Siyasət

“Zəngəzur dəhlizi”nin açılması ehtimalı varmı?

“Ermənistanda siyasətçilərin, ekspertlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin ən çox qıcıqlandığı məsələ “Zəngəzur dəhlizi” terminidir. Ermənilər bu termin olmadan hansısa yolların nəqliyyat qovşaqlarının, kommunikasiya xətlərinin açılmasına qarşı deyillər. Sadəcə bu termin onları çox qıcıqlandırır”.

Bunu “The Politicon” onlayn siyasi jurnalının baş redaktoru, siyasi şərhçi  Rusif Hüseynov “Toplum TV”-yə “Zəngəzur dəhlizi”nin təməlqoyma mərasimi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ bölgəsinə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Zəngəzur dəhlizi” təməli qoyulub. Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasını prezidentlər “Zəngəzur dəhlizi”nin təməlinin qoyulması kimi qələmə veriblər.

Açılış mərasimindəki çıxışı zaman İlham Əliyev bildirib ki, “Zəngəzur dəhlizi” bütün türk dünyasını birləşdirəcək. Ərdoğan isə qeyd edib ki, “gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”.

İki dövlət başçısının “Zəngəzur dəhlizi” ilə bağlı inamlı çıxışları nə ilə əlaqədardır?

Məsələ ilə bağlı “Toplum TV”-yə açıqlama verən politoloq Nəsimi Məmmədli deyir ki, Ermənistanın rəsmi şəxslərinin səsləndirdikləri bəyanatlar daxili auditoriyanı sakitləşdirməyə yönəlib:

“Ermənistan ərazisindən keçərək Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yolun açılması 10 noyabr Atəşkəs Bəyanatının tələbidir. Həmin sənədin 9-cu bəndində bu məsələ öz əksini tapıb. Rusiya bu öhdəliklərin icrasına nəzarət öhdəliyi daşıyır. Məsələ reallaşanda deyəcəklər ki, biz “Zəngəzur dəhlizi”nə imkan vermədik, amma nəqliyyat əlaqəsinin açılması öhdəliyinə görə ərazimizdən yolu açmıçıq. Bu məsələ Ermənistan tərəfindən sadəcə söz oyunudur. Mütləq həll olunmalıdır və yəqin ki həll olunacaq”.

Nəsimi Məmmədli

Rusif Hüseynov isə qeyd edir ki, Ermənistanın daxilində nəqliyyat kommunikasiyalarının açılmasına qarşı müəyyən müqavimət var:

“Paşinyan hökuməti yayda yenidən xalqdan mandat alaraq artıq  Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesinə başlayıb. Ermənistan tərəfindən bu proses bir qədər ləng aparıla bilər. Azərbaycan və Türkiyə ilə münasibətlərin birdən birə yaxşılaşmasına erməni cəmiyyəti psixoloji cəhətdən hazır deyil. Ona görə də hökumət bu məsələdə ehtiyat edir. Amma istənilən halda hansısa fors-major hadisə baş verməsə,  Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesinə başlayacaq və “Zəngəzur dəhlizi”nin, kommunikasiya xətlərinin açılmasına razılıq verəcək. Azərbaycanla da yaxın prespektivdə sərhədlərin müəyyənləşdirilməsi mərhələsinə başlayacaq”.

Ərdoğanın səfərini Ermənistanla sərhədlərin açılması üçün ön hazırlıq hesab etmək olarmı?

Bu suala cavabında Rusif Hüseynov bildirir ki, Türkiyə ilə sərhədlərin açılması üçün Ermənistan müəyyən şərtləri yerinə yetirməlidir:

“Avqustun sonu, sentyabrın əvvəllərində həm Yerevan, həm də Ankara münasibətlərinin normallaşması ilə bağlı pozitiv siqnallar göndərəndə, Türkiyə tərəfi öz ilkin şərtlərini açıqlamışdı. Bu proses başlayacaqsa, erməni tərəfi istəsə də, istəməsə də həmin şərtləri qəbul etməli və onlarla hesablaşmaq məcburiyyətindədir. Belə olan halda “Zəngəzur dəhlizi”nin hansı ad altında olursa olsun, açılması Ermənistanın yerinə yetirməli olduğu əsas şərtdir”.

Rusif Hüseynov – Sosial Media

Nəsimi Məmmədli məsələ ilə bağlı açıqlamasında qeyd edir ki, Türkiyə regionda davamlı sülhə nail olmaq üçün Ermənistanla əlaqələrinə yenidən baxacağını bir neçə dəfə səsləndirib:

“Türkiyənin Ermənistana qarşı heç bir siyasi-hüquqi iddiası yoxdur. Lakin Ermənistandan bilavasitə asılı olan məsələlər var. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Türkiyəyə qarşı ərazi və qondarma “soyqırım” iddialarından vaz keçməlidir”.

Ərdoğanın Qarabağa səfərinin üçtərəfli görüşə təsiri

Ermənistan KİV-ində və sosial mediada yayılan xəbərlərə görə, noyabrın 9-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü olacaq. Azərbaycanla Ermənistanın Sovet xəritələrinə əsasən sərhədlərin delimitasiya və demarkasiyası proseslərinə başlayacaqları qeyd olunur. Ermənistanın Baş naziri Nikol Paşinyan da oktyabrın 27-də parlamendəki çıxışın zamanı sərhədlərin bu yolla müəyyən olunması ehtimalını təkzib etməyib.

rbc.ru

Nəsimi Məmmədlinin sözlərinə görə, Türkiyə prezidentinin Azərbaycana intensiv səfərləri üçtərəfli danışıqları prosesinə də müsbət təsir edə bilər.

“Rusiya Qarabağda qalıcı sülhdə maraqlı deyil, amma gərginliyin davam etməsi onun zərərinə işləyə bilər. Xüsusilə də Qarabağda hərbi əməliyyatlar yenidən qızışarsa, regiona Rusiyanın arzulamadığı yeni oyunçular daxil ola bilər. Rusiya bunu arzulamır. Məcburiyyət qarşısında tərəfləri müəyyən razılaşmalara cəlb edərək regionda öz rolunu qalıcı etmək istəyir. Türkiyə birbaşa olmasa da, dolayısı ilə bu prosesdə iştirak edir. Türkiyənin razılığı olmadan bölgədə etimadlı mühitin yaranması çətindir”.

Xatırlatma

II Qarabağ müharibəsi yekunlaşandan sonra Azərbaycan Prezidenti İlham Əliyev “Zəngəzur dəhlizi”nin açılmalı olduğu barədə bəyanat verib.

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”, – İlham Əliyev açıqlamalarının birində deyib.

Ermənistan lideri Nikol Paşinyan isə 10 Noyabr sazişində hər hansı “Zəngəzur dəhlizi”nin nəzərdə tutulmadığını bildirib.

“Bizi kommunikasiyaların açılması ilə qorxutmaq istəyirlər, hansısa dəhlizlərdən danışırlar. Doğrusu, Azərbaycan rəhbərliyinin bu barədə bəyanatları bir qədər qəribədir… Biz heç vaxt rəsmi və ya qeyri-rəsmi dəhliz, ərazi təqdim etmək mövzusunu müzakirə etməmişik”, – deyə Nikol Paşinyan çıxışlarının birində vurğulayıb.

“Zəngəzur dəhlizi” ilə bağlı müzakirələr fonunda Azərbaycan və Ermənistan sərhədində vəziyyət tez-tez gərginləşir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button