edilib.

Jamaz.info-nun xəbərinə görə, mərhum ilahiyyatçının tərəfdarlarına ünvanlanan müraciətdə deyilir:

“Çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları mərhumun elmi-mənəvi irsinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək. Məşədi Dadaş məscidinə yeni təyinatla bağlı olaraq, məsciddəki tədbirlərin işıqlandırılması bizə aid deyil”.

Qeyd edək ki, Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilib. Yeni təyinat dindarlar tərəfindən birmənalı qarşılanmayıb. Deputat Ceyhun Məmmədov Əli Şərbətovun təyinatına etirazını bildirib.

“Mən yeni təyin olunan şəxsi, yəni Əli Şərbətovu yaxından tanıyıram və onun fəaliyyəti ilə şəxsən tanışam. O, yaxşı ilahiyyatçı və din xadimidir. Amma fikrimcə, həmin məscidə daha fəal, dini cəmiyyətdə daha çox tanınmış və insanlarla kommunikasiya fəaliyyəti güclü olan şəxsin təyin olunması məqsədəuyğun olardı. Hesab edirəm ki, Əli Şərbətovun oraya təyin olunması doğru qərar deyil. Məşədi Dadaş məscidi bizim ən önəmli, insanların ən çox toplaşdığı məscidlərimizdən biridir”, – deputat dünən saytımıza açıqlamasında deyib.

Xatırladaq ki, bundan əvvəl “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib. Yeni təyinatdan sonra Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidindən ayrılması barədə xəbərlər yayılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button