Yeni müharibəyə hazır olmalıyıq – Deputatdan çağırış
“Erməni təxribatları getdikcə intensivləşir. Təkcə Azərbaycanla sərhəddə deyil, Qarabağ daxilində də separatçılar vaxtaşırı təxribatlara əl atır. Bu, ondan xəbər verir ki, ermənilər sülh istəmir. Onlar sülhdən yayınmaq üçün hərbi təxribatlar törədirlər”.
Jamaz.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Xocalının deputatı Elman Məmmədov Ermənistan silahlı qüvvələrinin son təxribatlarından danışarkən deyib.
Onun fikrincə, Ermənistanı təxribata təhrik edən qüvvələr var. “Hazırda Rusiya və Qərb arasında bölgəyə nəzarət mübarizəsi gedir. Azərbaycanla Ermənistan razılığa gəlib, sülh müqaviləsinə imza atsalar, üçüncü bir ölkənin iştirakına ehtiyac varmı? Yəni belə olan halda Rusiya bölgədən çıxmalıdır. Rusiya isə bunu istəmir. Nə qədərki Ruisya bölgədədir, dayanıqlı sülh olmayacaq”,- deyə parlamentari bildirib.
E.Məmmədov vurğulayıb ki, təxribatlar fonunda müharibəyə hazır olmalıyıq:
Digər tərəfdən ABŞ və Qərb ölkələri çalışırlar ki, bölgəyə nəzarət edərək rusları buradan kənarlaşdırsınlar. Fransa bəyan edir ki, Ermənistana müəyyən sayda hərbi texnika vermişik. Burada məqsəd Rusiyanın varlığına zərbə vurmaqdır. Bizim yeganə yolumuz ondan ibarət olmalıdır ki, irili-xırdalı döyüşlərə və hətta müharibəyə hazır olmalıyıq. Başqa çıxış yolumuz yoxdur. Azərbaycan Ordusu bütün addımları atmağa hazırdır. Həmçinin, Qarabağ daxilində də antiterror əməliyyatları keçirərək, silahlı dəstələri zərərsizləşdirməliyik. Sərhəddə Ermənistan tərəfinin bütün təxribatlarına qarşı layiqli cavablar verilir və düşmənin atəş nöqtələri susdurulur. Əgər Ermənistan yenə ipə-sapa yatmasa, onların mövcudluğu məsələsi yenidən gündəmə gələcək”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı hərbi təxribatları davam edir. Naxçıvan, Füzuli, Şuşadan sonra yenidən Laçın hədəfə alınıb.
Rəsmi məlumata əsasən, iyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Sərhəd təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmov xəsarət alıb. Ordumuz Laçın istiqamətində düşmənin atəş nöqtələrini susdurub, əməliyyat şəraitini nəzarətə götürüb.