Sosial

İcbari tibbi sığorta vətəndaşların güzəranını yaxşılaşdıra bildimi?

“İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunmasına baxmayaraq, hələlik vətəndaşların hansısa bir formada güzəranını yaxşılaşdırdığını söyləmək mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli apreldən bütün ölkə üzrə tətbiq olunmasına başlanılan icbari tibbi sığortanın verdiyi nəticələri dəyərləndirərkən deyib.
Ekspert qeyd edir ki, pilot layihələr zamanı üzə çıxan problemlər təhlil olunub aradan qaldırılmadığından insanlar hələ də prosesin verdiyi nəticələrdən yetərincə faydalana bilmir:
“İcbari tibbi sığortanın tətbiq olunması doğru yanaşmadır. Bu istiqamətdə ilk öncə Mingəçevir və Bərdədə pilot layihəsi həyata keçirildi. Həmin iki şəhərdə icbari tibbi sığorta tətbiq olunarkən ciddi problemlər yaşandı. Xəstəxanalara yerləşdirməklə, müalicələrin kadastrı, ödənişlər məsələsində problemlər yaşandı. Lakin həmin layihələrdə üzə çıxan bu problemlərin başqa yerlərdə də özünü göstərməməsi üçün pilot layihənin verdiyi nəticələr təhlil olunmadı.
Nəticə etibarı ilə prosesin indi bütün ölkə üzrə tətbiq olunmasına baxmayaraq, vətəndaşların hansısa bir formada güzəranını yaxşılaşdırdığını söyləmək mümkün deyil. İnsanlar bunu gündəlik həyatlarında hiss etmir. Prosesin həyata keçirilməsində, tibb müəssisələrində qeydiyyat, əməliyyatların təsnifatı, müalicədən sonrakı reabilitasiya kimi məsələlərdə ciddi problemlər qalmaqdadır. Bütün bu kimi problemlər sayəsində pozitiv ideya olan icbari tibbi sığortanın rasional və insanlara xeyir verəcək şəkildə tətbiq olunasına hələlik nail ola bilməmişik”.
Həmsöhbətimiz artıq 6 aydan çoxdur başlanan prosesdən insanların və tibb işçilərinin faydalanması üçün bir sıra məsələlərin həllini vacib bilir:
“Fikrimcə, ilin sonuna doğru ictimai müzakirələr və dövlət qurumlarının hesabatlılığı formasında ortalığa çıxan bu kimi problemlərin müzakirəsi və onun da nəticəsi olaraq yaranan maneələrin aradan qaldırılması üçün tədbirlərin görülməsi vacibdir. Ona görə də hələlik icbari tibbi sığortanın əhaliyə birbaşa böyük xeyir verdiyini söyləyə bilmərəm.
Problemin həlli üçün ilk növbədə ödənişlər asanlaşdırılmalıdır. Hökumət icbari tibbi sığortası olanın hansı formada müalicələrə, əməliyyatlara iddialı olduğunu, hara müraciət etmək lazım gəldiyini sadə və aydın şəkildə vətəndaşa izah etməlidir. Digər tərəfdən, həkimlərin aşağı olan ödəniş məsələsi də öz həllini tapmalıdır. Həkimlər icbari tibbi sığorta ilə müalicə edərkən aldıqları vəsait azdır. Ona görə də daha çox həkim özəl klinikalara yönəlir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button