Cəmiyyət

Cəmil Həsənli: “Qışqırdı ki, “professor, zamolçi”, biz də düşündük, hansımıza deyir…”(Müsahibə)

Bir gün Azər bəy “Günay, bir mövzu var, çox yaxşı mövzudur, çox da aktualdır, bununla bağlı bir müsahibə edərsənmi”, soruşdu. Düşünmədən, “hə” dedim. Nə olacaqdı, müsahibə idi, uzaqbaşı telefonla beş-altı sual verib, cavab alacaqdım. Azər bəylə sualları müzakirə etmək istəyəndə dedi, yox, sən bu müsahibəni bu şəxslərdən biri ilə həm də üzbəüz etməlisən.
“Alınarmı?” dedi.
Yenə düşünmədən, “hə”, dedim.
Dedim, deməyinə… Amma ürəyimdə “Günay, necə?” dedim. Azər bəyin adını çəkdikləri şəxslərlə müsahibəyə getmək üçün sən şir ürəyi yeməlisən düşündüm. Amma özümü də qorxaq göstərmədim.
Araya zaman girdi, amma nə mövzu unuduldu, nə də müsahibə. Nəhayət bir gün zəng etdim professor Cəmil Həsənliyə. Onunla müsahibə etmək istədiyimi söylədim. O tərəfdən gələn həlim səs məni bir az rahatlatdı, qorxularımı yendi.
Burada bir haşiyə çıxım, deyəcəksiniz, nə qorxu, burada axı nə var? Burada inamın, güvənmək istəyinin bir qorxusu, məsuliyyəti, təlaşı var idi.
Azər bəyə Cəmil müəllimlə danışdığımı, müsahibəyə gedəcəyimi dedim. “Nə vaxt” – soruşdu. Cavab verə bilmədim. Çünki zəng etsəm də, müsahibəni qeyri-müəyyən bir vaxta saxlamışdım.
O da israrla, vaxtını danış, tezləşdir, dedi. Cəmil müəllimə zəng edib vaxtı danışdıq.
Müsahibəyə iş yoldaşlarımdan biri ilə gedəcəkdik, Azər bəy eşitdi və “tək getməlisən, indi tək getməsən, heç vaxt gedə bilməyəcəksən, sualları da bloknota yazmağı unutma” dedi.
Bir az həyəcan, bir az qorxu, bir az da qarışıq duyğularla yola düşüb, vədələşdiyimiz yerə çatdım. Yollar gözlədiyimdən də artıq tıxac idi, gecikirdim. Cəmil müəllimin buna verəcəyi reaksiya da məni çox həyəcanlandırırdı. Müəyyənləşdirdiyimiz yerə çatdım və zəng etdim. “Buradayam” dedi. Görüşdük. Cəmil Həsənlini görəndə bir az toxtadım.
Əyləşdik. Əvvəldən həyəcanlı olduğumu, başıma gələn macəraları da nəql etdim Cəmil müəllimə.
Nə olar-olmaz deyib, iki telefon aparmışdım özümlə. İkisini də yoxladım, qoşdum və başladıq.
Bir az elmdən, bir az həyatdan, bir az dünyadan danışdıq Cəmil müəllimlə.
Cəmil müəllim danışırdı, o danışdıqca düşünürdüm, necə sadə insandı, axı mən niyə bu müsahibəni bu qədər gecikdirmişəm, deyə öz-özümü danlayırdım da.
Çünki Cəmil müəllim elə danışırdı ki, sanki bir yolun başında olan jurnalistlə yox, onu tanıyan, bilən tanışı ilə söhbət edirdi.
Hətta şəkil çəkdirməyi sevməyən mən qeyri-ixtiyari “Cəmil müəllim, şəkil çəkdirə bilərikmi” deyə soruşdum.
Deyim ki, müsahibənin ilk başında həyəcanımı yenməsəm də, artıq sonradan zamanın necə keçdiyini unutmuşdum.
Müsahibəm beləcə başlamışdı.
Beləliklə, Qaynarinfo Cəmil Həsənli ilə müsahibəni təqdim edir:
“Hər yeni nazir gələndə cəmiyyətdə bir ümid yaranır ki, təhsil düzələcək. Amma görürsən ki, düzəlmir”
– Cəmil müəllim, bu gün Elm və Təhsil Nazirliyində rəhbər vəzifələrdə işləyən şəxslərin əksəriyyəti gəncdir. Onların sırasında tanınmış alim, tanınmış elm adamı, müəyyən ixtiraları olan şəxslər, demək olar, yoxdur. Bütün bunlar nədən irəli gəlir, niyə Elm və Təhsil Nazirliyinin əsas kadrları xüsusi çəkili elm adamlardan ibarət deyil?
– Bu, tək bizim nazirliklə bağlı deyil. Dünyada bir tendesiya gedir. Bu da texnokratların idarəçiliyə cəlb edilməsidir. Bizim beynəlxalq münasibətlərdə tez-tez xatırladığımız  Çörçil, Şarl de Qol, Stalin, Adenauer və digərləri artıq yoxdur. Onların çoxunu texnokratlar əvəz edib. Bu da dünyadakı tendensiya ilə bağlıdır. Məsələn, bu gün çox adam üçün maraqlı deyil Böyük Britaniyanın baş naziri kimdir, halbuki bütün dünya Teççeri tanıyır. Yaxud insnları maraqlandırmır Almaniyada kansler kimdir. Halbuki bütün dünya Adenaueri tanıyırdı. Fransa deyəndə yada düşən birinci adam Şarl de Qol, Fransua Metteran olurdu. Ümumiyyətlə, bu tendensiya Azərbaycana da gəlib çıxdı və bu gün həmin o gənclər vəzifələrə gətirilir və müxtəlif nazirliklərə, dövlət orqanlarına rəhbərlik edirlər. Hesab eləyirəm ki, bu, normal tendensiyadır. Yəni, burada belə qeyri-adi bir şey yoxdur. Məsələn, həmin nazirlikdə mənim bir neçə tələbəm çalışır. Onlar vaxtilə çox istedadlı tələbələr olub, yaxşı xarici dil bazaları, yaxşı dünyagörüşləri var idi. Daha sonra xaricdə təhsil aldılar və indi nazirlikdə işləyirlər. Amma nazirliyin problemi ona tanınmış və yaxud da tanınmamış adamın rəhbərlik etməsində deyil, bütövlükdə sistemin, təhsilin problemidir. Hər yeni nazir gələndə cəmiyyətdə bir ümid yaranır ki, təhsil düzələcək. Amma görürsən ki, düzəlmir. Məsələn, biz sovet dövründə həmişə şikayət edirdik ki, sovet ideologiyası qoymur bizim dilimizi inkişaf etdirməyə, tariximizi tədris eləməyə. Amma sovet getdi, müstəqil olduq, məlum oldu ki, bizim Azərbaycan dilli məktəblərdə şagirdlərimizin yarıya qədəri ana dilindən qeyri-kafi qiymət alır. Bir neçə il əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55,85 faizi ana dili fənni üzrə “2”, “2,5” və “3” qiyməti alıb. 11-ci siniflər üzrə bu göstərici 45.67 faiz olub. İndi ki başımızın üzərində kimsə yoxdur. Bu məlumat elan olunan kimi təcili hökumət kabineti toplanıb bu dəhşətli mənzərəni müzakirə etməli idi. Amma olmadı, sanki belə dəhşətli göstəricilər Mozambikdə olmuşdu. Bizim öz müəllimlərimizdi, öz məktəblərimizdi, müstəqilik, başımızın üzərində kimsə yoxdur. Niyə belə olmalıdır? Yaxud eyni məlumatda riyaziyyatdan 9-11-ci siniflərin buraxılış imtahanlarının nəticələri fəlakətli həddə idi. Bilirsiniz, təhsil cəmiyyətin bir hissəsi, özəyidir. Cəmiyyətdə harmonik inkişaf, islahatlar olmasa, azadlıq olmasa, təhsil düzəlməyəcək, dəyişməyəcək.
“Şagird sinifdə gözünün qarşısında həm qadın, həm də kişi müəllimi görməlidir…”
Mən uzun müddət həm Milli Məclisdə Təhsil Komissiyasının, həm də Prezident yanında Təhsil Komissiyasının üzvü olmuşam. Təhsilin mərkəzinin siması müəllimdir. Sən məktəbin divarlarını qızıldan edib, onu ən dəbdəbəli bina edə bilərsən. Amma o məktəbin içərisində dərs deyən müəllimin təminatı olmasa, azadlığı olmasa, normal əmək haqqı olmasa, heç nəyə nail olmaq mümkün deyil. Ona görə də ilk növbədə təhsilə normal vəsait ayırmaq lazımdır, təhsil müəssisələrinə azadlıq vermək lazımdır. Söhbət tək müəllimlərdən getmir, şagird və tələbələrdən gedir. Bilirsiniz, rüşvət verən tələbə, rüşvət verən şagird gələcəkdə rüşvət alması üçün alt yapı hazırlayır və bu, zəncirvari gedir. Akademik, pedoqoji azadlıqlar olmalıdır. Müəllimə, professora, dosentə normal əmək haqqı vermək, verilən vəsaitin orta məktəbdə şagirdlərin, ali məktəbdə tələbələrin biliyinə çevrilməsinə effektli nəzarət mexanizmi tətbiq edilməlidir. Elə məktəblər var ki, illərdir bir yetirməsi belə ali məktəblərə daxil olmur. Siz özünüz kiçik bir jurnalist araşdırması aparsanız, görəcəksiniz ki, son 15-20 ildə kütləvi şəkildə kişi müəllimlər təhsildən gedir. Bakının məktəblərində hardasa 70-80 faiz qadın müəllimlər işləyir. Mən bunun cinsiyyət fərqini qabartmaq istəmirəm. Amma orta məktəb belədir ki, şagird gözünün qarşısında, sinifdə həm qadın, həm də kişi müəllimi görməlidir. Çünki hərəsindən götürüləsi ayrı-ayrı şeylər var.
“Bu kadrların da böyük bir hissəsi proteksiya, rüşvətlə diplom aldılar, rüşvətlə məktəblərdə işə düzəldilər və nəticə də göz qabağındadır”
– Kişi müəllimlər niyə getdi? 
– Çünki ona verilən əmək haqqı ailəni dolandırmağa kifayət etmir. Ona görə də müəllimlik ailə büdcəsində yardımçı peşəyə çevrildi və bu da ciddi problemdir. Digər tərəfdən, xeyli yeni yaradılan pedaqoji məktəblərin məzunları, ikiillik kursların məzunları məktəblərə gəldilər. Əvvəllər, Qori Seminariyası, onun Qazax filialı, Bakıda Mirzə Ələkbər Sabir adına Pedaqoji texnikum, Azərbaycan Pedaqoji İnstitutu var idi ki,  bilavasitə müəllim kadrları hazırlayırdı. Sonra 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində hər rayon özü üçün pedoqoji texnikum, litsey açdı. İbtidai siniflər üçün müəllim kadrları hazırlamağa başladı. Bu kadrların da böyük bir hissəsi normal təhsil görmədilər, proteksiya, rüşvətlə diplom aldılar, rüşvətlə məktəblərdə işə düzəldilər və nəticə də göz qabağındadır. Onların bilikləri, təcrübəsi, bacarığı sinfə girmək üçün yetərli deyildi. Mən həmişə müəllimlikdən danışanda meyar kimi Qori Seminariyasının məzunlarını göstərirəm. Çünki o müəllimlər həyatlarını məktəblərdə uşaqların təlim-tərbiyəsi yolunda şam kimi yandırdılar. Həmin nəsil gedəndən sonra bir az dediyim texnikum və pedaqoji institutlar bu səviyyəni saxlaya bildilər. Amma indi müəllimlik yardımçı peşəyə çevrilib.
“Müəllimlər arasında sertifikasiya keçirmək onları alçaltmaqdır”
– Hazırda bütün ölkədə orta məktəb müəllimləri mərhələli şəkildə sertifikasiya imtahanı verir. Müəyyən yaşa gəlmiş, illərlə müəllimlik təcrübəsi olan müəllimlərin imtahan edilməsinə, daha sonra bu nəticələrin ifşaedici şəkildə açıqlanmasına Cəmil müəllimin münasibəti necədir?
– Əvvəla, müəllimlərin 65 yaşdan pensiyaya göndərilməsi doğru deyil. Əgər müəllim fiziki cəhətdən sağlamdırsa, püxtələşdiyi dövrdə niyə məcburi qaydada pensiyaya göndərilməlidir? Sertifikasiya məsələsi də natamamdır. Ali məktəblər də, orta məktəblər də eyni nazirliyə baxır. Diplom verilib məktəblərdə işə qəbul olunan müəllimlər aldıqları diploma uyğun olmalıdır. Müəllimlər arasında sertifikasiya keçirmək onları alçaltmaqdır. Ona görə keyfiyyət gərək kökündən yaxşılaşdırılsın. O təhsil müəssisələri ki, pedoqoji kadrlar hazırlayır, onlarda təhsilin keyfiyəti yaxşılaşdırılmalıdır, adamlar naəlaclıqdan müəllim işləməməlidir, arzu və həvəslə bu işə girişməldir. Mən həmişə öz müəllimlərimi xatırlayıram. Onlar sinifdə necə fədakarlıq edirdilər! O biri tərədən də indi verilən donluğa heç kəs özünü sinifdə şam kimi əritmək istəmir. Əslində, müəllimlərə çox sağ ol demək lazımdır ki, bu əmək haqqına işləyirlər, işə gəlirlər. Bizim müəllimlərin maaşı bizi əhatə edən ölkələrin hamısından – Rusiya, Qazaxstan, Gürcüstan, Türkiyə, Ermənistan və İrandan xeyli, bəzən iki dəfə aşağıdır. Sertifikasiya cəzalandırma metodudur.
“Rəhbərliyində alim olmayan nazirlik bu qədər elmi institutu necə idarə edəcək?”
Dövlətin verdiyi diplom özünü doğrultmursa, bu barədə ciddi fikirləşmək lazımdır. Sertifikasiyada bəzən müəllimin göstəriciləri aşağı olur, ancaq bu aşağı göstəricilərlə o 15-20 il dərs keçib. Bəs 20 ilin nəticəsi necə olacaq? O biri tərəfdən akademiyanın bölünməsi ilə Təhsil Nazirliyində ikinci problem yarandı. Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi oldu. Vaxtilə bizdə təhsilə üç nazirlik baxırdı. Maarif Nazirliyi, Ali və Orta İxtisas Nazirliyi, Peşə məktəbləri Komitəsi. İndi üç nazirliyin baxdığı sahə verilib bir nazirliyə, üstəgəl akademiyanın da yarısını veriblər ora. Ümumiyyətlə, akademiyanın sahə institutlarının nazirlikdə necə yerləşdiriləcəyi, necə idarə ediləcəyi anlaşılan deyil. Məsələn, siz dediyiniz kimi, nazirliyin rəhbər heyətində bir nəfər də olsun tanınmış alim yoxdur. Rəhbərliyində alim olmayan nazirlik bu qədər elmi institutu necə idarə edəcək? Məsələn, bu gün dəqiq elmlər, texniki elmlər hamısı verilib nazirliyin tərkibinə. Hesab edirəm ki, bu, hansısa hisslərin təsiri altında qəbul edilmiş səhv addım idi. Ona görə də icra mexanizmi yoxdur, qərarı gercəkləşdirə bilmirlər.
“Bu ənənə Ramiz Mehdiyevdə pozuldu”
Ümumiyyətlə, akademiya ona görə akademiya olur ki, o, dəqiq elmlər üzərində qurulur. Bizim akademiya, alman və Rusiya Akademiyası nümunəsi üzərində qurulub. Burda Lomonosovdan başlayaraq, hələ elə hal olmayıb ki, humanitar sahədən kimsə akademiyaya rəhbərlik etmiş olsun. Həmişə riyaziyyatçılar, kimyaçılar, fiziklər prezident olub. Bu ənənə Ramiz Mehdiyevdə pozuldu. Akademiyanı ayıranda, humanitar sahələrdən ibarət bir akademiya düzəldəndə, o artıq akademiya olmur, olur filantropik cəmiyyət. Bəzən bizim alimlər gedib Nyu York Akademiyasından bir sertifikat alıb, deyirlər ki, biz oranın üzvüyük, əslində isə istənilən biri üzvlük haqqını ödəsə, Nyu York akademiyanın üzvü ola bilər. Sadəcə olaraq filiontrapik bir təşkilatdı, kim üzvlük haqqını ödəyirsə, həmin akademiyanın üzvü olur və o üzvlük də onun böyük və yaxud kiçik alim olmasına dəlalət eləmir. Amma indi bu qədər, məsələn, sahə institutları, fizika, riyaziyyat institutu, kimya, kimyəvi prosesləri, geologiya kimi ənənəsi olan institutlar akademiyadan ayrıldı. İndiyə qədər əmlak bölgüsü həyata keçirilə bilmir. Rəyasət heyəti əvvəlki tərkibdə qalır, akademik bölmələr və akademik katiblik də öz yerində. Görürsünüz, bu sərəncamdan xeyli müddət keçsə də, bu günə qədər işləmir. Elə həmin akademiyada, Rəyasət Heyəti, həmin vitse prezidentləri, akademik katibləri, bölmələri yerində qalıb. Çünki bu sərəncamın işləmə mexanizmi yoxdur. Məsələn, riyaziyyat üzrə Elmlər Akademiyasının həqiqi üzvü getdi Təhsil Nazirliyinə. O, Elm və Təhsil Nazirliyinin həqiqi üzvü, akademiki olacaq? Ona görə burada xeyli uyğunsuzluq var və mən hesab edirəm ki, icrası faktiki olaraq mümkün olmayan bu sərəncamdan imtina etmək lazımdır. Hansısa vəziyyətin təsiri altında qəbul edilmiş səhv qərardır bu. Səhv addımdan geri çəkilmək işin xeyrinə olardı.
“Sanki uşaqları qladiator döyüşlərinə hazırlayırlar. Ya ölməli, ya da qalib gəlməlidir”
– Diplomu nazirlik verir, onlar bu imtahanları keçirməklə bir az da özlərini təkzib etmiş olmurlarmı?
– Bəli, bir az da o məsələ var. Orta məktəblərdə xüsusilə ibtidai siniflərdə tədrisin keyfiyyətini yüksəltmək lazımdır. Çünki ibtidai sinifdən şikəst olan uşağı sonra dirçəltmək çətin məsələdir. Bünövrə gərək möhkəm qoyulsun ki, o bünövrə üzərində nə isə ucaltmaq mümkün olsun. Bu günlər bizim uşaqlar dəhşətli bir mənzərə ilə qarşılaşır. Sanki uşaqları qladiator döyüşlərinə hazırlayırlar. Ya ölməli, ya da qalib gəlməlidir. Orta məktəb proqramlarını bu qədər ağır eləməyə ehtiyac yoxdur, bizim şagirdlər həm məktəbə, həm də repetitor yanına gedir. Bu, dəhşətli mənzərədir. Şagird, məsələn, 5-6 saat vaxtını məktəbdə keçirir. Deməli, məktəbdə verilən bilik şagirdlər üçün yetərli olmur, repetitorsuz bal toplamaq olmur. Yeri gəlmişkən, bu tək məktəbin az bilik verməsi ilə bağlı deyil, test bankının həddindən artıq ağır olması ilə də bağlıdır.
Sizə həyatımdan maraqlı bi hekayə danışım.
Gəlmişdim Bakıya, Azərbaycan Dövlət Universitetinə imtahan verməyə. Ədəbiyyat yazılı imtahanında iki abituriyent yanaşı oturmuşduq. Yanımda oturan şəhər uşağı idi. Gördüm ki, mövzular lövhədə yazılandan sonra bu uşaq ora-burasını qurdalayıb balaca kağızlar çıxartdı. Bundan soruşdum ki, bu nədir? Dedi ki, “şparqalka”dı. Fikirləşdim ki, görünür, çox vacib şeymiş, mənim bundan xəbərim olmayıb. Sonra həyat elə dəyişdi ki, artıq şəhərdə də, kənddə də təhsil “şparqalka” üzərində quruldu. Ona görə də indi uşaq məktəbə gedib 5-6 saat vaxtın orada keçirirsə, normal təhsil almalıdır. O vaxt orada gedir, şagird məktəbdən çıxandan sonra da seçdiyi ixtisas üzrə üç, dörd, beş müəllim yanına qaçır. Axı bu şagird yazıqdı, fiziki cəhətdən əldən düşür. Yəni hər bir uşağın yaş xüsusiyyətinə görə beyninin qavrama qabiliyyəti var, amma biz uşaqların beynini onun qəbul edəcəyindən çox yükləyirik. Repetitorluq elədir ki, valideynlər uşaqlarına daha yaxşı, daha çox bilik vermək istəyir və bunun üçün pul ödəyir. Bu mütərəqqidi. Amma məktəb var. Məktəb niyə bu funksiyanı yerinə yetirmir? Niyə məktəb bu vəziyyətə düşdü ki, uşaqlar biliyi məktəbdən yox, repetitordan alır. Eyni zamanda da, məsələn, uzun müddət indiki Elm və Təhsil Nazirliyi ilə indiki Dövlət İmtahan Mərkəzi arasında bir problem var idi. Dövlət İmtahan Mərkəzi həmişə sübut etməyə çalışırdı ki, Təhsil Nazirliyi yaxşı işləmir, göstəricilər aşağıdır. Bunun bədəlini də yeniyetmə abituriyentlər ödəyirdi. Test bankını o qədər ağır eləməyə ehtiyac yoxdur. Yəni test suallarını tərtib edən müəlimlərin qarşısında sanki bir vəzifə qoyulurdu ki, uşağı necə dolaşdırsınlar. Mən dəfələrlə xarici universitetlərdə professorlarla söhbət etmişəm. Onlar deyirlər ki, sizdən gəlib, bizdə birinci kursda oxuyan gənclərin ümumi dünyagörüşü, savadı, riyaziyyatdan, fizikadan, kimyadan, bizim ikinci kurslardan üstündür. Yəni biz ali məktəbdə keçiriləcək proqramı vaxtından əvvəl keçirik və şagirdlər isə vaxtından əvvəl yüklənir. Bu da ciddi problemdir. Ona görə də bu məsələdə də bir qayda yaratmaq lazımdır.
“Bunlar hər il keçid balını aşağı salmaqla, savadsızlığı stimullaşdırır”
– Cəmil müəllim, Dövlət İmtahan Mərkəzi ilə nazirliyi birləşdirmək olarmı?
– Olar. Amma şagirdi yetişdirənlə, onun biliyini yoxlayanların bir müəssisədə birləşməsinin əlavə problemləri də var. Orada problem nədir? Orada da çalışırlar, göstəriciləri yüksək göstərsinlər, şişirdilmiş qiymətlər versinlər, nəticələr nazirliyin xeyrinə uyğunlaşdırılsın. Bu kimi məsələlər var. Amma məqsəd daha yaxşı təhsil vermək, daha yaxşıları seçmək uğrunda olmalıdır, fərqi yoxdur, birlikdə olsun, ya ayrı. Məsələn, biz baxırıq testin ilk illərdəki nəticələri ilə sonrakı nəticələr arasındakı fərqinə. Niyə keçid balı ildən-ilə aşağı düşür? Məsələn, vaxtı ilə keçid balı neçə idi, indi neçədir? Bu, ümumi səviyyənin aşağı düşməsidir, yəni universitet boş qalmasın deyibən keçid balını aşağı salmağın nə mənası var? Universitet tələbəsi olmağa intellektual potensialı çatmayan gənci gətirib niyə tələbə edirsən? Universitetin hansısa fakültəsində üç qrup oxumasın, iki qrup oxusun. Amma bunlar hər il keçid balını aşağı salmaqla, savadsızlığı stimullaşdırır. Şagirddə bir əminlik yaranır ki, 200 balı keçsəm, ali məktəbə qəbul olacağam. Keçid balı imtahanların nəticələrindən qabaq müəyyən edilməlidir. Keçid balını hər il dəyişmək yaxşı bir şey deyil, o biri tərəfdən, hələ imtahan başlamamışdan əvvəl müəyyən edilməli, elan verilməlidir ki, aşağı keçid balı humanitar ixtisaslar üzrə budur, təbiət elmləri üzrə budur, dəqiq elmlər üzrə budur. Nəticələrə baxıb keçid balı müəyyənləşdirmək ildən-ilə savadsızlığa doğru yol açır. Digər problemlərdən biri də hələ iyun ayında məktəbi qurtaran uşağın mart ayında imtahan verməsidir. Axı mart ayından sonra da həmin fənn iyun ayına qədər davam edir və sual yaranır: 11-ci sinif şagirdi mart ayında o imtahanı veribsə, niyə imtahandan sonra həmin fənni keçməlidir? Axı mart ayında hələ bəzi fənlər üzrə proqram tamam bitmir, proqramın bir hissəsi qalır və test tərtib edənlər də tam proqram üzrə tərtib edir, bu da şagirdlər üçün əlavə problemdir.
– Bir müddət öncə deyildi ki, dərslər sentyabrın birindən başlayacaq. Ümumiyyətlə, dərslərin iyunun 15-i bitib sntyabrın 15-i başlamasına necə baxırsınız?
– Bu da digər bir ciddi problemdir. Yay tətilinin zamanı çoxdur, şagirdi bu qədər təhsildən kənarda qoymaq olmaz. Mənə indiyə qədər aydın deyil ki, sentyabrın birində dərslərin başlanmasının nə pis cəhəti var idi. Bu bir ənənə idi, üstəgəl, bizim təbiətə, yerli şəraitə uyğun idi, şagirdlərin məktəbdən uzun müddət kənarda qalması təhsil prosesinə ziyan vurur. Dərslərin gec başlaması proqramların sıxlaşdırılmasına, ağırlaşdırılmasına gətirib çıxarır.
“Bunlar çox təsadüfən icra başçısı olmuş adamlardır, intellektual səviyyə aşağıdır”
– Bu gün müəllimlər vaxtlarının çoxunun əlavə işlərə getdiyindən şikayətlənirlər. Deyirlər, əlavə işlər zamanımızı çox alır. Buna münasibətiniz necədir?
– Müəllimləri kağızla yükləmək təhsilə ziyan gətirir. Müəllimlərə bir az sərbəst vaxt vermək lazımdır. Ən başlıcası təhsil azad olmalıdır, humanizm prinsipləri üzərində qurulmalıdır, totalitar ideologiyanın qalıqlarından təmizlənməlidir. Təhsildə azadlıq olmasa, böyük nailiyyətlər əldə eləmək olmaz. Bir müddət əvvəl təhsilin idarə edilməsini nazirlikdən alıb vermişdilər icra başçılarına. Bu, çox zərərli təcrübə idi. Bizim icra başçıları vaxtilə öz sələfləri olan katiblər kimi İctimai Elmlər Akademiyasından çıxmayıblar. Bunlar çox təsadüfən icra başçısı olmuş adamlardır, intellektual səviyyə aşağıdır. Bir dəfə tanıdığım bir iş adamı mənə dedi ki, Cəmil müəllim, Allaha and olsun, 20-yə yaxın icra başçısına stomatoloji stolu kabinet kreslosu kimi satmışam. Maarifi belə adamlara necə etibar etmək olar? O vaxt xeyli adam, mən də narazılıq elədik və o idarəçilik qaytarıldı nazirliyə, bir balaca düzəldi idarəçilik. Amma təhsil, təhsilin düzəlməsi üçün birinci şərt təhsilin azad olmasıdır. Akademik azadlıqlar olmasa, çətin məsələdir.
“Təhsil Nazirliyinə müraciət etdim ki, bizə yaxın orta məktəblərin birində pulsuz, əmək haqqı almadan dərs deməyə hazıram”
– Hər təzə nazir gələndə insanların ondan bir gözləntiləri olur. Sanki düşünürlər, o gəlib nəyisə dəyişəcək. Amma gözləntiləri baş verməyəndə başlayırlar danışamağa. Ümumiyyətlə, biz niyə problemin həllini təkcə bir fərddən, bir nəfərdən gözləyirik? Bu düşüncəmizi niyə dəyişə bilmirik?
– Mən yenə sözümün əvvəlinə qayıdıram. Təhsil cəmiyyətin bir hissəsidir. Digər sahələr yerində olmayanda, təhsil onun içərisindən ayrıca bir gülüstana çevrilməyəcək. Təhsil də ölkədə gedən prosesislərin içindədir, onun bir hissəsidir. Məsələn, müəllimin əməkhaqqı, məktəblərin təminatı, siniflərin kompüterləşdirilməsi, laboratoriyaların təminatı, tarixi, coğrafi-filoloji video materialların istifadəsi, müəllimlərin bir hissəsinin bilik səviyyəsinin aşağı olması ciddi problemlərdir. Universitetdən gedəndən sonra bir dəfə Təhsil Nazirliyinə müraciət etdim ki, bizə yaxın orta məktəblərin birində pulsuz, əmək haqqı almadan dərs deməyə hazıram. Amma qorxudan ona da icazə vermədilər. İdarəçilərin bir hissəsi yerində deyil, icra orqanları tərəfindən məktəblər istismar olunur. Bunlar hamısı var və təəssüf ki, qanun qəbul etməklə təhsil düzələsi deyil. Bizdə belə bir təsəvvür var ki, yaxşı qanun olsa, təhsil düzələr. 1992-ci ildə çox yaxşı bir qanun var idi. Müəllimlərin dərs yükü 24 saatdan 12 saata endirilmişdi, bir okladın da əmək haqqı xeyli artırılmışdı. Müəllimlərə əlavə güzəşt və imtiyazlar verilmişdi. Həcmi böyük olmasa da, uşaq pulu var idi, ailə büdcəsinə əlavə yardım idi. Təhsilin və ya qeyri bir sahənin düzəlib-düzəlməməsi tək nazirdən asılı deyil. Əvvəllər maarif nazirləri var idi – Mehdi Mehdizadə, Mirzə Rəhimov və başqaları. Həyatlarını maarif işinə verdilər. Ondan sonra da kifayət qədər tanınmış adamlar maarif, təhsil naziri oldular. İdeoloji cəhətdən yetərli olmasa da, sistem işləyirdi. Bütövlükdə o sistemdə təhsilin fəaliyyəti, inkişafı gözə görsənirdi. İndi nazir nəyisə dəyişə bilməz. Ona görə bu islahatlar olmasa, islahatlar əməli prosesə çevrilməsə, nəsə etmək çətindir. Təhsilə normal vəsait buraxılmayandan, pedaqoji və akademik azadlıqları təmin etməyəndən sonra lap istəyirsən, Nobel mükafatçısını gətirir təhsil naziri qoy, nə edəcək? Bizim müəllimlər orta məktəbdə 2500-3000 manat alırdı, sonra pul dəyişdi, oldu, 250 manat, 350 manat, 400 manata qədər əmək haqqı alanlar var idi. Məsələn, professor 5000 (500 manat) əmək haqqı alırdı. Cəmiyyətdə təzə kostyumu müəllim geyir, təzə qalstuku müəllim vurub, başına da bir şlyapa qoyurdu. Bu maaş həmin vaxt rayon partiya komitəsinin birinci katibinin əmək haqqından çox idi, bu onun ehtiyaclarını ödəyirdi. Ona görə də müəllim, professor öz işinə münasibətdə məsuliyyətli olurdu ki, mən bu əmək haqqını alıramsa, bunun müqabilində yaxşı dərs deməliyəm. İndi müəllim ailəsini dolandırmaq üçün bir neçə yerdə çalışır. Şübhəsiz ki, onun dediyi dərsin keyfiyyti olmayacaq.
“Nazir dedi ki, ölkədə 300 mindən çox müəllim var, onların maaşını qaldırsaq, qarşısıalınmaz inflyasiya olar”
Bir dəfə Milli Məclisdə büdcə müzakirə olananda maliyyə nazirindən soruşdum ki, müəllimlərə niyə normal əmək haqqı vermirsiniz? Nazir dedi ki, ölkədə 300 mindən çox müəllim var, onların maaşını qaldırsaq, qarşısıalınmaz inflyasiya olar. Bilmirəm, 300 minlik müəllim ordusunu ac saxlamaq hesabına inflyasına önləmək nə qədər uğurlu yoldur? Amma bütün hallarda, ağıllı, işgüzar, maarifə ürəkdən bağlı olan nazirlə kiçik bir şeylər eləmək olar. Bütün hallarda Elm və Təhsil Nazirliyi spesifik sahədir, ora təhsil işinə, pedaqoji işə bələd olan, maarif işini bilən, maarif tarixini bilən, dünyadakı təhsil prosesinə bələd olan adam olsa, nələrisə dəyişə bilər.
– Dünyada ixtiralar var ki, artıq biz onlarsız həyatımızı təsəvvür eləyə bilmirik. Amma biz elə bir azərbaycanlı alimin adını çəkə bilərikmi ki, böyük kəşfin sahibidir? Bu, nədən irəli gəlir? Bizim genetik kodlarımızın zəif olmağına dəlil sayıla bilərmi? Yəqin ki, söhbət dövlətçilikdən də getmir. Məsələn, Ermənistanda da dövlətçilik olmayıb, amma Ambarsumyan kimi alim yetişdirib. 
– Vaxtilə Qori seminariyasında 153 erməni, iki nəfər müsəlman şagird oxuyurdu. Onun kökləri ora bağlıdır. Bilirsiniz, genetik kodla heç kəs fərsiz olmur. Mən həmişə nümunə çəkirəm. Vaxtıyla Neftçala rayonuna bir nəfər rəssamlıqdan başı çıxan müəllim düşüb. Sonra nə qədər istedadlı rəssam çıxıb oradan. Deməli, uşaqlıqdan onlarda istedad olub, bunu hərəkətə gətirmək lazımdır. Məsələn, indi baxırsan, Sakit Məmmədov kimi dünyaca məşhur bir rəssam çıxdı Neftçaladan. İnsanlarınn hamısında istedad var, o istedadı hərəkətə gətirib, isiqamətləndirmək lazımdır.
“Moskva onunla hesablaşırdı, onun rəyini nəzərə almadan hansısa bir elmi problem həll olunmurdu”
– Dediniz, insanların hamsında istedad var. Bəs biz azərbaycanlıların istedadı nəyə, hansı sahəyə meyillidir?
– Nəyə deyəndə ki, istedadı bir istiqamətdə yönəltmək doğru olmaz. Hərənin öz maraq dairəsi var. “Bizdə Sovet dövründə alim az olub” fikri ilə razılaşmıram. Dünyada bu günə qədər istinad edilən Allahverdiyev teoremi var. Bu teorem akademik Cəlal Allahverdiyevlə bağlıdır. Böyük riyaziyyatçı vardı Əşrəf Hüseynov, kristalloqrafiya üzrə Xudu müəllim vardı. Ya məsələn, neft prosesləri üzrə Yusif Məmmədəliyev, Mustuza Nağıyev, Azad Mirzəcanzadə vardı. Riyaziyyat üzrə Mirabbas Qasımov dünyaya çıxmış bir alim idi. SSRİ də neft üzrə müdafiə edənlərin aşağı yuxarı yarısının elmi rəhbəri Azad Mirzəcanzadə olub. Moskva onunla hesablaşırdı, onun rəyini nəzərə almadan hansısa bir elmi problem həll olunmurdu. İndi bəzi müxbir üzvü olmadan birbaşa akademik olanlar var ki, elmə elə bir ciddi töhfə verməyib.
“Ovçu qışqırdı ki, “professor, zamolçi”. Biz də dönüb bir-birimizə baxdıq ki, hansımıza deyir”
– Cəmil müəllim, sanki elm adamlarında bir təkəbbür var. Yəni cəmiyyəti “mən elm adamıyam, mən elmlər namizədiyəm, mən orda yox, burda oturmalıyam” deyə aşağılayırlar. Onlara münasibətiniz necədir?
– Elmlər doktoru, elmlər namizədi adını almaq hələ alim olmaq demək deyil. Alim olmaq üçün çox kriteriya lazımdır.
Bir dəfə bir dostumuz bizi Balakən-Zaqatala tərəfə qonaq dəvət etmişdi. Həmin səyahət zamanı ova da getməli idik. Dostumuz bir peşəkar ovçu çağırmışdı. O da öz öv tüfəngi, patrondaşı, ov iti ilə gəlmişdi. Biz də üç-dörd professor oturmuşuq maşında. İt hərdən hürürdü, maşını idarə edən ovçu itin üstünə qışqırdı ki, “professor, zamolçi”. Biz də döndük bir-birimizə baxdıq ki, hansımıza deyir bunu. Dostumuz bir az pərt oldu. Demə, ovçu itinin adını “Professor” qoyubmuş, bu “zamolçi” sözünü də ona deyirmiş. Adam var, elmi titul alandan sonra bircə kitab yazmayıb, bircə elmi məqalə yazmayıb. Professordur, onun elmə töhfəsi nədən ibarətdir? Sırf formal xarakter daşıyır. SSRİ dönəmində Cəlal Allahverdiyev, Mirabbas Qasımov, Azad Mirzəcanzadə, Əşrəf Hüseynov, Xudu Məmmədov, Murtuza Nağıyev, Yusif Məmmədəliyev böyük alimlər idilər. SSRİ dağılandan sonra coğrafiya genişləndi, dünyaya çıxmaq, bundan ötrü də dünya elmlərinin tələblərini nəzərə almaq lazım idi. Əgər, Azərbaycanın ali məktəbləri, Azərbaycan Elmlər Akademiyasının sahə institutlarının kitabxanaları reporativ jurnalları almırsa, bu sahələr üzrə, bu adamların dünya elmində hansı tendensiyaların getməsindən yetərli dərəcədə məlumat yoxdursa, hansı elmdən danışmaq olar? Laboratoriyaların çoxunda təcrübə sınaqları aparmaq üçün müasir avadanlıq, gərəkli maddələr yoxdur.
“Əli Həsənov onu “alın təri ilə” özəlləşdirib ələ keçirmişdi”
– Professor Rafiq Əliyevin yenidən sosial kodlaşdırma barədə maraqlı nəzəriyyəsi var. Cəmiyyətdəki proseslərə baxanda belə bir təsəvvür yaranır ki, sanki Azərbaycanda yeni bir xalq yaradıblar. Təhsilsiz, elmsiz, milli köklərdən məhrum, düşünməyi yadırğayan calaq bir nəsil yetişməkdədir. Nədir bunun səbəbi?
– Səbəbi odur ki, artıq idarəetmədə elmə-savada ehtiyac olmadı. Son 15-20 ildə kim daha çox savadsız olubsa, o daha da çox pul “qazanıb”. Adamlar isə övladlarına akademiki yox, həmin şəxsləri nümunə gətirir. Vaxtı ilə Bakıda “Tarqovı” deyilən deyilən küçənin döngəsində kitab pasajı var idi. Səhv etmirəmsə, XIX əsrin sonu XX əsrin əvvəllərində açılmışdı. Bu pasaj Bakının kitab tarixi idi. Adamlar saatlarla, günlərlə orda vaxt keçiriir, gəlib yeni ədəbiyyatla tanış olurdular. Daha sonra nə etdilər? Onu özəlləşdirib, öz aralarında bölüşdürdülər, paltar mağazası etdilər. Bakı kitab evi vaxtı ilə kitab satışına görə SSRİ-də ikinci yerə çıxmışdı. İndi hanı o kitab evi? Əli Həsənov “alın təri ilə” özəlləşdirib ələ keçirmişdi onu. O paltar-palazı hər yerdə satmaq olardı. Bunun üçün gərək kitab pasajını, Bakı kitab evini dağıdıb, ələ keçirəydilər? Burada psixoloji bir məqam var. Bir gənc oradan keçib o mənzərəni görəndə ani olaraq fikirləşir ki, bu kitab yaxşı şey olsaydı, onun dükanını bağlamazdılar. Nəticədə, elə bir savadsız kütlə yarandı ki, onlar kitabın dəyərini çəkisi ilə müəyyən etdilər. Təbaşirli kağızda kitab çap etdənlər zümrəsi yarandı. Bu adam başa düşmür ki, şəkil kağızıdı, kitab çap elətdirmək kitaba hörmət deyil, kitab nə qədər yüngül olsa, nə qədər gəzdirməyə rahat olsa, bir o qədər yaxşıdır. Amma bilirsən, o kağızda kitab çap etdirənlər kimlərdir? Onların böyük əksəriyyəti kitabı özləri yazmırlar, çünki onların kitab haqqında təsəvvürləri yoxdur, elə bilirlər ki, onu ağır kağızda çap etdirəndə hörmətli olur. Amma yenə şükür ki, xaricdə fizika, səhiyyə, riyaziyyat sahəsində ümidverici gənclər, azərbaycanlı alimlər var. Onların sayı çox deyil, amma bütün hallarda sabaha ümid yaradır. Sadəcə olaraq, bizim ölkədə verilən təhsilin faydalılıq əmsalı çox aşağıdır. Biz bu təhsillə böyük elmə gedib çıxacağımıza ümid bəsləyə bilmərik. Təhsilin bir problemi orta məktəbdirsə, digər problem ali məktəblərdir. Bir anlığa diqqət edin, neçə keçmiş rektorun adı rüşvət qalmaqalında, şahid ifadələrində keçir. Akademiya sistemində proteksiya baş alıb gedir. Məsələn, son 20 ildə Elmlər Akademiyasına 8 nəfər müxbir üzv mərhələsini keçmədən birbaşa akademik seçilib, onların 7-si eyni regionun adamıdır, biri də Xoşbəxt Yusifzadədir. Bu, ona da hədiyyə kimi verilib. Mən bir dəfə bu məsələni qaldırmışam. Bəziləri bunu düzgün anlamır.
“Sual verdim ki, niyə akademiyanın Naxçıvan filialı olar, amma Gəncə filialı olmaz?”
Mən hələ Milli Məclisin üzvü idim, akademiyanın Naxçıvan filialını yartmışdılar. Mən də sual verdim ki, akademiyanın niyə Naxçıvan filialı olar, amma Gəncə filialı olmaz? Axı Gəncədə institutların sayı, alimlərin sayı, tələbələrin sayı ordan daha çox idi. Məsələn, bəzən hansısa bir ixtisas üzrə Akademiynın özünə bir yer, Naxçıvan filialına iki yer verirdilər. Startegiya bu idi ki, Naxçıvanda kim doktor olurdusa növbəti seçkidə Akademiyanın üzvü “seçilirdi”. Bu işin əsas ideoloqu Ramiz Mehdiyev idi. Vaxtilə SSRİ-də akademiyanın Sibir şöbəsini ona görə yaratmamışdılar ki, Novosibirskdən kimsə akademik olsun. Ona görə yaratmışdılar ki, Mərkəzi şəhərlərdə Moskvada, Leninqradda bir sıra perspektivli alimləri göndərsinlər ora, elmi inkişaf etdirsinlər, tədqiqatlar aparsınlar, elmi titulları buna görə alsınlar. İkinci bir elm mərkəzi yaratsınlar. Elmə töhfə verməyən, heç bir elmi dəyəri olmayan dissertasiyalarla adamlar gəlirlər həm elmlər doktoru olurlar, həm professor olurlar, həm də akademiyanın üzvü olurlar. Akademiyanın üzvü olmaqla iş bitmir, elmi iş yazıb, elmə töhvə verməlisən. Amma bu mənim yerlimdi, yaxşı oğlandı, onu gətir akademiyanın üzvü elə, olmur. Məsələn, Ramiz Mehdiyevin akademiyanın prezidenti olması nümunəsini götürək. Bu, gülməli idi, elə İsa Həbibbəylinin prezident olması da eyni dərəcədə gülməlidir. Biz bir vaxtlar akademiyanın prezidentləri haqqında danışanda deyirdik ki, filankəs Keldışin tələbəsidir, filankəs Kolmoqorovun tələbəsidir, filan Nobel mükafatçının tələbəsidir və s. Adam Azərbaycan Pedoqoji İnstitutunun Naxçıvan filialını bitirib və bu əyalət təfəkkürü ilə gəlib olub Akademiyanın prezidenti. Mən Pedoqoji İnstitutun, yaxud da Naxçıvan Universitetinin əleyhinə deyiləm. Amma adam prezidentlik iddiasındadırsa, o, hansısa bir tanınmış elmi məktəbin yetirməsi olmalıdır. Bir tərəfdən proteksiya və yerliçilik yolu gəlirlər akademiyaya üzv olurlar və digər tərəfdən həqiqi alimlərin yolunu bağlayırlar. Mənim tanıdığım akademiklər var ki, humanitar sahə üzrə bir otağa salıb desən ki, öz tərcümeyi-halını yaz, əgər tərcümeyi-halı bir səhifə düzəlsə, orada da 7-8 səhv buraxacaqlar.
“Əgər bir ingilis gəlib bizdə ingilis dili imtahanında testdən keçsə, onu da dolaşdırıb kəsəcəklər ki, dili yaxşı bilmir”
– Cəmil müəllim, əvvəl universiteti bitirən müəllim təyinatla dərs keçəcəyi məktəblərə göndərilirdi, amma indi dördüncü kursu qurtaran tələbə artıq dördüncü kursda oxuya-oxuya, böyük vəsaitlər alır, hazırlıqlara, kurslara gedib işə qəbul üçün MİQ imtahanlarına hazırlaşır. Yəni dördüncü kursu qurtaran tələbənin kursa geməyə niyə ehtiyacı var? 
– Təyinatlar var idi ona görə ki, kadrlara ehtiyac var idi. Üstəgəl, o kadrların da bazası, səviyyəsi var idi. Onlar beş illik universitet, dörd illik pedoqoji təhsili alırdılar. Onlar orta məktəbdə dərs demək üçün artıq hazır idilər. Mənim yadıma gəlir, orta məktəbə təyinatla gedəndə direktor məktəbin 30 il təcrübəsi olan tarix müəllimindən xahiş etdi ki, bir mənimlə söhbət eləsin. Söhbətdən sonra Barat müəllim dedi ki, bu cavan oğlanı istənilən sinfə dərs deməyə buraxmaq olar. Ölkədəki maarifin, təhsil ocaqlarının ehtiyacları nəzərə alınır. Əgər bir ingilis gəlib ingilis dili imtahanında testdən keçsə, şifahi söhbətdə onu da dolaşdırıb kəsəcəklər ki, dili yaxşı bilmir. Digər tərəfdən indi bu qədər müəllim yetişdirməyə ehtiyac yoxdur. Bunun özünə də baxmaq lazımdır. Tələblə təklif arasında bir uyğunluq olmalıdır. Təhsillə istehsalat arasında əlaqə olmalıdır.  Təhsil istehsalatın tələblərinə uyğun qurulmalıdır. Diplomu alıb güzgünün qarşısına qoymaqla iş bitmir…(Qaynarinfo)
Günay İlqarqızı

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button