Cəmiyyət

Blinken Bakıya niyə zəng etmişdi?

Fuad Qəhrəmanlı

Dünən ABŞ Dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edib. Dövlət Departamentindən verilən məlumata görə, danışıq zamanı Azərbaycanda İnsan haqlarına və əsas azadlıqlara hörmətin vacibliyi və ATƏT Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Nəzərə alsaq ki, Bayden adminstrasiyası 3 aydır ki, fəaliyyətə başlayıb, onda bu zəngi bir qədər gecikmiş də saymaq olar. Xatırladaq ki, Blinken Paşiniyanla ay yarım öncə danışaraq, iki tərəfli münasibətləri müzakirə edib. Ona görə də, bu gecikməni, əslində Bayden administrasiyasının İlham Əliyev hakimiyyətinə münasibəti kimi də  qiymətləndirmək də olar.  Bnunla da ABŞ Azərbaycan iqtidarının geosiyasi kaprizlərinə və insan haqları, demokratiya sahəsindəki acınacaqlı vəziyyətə münasibətdə öz narazı yanaşmasını ifadə edirdi. Dünənki zənglə isə Blinken bunu artıq açıq şəkildə dilə gətirdi.

Danışıq üçün elə mövzular seçilib ki, indiki halda onların müzakirəsi İlham Əliyev üçün ən xoşagəlməz məsələlər hesab olunur.

Dünyanın 10 ən qeyri-azad ölkəsindən biri sayılan Azərbaycanda insan haqlarının vəziyyəti, bu məsələni özünün əsas piroritei elan etmiş Bayden hakimiyyətinin diqqətindən kənarda qala bilməzdi. Dünənki zənglə Blinken, məhz, bunu gündəmə gətirməklə, iki tərəfli münasibətlərdə ölkəsinin əsas tələbinin, öncəliyinin nə olduğunu nəzərə çatdırıb. Dövlət Departamentinin məlumatından görünür ki, danışıqda insan haqları məsələsinin sadəcə, önəmi vurğulanmayıb, bu məsələ İlham Əliyevin qarşısında tələb kimi də qoyulub. Bununla da insan haqları, demokratiya məsələsi, bundan sonrakı dönəm üçün ABŞ – Azərbaycan münasibətlərini müəyyənləşddirəcək prioritet kimi müəyyən olunub. Bu çox mühüm yenilikdir. Demək, qarşıdakı dövrlərdə Azərbaycan hakimiyyətinə yanaşma, sözügedən tələbə münasibətdən asılı olacaq.

Telefon danışığında ATƏT Minsk Qrupu ilə bağlı müzakirəyə gəldikdə isə, məlumdur ki, Azərbaycan bu məsələni iqnor etmişdi. Bu da həll olunmamış münaqişəni, hərbi və siyasi baxımdan Rusiyanın inhisarına buraxmaq deməkdir. Yəni, məsələyə bu cür münasibət, təkcə Azərbaycan iqtidarının öz ərazisindəki münaqişəyə yanaşmasını deyil, həm də geopolitik və geostrateji seçimini müəyyənləşdirir. Ona görə də, Dağlıq Qarabağ konflikti ilə bağlı müzakirələri yenidən ATƏT Minsk Qrupu müstəvisinə daşımaq, Rusiyanı problem üzərindəki inhisardan məhrum etmək məqsədi daşıyır. Bu, həm də Dağlıq Qarabağdakı sülhməramlı missiyanın mandatının, beynəlxalq səviyyədə müəyyənləşməsini gündəmə gətirmək üçün bir mexanizmdir. Yəni ABŞ- bu yolla “sülhməramlı” adı altında Dağlıq Qarabağa soxulmuş Rusiya hərbi qüvvələrinin çıxarılması üçün, diplomatik platforma yaratmaqda maraqlıdır. Bu, isə Azərbaycan iqtidarından öz geopolitik oriyentasiyasını müəyyənləşdirməyi tələb etmək deməkdir. Yəni, ya irticaçı Putin Rusiyasının yanında, ya da Qərb blokunda yer almalısan.

Nəzərə alsaq ki, dünən Türkiyə prezidenti Ərdoğan Türkiyə və ABŞ-ın strateji müttəfiqliyinin davamlı olacağı ilə bağlı çox mühüm bir açıqlama verib. Bu o deməkdir ki, Azərbaycan üçün də seçim anı gəlib. Daha gedib Qoşumayanlar Hərəkatı kimi mənasız bir qurumda baş girələmək, “geopolitik jonqulyorluq” etmək dönəmi arxada qaldı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button