
“Xocalıda baş verənlər bizi narahat edir” – Ukraynalı alimlər
“İkinci Dünya Müharibəsi zamanı nasistlərin hərbi cinayətləri bütün dünyada məlumdur. Amma belə görünür ki, müharibə fəlakətləri, insanlığa qarşı cinayətlər təkcə İkinci Dünya Müharibəsi ilə kifayətlənməyib. Təəssüf ki, yarım əsr sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın kiçik şəhəri Xocalıda dəhşətli faciə baş verib. Bu qəsəbə strateji mövqeyinə görə Ermənistan silahlı qüvvələrinin hücumunun mərkəzlərindən biri idi. Həmin gecə erməni hərbi dəstələri rus ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının hərbçilərinin iştirakı ilə Xocalıya hücum edib. Nəticədə 63-ü uşaq, 106-sı qadın olmaqla 613 mülki şəxs həlak olub”.
Jamaz.info xəbər verir ki, bunu Ukraynanın Putivl Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsini icra edən Sergey Tupik bildirib.
Direktor bildirib ki, bu hadisələr Azərbaycan xalqının tarixində qara səhifələrlə yazılıb: “Bundan əlavə, 487 nəfər əlil, 150 nəfər itkin düşüb, 1275 nəfər, əsasən də qocalar, uşaqlar və qadınlar əsir götürülüb, orada zorakılıq və işgəncələrə məruz qalıb, 7 mindən çox əhalisi olan şəhər yerlə-yeksan edilib. Qaçmağa çalışan bir çox yerli sakin dağlarda donaraq ölüb. Bu hadisələr Azərbaycan xalqının tarixində qara səhifələr olub. Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlərə düzgün reaksiyanı hələ də verməyib. Xocalı şəhərinin əhalisinə qarşı cinayətlərin xarakteri və miqyası açıq şəkildə BMT Baş Assambleyasının 09.12.1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya aiddir. Bu da soyqırımının tanınmasının hüquqi əsaslarını müəyyən edir. Amma görünən odur ki, cəzasızlıq yeni cinayətlər törədir. Ukraynada baş verən müharibə də buna misaldır”.
Sumı Vilayət Hərbi İdarəsi yanında İctimai Şuranın sədri, elmlər namizədi, dosent Oleq Tulyakov isə bildirib ki, “Xocalı faciəsi” sözündən hər bir azərbaycanlının ürəyi titrədiyi kimi, mərhəmətli insanların da ürəyi sızlayır:
“Fevralın 25-dən 26-na keçən gecə baş verənlər bizi həmişə düşündürəcək və narahat edəcək. Bu cinayətlər bir daha təkrarlanmamalıdır, çünki bu, soyqırımın ən dəhşətli təzahürlərindən biridir. Doğma torpaqlarında sevgi, dostluq və dinc əmək üçün doğulmuş azərbaycanlı mülki şəxslərin qəsdən kütləvi şəkildə məhv edilməsi cinayətdən başqa bir şey deyil. Həmin insanlar da bu dünyaya adi insan xoşbəxtliyi ümidi ilə gəlmişdilər. Amma onlar bu dünyadan cəhənnəm əzabı və ümidsizlik içində getdilər.
1988-ci ildən Xocalı şəhəri yaşayış və məişət üçün tikililərin tikildiyi məkana çevrilib. Hamı dinc yaşamağın və işləməyin mümkün olacağına ümid edirdi. Amma bu dinc yaşayış 1991-ci ilin payızında Ermənistan qoşunları tərəfindən Xocalı şəhərinin tam blokadaya alınması ilə dayandırıldı. Tezliklə elektrik enerjisi, telefon əlaqəsi, istilik, qaz və su kəsildi.
Əsl faciənin başlanğıcı bütün qışı dayandırmayan gecə artilleriya atəşi idi. Biabırçı, qəddar və qeyri-insani qırğın 1992-ci il fevralın 25-də saat 20.30-da Xocalının düşmənin döyüş maşınları tərəfindən mühasirəyə alınması ilə başladı. Şəhər gecə yarısı ağır artilleriyadan növbəti dəfə atəşə tutuldu və səhər birdən erməni piyadaları şəhərə daxil olmağa başladı. İnsanlar özünümüdafiə qüvvələrinin köməyi ilə şəhəri tərk edərək qaçmağa çalışıblar. Onların bir çoxu vəhşicəsinə atəşə tutularaq öldürülüb.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı obyektiv araşdırma nəticəsində əldə edilmiş sübutlara əsaslanaraq, Xocalı faciəsini “münaqişə zamanı ən böyük qırğın” adlandırıb. Bu təşkilatın fikrincə, mülki əhalinin ölümündə birbaşa erməni birləşmələri məsuliyyət daşıyır”.
Xarkov Milli Bələdiyyə Təsərrüfatı Universitetinin rektoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, Xarkov şəhərinin fəxri vətəndaşı Babayev Vladimir Nikolayeviç Xocalıda və Ukraynada baş verən hadisələri müqayisə edib.
“İki tarix – 24 fevral 2022-ci il və 25 fevral 1992-ci il. Ukraynalılar və azərbaycanlılar bu günlərdə baş verənləri həmişəlik unutmağa üstünlük verərdilər. Amma bu faciələrin beynəlxalq ictimaiyyət tərəfindən soyqırım kimi qiymətləndirilməsi, digər dövlətlərin bütövlüyü və suverenliyinə qəsd kimi qiymətləndirilməsi gələcəkdə bəşəriyyətə qarşı bu cür hərəkətlərin təkrarlanmaması üçün mühüm şərtdir.
Tarixə Xocalı soyqırımı kimi düşmüş bu qanlı qətliam minlərlə azərbaycanlının ölümünə, taleyini məhv edib. Amma tarixi ədaləti Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında işğal altında olan torpaqları azad etməklə bərpa edib.
Ukrayna isə 2014-cü ildən öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Biz ölkədə dayanırıq və gələcəyimiz üçün mübarizəmizi davam etdiririk.
Bu gün azərbaycanlılar Ukraynaya kömək edirlər, necə ki, ukraynalılar vaxtilə öz müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə Azərbaycanı dəstəkləyiblər. Bu gün Ukrayna Silahlı Qüvvələrinin sıralarında minlərlə azərbaycanlı könüllü döyüşür. Bütün Azərbaycan xalqının qoşulduğu beynəlxalq dəstək və humanitar yardım son dərəcə vacibdir.
Fevralın 26-da Azərbaycan xalqı ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsini matəm içində yad edirik. Gələcəkdə düzəlməz cinayətlərin qarşısını almaq üçün dünya xatırlamalı və nəticə çıxarmalıdır!”,- deyə o bildirib.(modern)