Cəmiyyət

ABŞ-Türkiyə münasibətləri: Biz nəyə diqqət etməliyik? 

Fuad Qəhrəmanlı

Baydenin erməni soyqırımı ilə bağlı bəyanatının Türkiyə ABŞ münasibətlərində böhrana yol açacağı gözlənilmir. Türkiyə rəhbərliyinin bu məsələyə təmkinli reaksiyası onu göstərir ki, bu ölkə öz ənənəvi siyasi oriyentasiyasında qalmaqda davam edəcək. Çünki Baydenin soyqırım ifadəsi iki ölkənin əməkdaşlığı üçün hüquqi və siyasi məhdudiyyətlər yaratmır. Bu ifadə daha çox ABŞ-n daxili siyasətinin tələbi olaraq işlədilib və xarici siyasət strategiyasını müəyyənləşdirmir. ABŞ prezidentinin bəyanatında saxta soyqırıma tarixi aspektdən yanaşma ifadə olunur və bu məsələyə görə bu günkü Türkiyəni üzərinə məsuliyyət qoyulmur.

Nəzərə alınmaq lazımdır ki, Amerika üçün Türkiyəyənin strateji önəmi, bu soyqırım ifadəsinin üzərindədir. Çox güman ki, Baydenin bəyanatı onunla nəticələnəcək ki, ABŞ münasibətlərin zərər görməməsi üçün, Türkiyəyə bir sıra güzəştlər edəcək. Bu açıqlamadan öncə, Baydenin Ərdoğana zəng edib danışması, əslidə, qarşı tərəfin təpkisini yumşaltmaq üçün bazarlaşma cəhdi hesab oluna bilər. Bunun qarşılığında Türkiyə ABŞ-ın YPG-yə dəstəyini durdura və Suriya məsələsində Rusiyaya qarşı dəstəyini ala bilsə, o zaman soyqırım bəyanatı Türkiyənin işinə yaranmış olar. Türkiyə rəhbərliyinin baş verənlərə təmkinli münasibəti, əslində bu istiqamətdə hansısa gözləntinin olduğunu deməyə əsas verir. NATO sammitində Ərdoğan və Bayden arasında görüşün qərara alınması, mühüm məsələlərlə bağlı razılaşmaların hazırlıq getdiyini deməyə əsas verir.

Türkiyə üçün də ABŞ-la strateji əməkdaşlıq vaz keçilməz bir seçimdir. Nəzərə almaq lazımdır ki, Türkiyə indiyə qədər saxta soyqırımla bağlı nəinki bəyanat vermiş, hətta qanunun layihəsi qəbul etmiş onlarla ölkə ilə hərtərəfli əməkdaşlıq edir. Bu baxımdan Baydenin sözü gedən bəyanatını, Türkiyənin ABŞ-la münasibətlərində problemə çevirməmək, qardaş ölkənin dövlət maraqlarına uyğundur. Türkiyənin müstəqil oyunçu kimi, istər Şərqdə, istərsə də Qafqazda və Qara Dəniz hövzəsində Rusiya ilə rəqabətində müqavimət gücü ABŞ-la müttəfiqlik münasibətlərində çox asılıdır. Rusiyanın son illər bu münasibətləri zədələmək üçün, çox çalışması da, bu məsələnin müstəsna strateji önəmi ilə bağlıdır. Ona görə də, Rusiya ilə indiki geosiyasi qarşıdurma şəraitində ABŞ-la strateji əməkdaşlığı inkişaf etdirmək, milli çıxarlarını qorumağın mühüm təmmiatlarından sayılır.

Bütün bu deyilənləri nəzərə alaraq, ölkəmizdəki 5-ci kalonun ictimai rəyi anti-Qərb ovqatına kökləməyə çalışması, milli maraqlarımıza qətiyyən uyğun deyil. Bu məsələdə hakimiyyətin əsas marağı, Qərbdən gələn demokratiya tələblərini cəmiyyətdə gözdən salmaq və Rusiya meyilli siyasətə görə ictimai qınağın qarşısını almaqdır.

Rusiya isə Avrointeqrasiya siyasətini bu yola gözdən salıb, Azərbaycanı öz iradəsinə daha çox tabe etdirmək marağındadır. Ona görə də qardaş Türkiyə ilə təqdir olunası mənəvi həmrəyliyimizi, anti-Qərb ritorikası ilə milli maraqlarımıza zidd istiqmatə yönəltməməliyik. Çünki, milli maraqlarımıza əsas strateji təhlükə, hələ 1995-ci ildə saxta soyqrımı qanun kimi qəbul edən Rusiyanın Dağlıq Qarabağa ikinci erməni dövləti yaratmaq siyasətindən və “sülhməramlı” adı altında ölkəmizdə hərbi baza yaratmaq istəyindən gəlir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button