Cəmiyyət

Ən çox xarici dil bilən deputatlar – Ana dilimizi bilməyən, ermənicə danışan da var

Azərbaycanın qanunverici orqanında – Milli Məclisdə müxtəlif ölkələrlə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi beynəlxalq əlaqələrin inkişafına böyük töhfə verir. Beynəlxalq münasibətlərin qurulması, tərəfdaş ölkələrlə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi parlamentin qarşısında duran əsas vəzifələrdən biridir. Sözsüz ki, diplomatik təmasların qurulmasında ən önəmli faktorlardan biri xarici dil biliyinin olmasıdır. Dünyada qəbul olunan bir neçə beynəlxalq dil var ki, ən azı onlardan birini bilmək vacib hesab olunur.

Milli Məclis üzvləri ölkəmizi nüfuzlu beynəlxalq təşkilatlarla təmsil etməklə, dövlət maraqlarının təmin olunması və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında böyük məsuliyyət daşıyırlar. Bu kimi faktorları nəzərə alaraq Azərbaycan deputatlarının hansı xarici dilləri bilmələri barədə araşdırma apardıq.

Jamaz.info xəbər verir ki, Modern.az təqdim etdiyi araşdırma materialında 6-cı çağırış deputatların Milli Məclisin rəsmi səhifəsindəki məlumatlarına istinad edib.

Hazırda parlamentdə təmsil olunan deputların yarıdan çoxu ən azı rus və ingilis dilini bilir. 30-dan çox parlamentari isə yalnız xarici dil olaraq rus dilində danışmağı bacarır.

Milli Məclisdə təmsil olunan Mixail Zabelin yeganə deputatdır ki, yalnız bir dildə danışa bilir. Bu da rus dilidir.

Parlamentdə üç xarici dildə danışmağı bacaran deputatlar da var. Bunlar Cavanşir Feyziyev (rus, ingilis və fransız), Kamal Cəfərov (rus, ingilis, fransız), Elşən Musayev (rus, ingilis, alman), Bəhruz Məhərrəmov (rus, ingilis, ivrit), Tural Gəncəliyev (rus, ingillis, fransız), Tahir Mirkişili (rus, ingilis, alman), Jalə Əliyeva (rus, ərəb və ingilis), Cavanşir Paşazadə (rus, tacik və özbək), Kamilə Əliyeva (rus, ingilis və ərəb), Anatoliy Rafailov (rus, ingilis və fars), Şahin İsmayılovdur (fransız, ingilis və rus).

Bundan əlavə, deputatlar arasında erməni dilini bilən deputat da var. Söhbət Xocalıdan olan deputat Elman Məmmədovdan gedir.

Hazırda Milli Məclisin poliqlot deputatları Razi Nurullayev və Rafael Hüseynov sayılır. Belə ki, Razi Nurullayev rus, ingilis, alman, fransız, Rafael Hüseynov isə fars, ingilis, rus və tacik dillərini bilir.

Onu da qeyd edək ki, parlament tarixində 5 xarici dil bilən yeganə deputat Gültəkin Hacıbəyli olub. O, ingilis, fransız, rus, ərəb, fars dillərini bilməklə parlamentin ən çox dil bilən deputatı olub.

6-cı çağırış Milli Məclisdə 5 dil bilən deputat yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button