Sosial

“Ukrayna dairəsi” təhlükə saçır – Qəzaların qarşısını necə almaq olar?

Azərbaycanda yol qəzalarından ölüm hallarında artım müşahidə edilir. Təkcə aprel ayında yol nəqliyyat hadisələri nəticəsində 74 nəfər həyatını itirib, yüzlərlə insan xəsarət alıb. Qəzaların qarşısını almaq üçün magistral yollarda sürət həddi azaldılsa da, hələlik bu addımın effektiv olacağı sual altındadır.

Bəzi sürücülərin fikrincə, qəzalara təkcə sürət həddi deyil, yollardakı vəziyyət də səbəb olur. Yəni, bir çox yerlərdə yol infrastrukturu düzgün qurulmadığından tez-tez qəzalar baş verir. Nəticədə onlarla, yüzlərlə ailə faciə ilə üzləşir.

Sürücülər üçün təhlükə saçan yollardan biri paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi”dir. Haqqında bəhs etdiyimiz yolda qəzaların qarşısını necə almaq olar? Hansı addımlar atılmalıdır?

Jamaz.info xəbər verir ki, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Modern.az-a bildirib ki, “Ukrayna dairəsi”ndə əsasən problem dairənin çox böyük olmasından irəli gəlir:

“Qəzalara səbəb dairə boyu uzanan zolaqların çox olmasıdır. Dairədə zolaqların sayının 5-6, hətta 7 olduğu yer var. Dairənin giriş-çıxışları da çoxdur. Məhz sadaladığımız məsələlərə görə, sürücülər sağa-sola çarpaz yerdəyişmələr edirlər. Çarpaz yerdəyişmələrin sayının azalması üçün tədbirlər görmək lazımdır. Hər çarpaz yerdəyişmə konflikt nöqtəsi deməkdir. Konflikt nöqtələrinin sayını azaltmaq və konfliktləri daha aydın etmək lazımdır ki, sürücülər bir-birilərinə rahat yol verə bilsinlər. O yolda işıqfor işləməyəcək. Belə mürəkkəb yerlərdə işıqfor təsirli olmur. Bunun özü problem yaradır. Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri təxminən iki il öncə o yol barəsində yaxşı layihə hazırlamışdılar. Layihənin adı “turbo layihə” idi. O tipli sxem tətbiq olunsa, vəziyyət əhəmiyyətli dərəcədə dəyişər”.

Bəs ölkə üzrə qəzaların artmasının səbəbi nədir?

Ə.Hüseynov cavabında deyib: “Səbəblər çoxdur. Əsas odur ki, Azərbaycanda yol hərəkəti təhlükəsizliyini artırmaq üçün sistemli iş görülmür. Dünyanın hər yerində yol hərəkəti ilə bağlı dövlət proqamı var. Bizdə belə proqram 2018 -ci ildə qəbul olunub. Həmin proqramda qəzaların səbəbləri və onların aradan qaldırılması  yolları göstərilir. Lakin Dövlət Proqramı tətbiq olunsa, yavaş-yavaş irəliləyiş olar”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə “Ukrayna dairəsi”ndə vəziyyətin ürəkaçan olmadığını söyləyib:

“Dairənin ərazisini kiçiltməklə fərqli hərəkət yaratmaq olar. Ümumiyyətlə, dairəni ləğv etmək daha faydalı olar. Yol ayırıcı şəkilində işıqforla tənzimləməklə hərəkəti nizamlamaq mümkün ola bilər. Hansı istiqamətdən daha çox axın varsa, ona uyğun hərəkəti tənzimləməklə problemin qarşısı alınar. İndiki vəziyyətdə hərəkət ürəkaçan deyil”.

E.Muradlı qəzaların artmasının səbəbini belə izah edib:

“Yol nəqliyyat hadisələrində 3 əsas faktor var. Birinci faktor sürücülərdir. Sürücünün qeyri-peşəkarlığı, yol hərəkəti qaydalarını pozmağa meyilli olması, məsuliyyətsizliyi hadisələrə gətirib çıxarır. Bir xırda səhv öz mənfi təsirini göstərə bilir. Bəzən sürücülər deyir ki, “adi bir manevr qaydasıdır da pozuram, heç nə olmaz”. Xırda qayda pozuntusundan hər şey olur. Manevr qaydaları çox pozulursa, bunun ağır fəsadları üzə çıxır. Qarşı yola çıxmaq, işıqforun tələblərini pozmaq, narkotik vasitəsinin təsiri altında qaydanın pozulması ağır nəticələr doğura bilir. Sürücü qaydanı pozmasa, qəzalar baş verməz”.

Ekspertin fikrincə, qəzaların artmasında daha iki faktor mövcuddur:

“Qəzaların artmasına səbəb olan amillərdən biri də yol şəraiti ilə bağlıdır. Yolların işıqlandırılmaması, yol cizgi xətlərinin doğru-düzgün çəkilməməsi, digər yandan yol nişanlarının düzgün tətbiq edilməməsi öz mənfi təsirlərini göstərə bilir. Keçidlərin sayı yetərincə deyil. Bəzi piyada keçidlərinin rəngi seçilmir. Digər vacib məqam avtomobillərin, yəni nəqliyyat vasitələrinin keyfiyyəti ilə bağlıdır. Azərbaycanda mövcud olan avtomobillərin 80 faizi köhnə maşınlardır. 30 faizdən çoxu istifadəyə yararsızdır. Bu yaxınlarda Şəmkir rayonunda baş vermiş qəzanı xatırlayaq. “Toyota” markalı avtomobillə “VAZ” markalı avtomobil toqquşmuşdu. “VAZ” markalı avtomobildə olan 5 nəfərdən 3-ü öldü. “Toyota”da olan 6 nəfər isə yaralandı. Müasir avtomobildə olan 6 nəfər xəsarət aldı, həmin maşında ölüm olmadı. Qəzaların ağırlıq dərəcəsi, ölüm və xəsarətlərin baş verməməsi üçün avtomobillərin müasir tələblərə cavab verməsi çox önəmlidir. Bizdə köhnə avtomobillərin gətirilməsinə məhdudiyyət qoyulmasını təklif edənlər narazılıq edirlər. Biz yol hərəkəti təhlükəsizliyindən danışanda bu məsələlərə diqqət etməli, bu faktorları incələməliyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button