Cəmiyyət

282 nömrəli məktəbdə problem davam edir: Yeni görüntülər yayıldı – VİDEO

Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə baş verənlə bağlı xəbər vermişdik.
Məlumat üçün xatırladaq ki, məktəbin şagirdlərindən birinin müəllimlərlə və şakirdlərlə kobud rəftar elədiyi, söyüş söydüyü, müəllimə xəsarət yetdidiyi bildirilirdi. Həmçinin şagirdin anasının da məktəbə gələrək hər kəsi hədələdiyi qeyd edilirdi.
Bununla bağlı ötən gün məlumat yayan Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məktəbdə araşdırmaların aparıldığını və rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdə olduğunu bildirmişdi: “Paytaxtın Suraxanı rayonunda 282 nömrəli məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən məsələnin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Suraxanı rayonu 282 nömrəli tam orta məktəb də açıqlama yaymışdı. Bildirilmişdi ki, təhsil müəssisəsinin 7ç sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir.
Qeyd olunub ki, şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir: “O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir”.
Həmçinin bildirilib ki, şagirdlə bağlı İdarə müvafiq araşdırma aparır: “Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”.
Ötən gün bu açıqlamalar verilsə və tədbir görüldüyü bildirilsə də, problem həll olunmayıb. Qaynarinfo-nun bu gün əldə etdiyi görüntülərdə sözügedən şagirdin yenə də eyni hərəkətləri davam etdirdiyi açıq-aşkar görünür.
Həmin görüntüləri təqdim edirik:
Ekspertlər hesab edir ki, mövcud fakt məktəbdə idarəetmənin normal olmadığını, şagirdlərlə işin düzgün qurulmadığını göstərir. Təhsil eksperti Kamran Əsədovun fikrincə, normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır: “Son günlər məktəblərdə baş verən hadisələri təhlil edəndə qaydaları pozan, sinifdə zorakılıq edənlərin oğlanlar olduğunu görürük. Nə müəllim, nə də məktəbəqədər müəllim onun öhdəsindən gələ bilir. Amma onlara hansısa cəzanı vermək mümkün deyil, buna bizim humanist təhsil sistemimiz icazə vermir. İdarə olunmayan şagirdi psixoloqa göndərmək də qeyri-mümkündür, çünki bunun üçün mütləq valideynlərin razılığı lazımdır. Normal uşaqlar problemli uşaqların girovuna çevrilirlər. Buraxılış sinfinə kimi kobudluğa dözməli olan və uşağı sinifdən qovmağa belə haqqı olmayan müəllimi demirəm. Və belə çıxır ki, zorbanın “həyatı və sağlamlığı” müəllimin və ya sinif yoldaşlarının həyat və sağlamlığından daha vacibdir.
İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Aqressiyalar, demək olar ki, cəmiyyəti öz ağuşuna alıb. Təəssüf ki, bunu biz təhsil müəssisəlrində orada işləyənlərə qarşı da hiss edirik. Aqressiya ailədən qaynaqlanır və ardınca orta məktəbdə inkişaf edir. Təhsildə aqressiya, şagird–müəllim münasibətləri cəmiyyətin durumuna mənfi təsir göstərir. Müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Məktəbdə böyüyən uşaqda aqressiya sadəcə məktəb daxilində olmur, yavaş-yavaş əhatə dairəsi genişlənir. Son dövrlərdə ali məktəblərə qəbul, buraxılış imtahanlarındakı uğursuzluqlar bilavasitə cəmiyyətin müəllimə, məktəbə, təhsilə münasibətini dəyişir. Müəllimlərin repititor kimi pul yığması, bəzi məktəblərdə idarəetmədəki boşluqlar təhsil üçün ciddi problemlər yaradıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button