Cəmiyyət

Cəbhə xəttində gərginlik artır: Bakı anti-terror əməliyyatına başlayacaqmı?

“Sərhəddəki təxribatlara rəğmən Brüssel və Kişinyov danışıqları ərəfəsində yeni anti-terror əməliyyatının başlanacağını gözləmirəm”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənsitanın 10 maydan üzü bəri təxribat törətməkdə davam etməsi fonunda Azərbaycanın yenidən anti-terror əməliyyatına başlaması ehtimalından danışarkən deyib.
Onun fikrincə, indiki şəraitdə istənilən variant istisna deyil. Xüsusən də qarşıda gözlənilən intensiv danışıqlar ərəfəsində istənilən hadisələr baş verə bilər:
“Ancaq fikrimcə, həm Azərbaycan, həm də Ermənistan hökuməti təxribata yönəlik bütün olaylardan yan keçərək, danışıqlar prosesini yarımçıq saxlamamağa köklənəcəklər. Çünki hazırkı şəraitdə danışıqlar prosesində real şanslar yaranır. Danışıqlar yaxınlaşdıqca tamamilə fərqli və bir-birinə zidd maraqları olan ölkələrin davranışları da özünü göstərir. Burada Rusiya faktoru, onun qoşunlarının olması, təxribat kimi amillər də mövcuddur. Habelə, Ermənistan daxilində sülhün olmamasını istəyən hərbi-siyasi dairələr var. Odur ki, səhnədə onların da olması prosesin gedişini mürəkkəbləşdirir. Amma yenə də düşünürəm ki, hər iki ölkə rəhbərliyi danışıqlara və bu zaman müəyyən razılaşmaların əldə olunmasına yönəlik istiqaməti qorumağa çalışacaqlar”.
Qeyd edək ki, mayın 10-da sərhəddə təxribat törədən Ermənistan ordusu anoloji addımlarını mayın 12-də də davam etdirib. Həmin gün saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub. Nəticədə bir əsgərimiz Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistanın bir hərbçisi ölüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button