SOCAR-dakı ixtisarlar nəyin təzahürüdür? “Bu hakimiyyətin əlacsızlığının göstəricisidir”
“SOCAR-da baş verən ixtisarlar, yalnız bu şirkətin özü ilə məhudlaşmır. Bu hadisələrin əsas cəhəti, mövcud iqtisadi modelin sıradan çıxmasının göstəricisidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qaşqay İsmayıl deyib.
Onun sözlərinə görə, məsələnin mahiyyəti, SOCAR on minlərlə izafi işçiyə maaş verməklə, bu şirkətin üzərinə sosial gərginliyin və işsizliyin qarşısının alınması missiyasının qoyulması olub. “Lakin iqtisadi reallıqlar son nəticədə digər tələblərə qalib gəlir. Artıq Azərbaycan hökuməti belə süni yollarla davam etməyin mümkün olmadığını, daha doğrusu buna gücü çatmadığını görür”.
Qaşqay İsmayıl deyir ki, adətən SOCAR-ı bu addımı atmasına görə tənqid edirlər. “Lakin nəzərə almaq lazımdır ki, hakim rejim belə qərarları böyük çətinliklə, uzun müddət təxirə salmaqla verir. Çünki büdcədən qidalanan təbəqənin mövcudluğu və sayının çoxluğu, hakimiyyət üçün kritik vacib məsələdir”.
O hesab edir ki, kütləvi ixtisarlar hakimiyyətin öz bankrotluğunu etirafıdır. “Qeyd etdiyimiz kimi, əvvəlki iqtisadi model birdəfəlik sıradan çıxmaqdadır. Büdcə hesabına əhaliyə cüzi maaş və pensiya verməklə ölkədə siyasi və sosial stabilliyin saxlamaq üçün resurslar tükənir. İxtisarlar, pensiyalara yenidən baxılması, uşaqpulunun olmaması hakimiyyətin əlacsızlığının, iqtisadi cəbhədə divara sıxılmasının, resursların tükənməsinin göstəricisidir. Əgər biz ölkənin real xarici borcları, Neft Fondunun cari vəziyyəti barədə göstəricilərə malik olsaq, hazırki iqtisadi böhranın getdikcə daha dərinləşəcəyini, dağıdıcı fazaya keçə biləcəyini də proqnozlaşdıra bilərik. Yəqin, elə bu səbəbdəndir ki, ölkənin real makroiqtisadi göstəriciləri total surətdə saxtalaşdırılır”.