Cəmiyyət

Bəxtiyar Hacıyevə təhqir mesajları yazan şəxs saxlanıldı

İctimai fəal Bəxtiyar Hacıyevə silsilə təhqir mesajları yazan şəxs saxlanlıb. 

Bu barədə B. Hacıyevin özü noyabrın 18-də sosial media hesabında məlumat verib.

“Bu axşam yenidən “Bandotdel” kimi tanınan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) dəvət edilmişdim. 3 il əvvəldən başlayan, son 8 ay ərzində intensivləşən mənəvi terror kampaniyasının bir qolu olan anonim “Whatsapp” nömrələri ilə bağlı son 3 ildə və son 8 ayda dəfələrlə DİN və DTX rəhbərliyinə müraciətlərim olmuşdu ki, tapın bu adamları. Aldığım rəsmi məktublarda “müvafiq araşdırmalar aparılmış, lakin sosial şəbəkələrin xarici ölkələrdən idarə olunması səbəbindən müsbət nəticə əldə edilməmişdir” kimi yolaverdi cavablar yazılırdı.

Nəhayət, bir neçə gecə əvvəl ofisdə köhnə proqramlaşdırma bacarıqlarımı işə salıb, sadə bir kod yazdım və bu mesajların arxasında dayananlarla bağlı təkzibedilməz sübutlar topladım, təqdim etdim DTX və DİN-ə. O gün postda yazdığım hipotetik narkobaron sualında olduğu kimi, artıq bu şəxsləri müəyyən etməmək həm də himayə etmək olardı”, – B. Hacıyev açıqlamasında bildirib.

İctimai fəal bildirib ki, bundan sonra o, BMCMİ-ə dəvət edilib və sözügedən şəxsin saxlanıldığı barədə məlumatlandırılıb.

“Həmin şəxslə üzləşmə keçirildi. Araşdırmanın gedişinə təsir etməmək üçün əlavə məlumatlar verməyəcəm, ancaq onu deyə bilərəm ki, mənim üçün bir daha aydın oldu ki, bu iş bir nəfər təhsilsiz adamın təkbaşına görəcəyi iş deyildi, siyasi məqsədlər üçün konkret şəxslər hədəf götürülmüşdü və adamın da dediyinə görə təkcə məni hədəf almaq üçün son bir neçə ayda nömrələrə 10 000 dollardan artıq pul xərclənib”, – deyə o, qeyd edib.

B. Hacıyevin bildirib ki, bu mərhələdən sonra iş DİN BMCMİ-ə qalıb.

“Ümid edirəm ki, adamın arxasında dayanan, ictimai-siyasi mühiti söyüş mühitinə çevirməyə çalışan sifarişçiləri də (bəzilərini iz azdırmaq üçün dedi, bəzilərini isə özü də bilmədən etiraf etdi) taparlar.

Onun saxlanmasında rolu olan DİN əməkdaşlarına isə təşəkkür edirəm, təbii ki, 8 aydır 2 qurumun tapmadıqları təkzibedilməz faktları əldə etdiyimə görə özümə də. Ən azından tənqidçiləri, müstəqil şəxsləri hədəf alıb, ictimai-siyasi mühiti söyüş meydanına çevirməyə çalışan, mənəvi terror edən qollardan biri dayanacaq”, – deyə sonda ictimai fəal vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button