Cəmiyyət

Bəxtiyar Hacıyevin şikayəti əsasında cinayət işi başlanıb

İctimai fəal Bəxtiyar Hacıyevin aprelin 21-də Bakının Yasamal rayonu ərazisində “Caspian Plaza”nın yaxınlığında bir qrup şəxs tərəfindən oğurlanması, döyülməsi və başqa formada təzyiqlərə məruz qalmasıyla bağlı şikayəti əsasında cinayət işi başlanıb. Bu barədə Meydan TV-yə ictimai fəalın özü məlumat verib.
Bəxtiyar Hacıyev bildirib ki, Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.
Aprelin 25-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi onu qəbul edib. Axşam saat 17 radələrində hadisənin baş verdiyi əraziyə baxış keçirilib. “Günün böyük hissəsi kağız-kuğuz, sənəd, ərizə-izahat, “özüm yazmışam, imzamla təsdiq edirəm” kimi sovet dövründən qalma formallığına sərf olundu. Yalnız saat 17:00-da hadisənin baş verdiyi əraziyə baxış keçirildi. Məndə belə təəssürat yaranır ki, bu da əvvəlki “araşdırmalar” kimi nəticələnəcək. Sabah 5 gün keçəcək, hələ istintaqda kamera görüntüləri olmayacaq. Daxili İşlər Nazirliyi daxilində bir qurum digərinə sorğu göndərib, cavab gözləyəcək. 5 saat istintaqa kömək üçün vaxt sərf etmişəm, hələ ki, əldə bu gün çəkilən 5-6 fotodur. Əsas odur ki, “ərizə-izahat” sənədləşməsi yerində olsun”, – Bəxtiyar Hacıyev bildirib.
İctimai fəal vurğulayıb ki, onun operativ və obyektiv araşdırma gedəcəyilə bağlı gözləntisi yoxdur: “Ancaq hər halda yenə də xatırladım ki, bu cinayətin açılması Daxili İşlər Nazirliyi və nazir üçün şərəf məsələsi olmalıdır. Ona qarşı atılmış addımdırsa, özü maraqlı olmalıdır açılmasında…”
Bəxtiyar Hacıyev bildirib ki, aprelin 21-də saat 23 radələrində “Caspian Plaza”dan çıxıb evə gedərkən Məhəmməd Naxçıvani və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində qara maskalı şəxslər qəfildən ona hücum edilib, başına qara torba keçirib, naməlum istiqamətə aparıblar.
Onu təhqir edərək Daxili İşlər Nazirliyi, o cümlədən nazirlə bağlı tənqidləri dayandırmağı, indiyədək bu mövzuda yazdıqlarını silməyi tələb ediblər.
İctimai fəalın hadisə haqda açıqlamasından sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Bəxtiyar Hacıyevi nazir Vilayət Eyvazovun qəbul etməsi haqda xəbər yayıb.
Xeyli vaxtdır ki, Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin onun şikayətlərini araşdırmamasından şikayətlənir.
Nazirlik isə ictimai fəalın bu iddialarının əsassız olduğunu bildirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button