Siyasət

Xamenei üzr istəməliydi – Heç başsağlığı da vermədi

İran hökuməti səfirliyə hücumla Azərbaycana qarşı böyük yanlışlığa yol verib.

Jamaz.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağıbildirib. Onun sözlərinə görə, İran tərəfi səfirlikdə törədilmiş terror aktının araşdırılmasında maraqlı deyil:

“İran hakimiyyəti tərəfindən düzgün araşdırma aparılmır. Terrorçunun ruhi xəstəxanaya yerləşdirilməsi ondan xəbər verir ki, araşdırma aparmaq fikirləri yoxdur. Səmimi olsaydılar, Azərbaycan tərəfinin, hətta Avropadan üçüncü tərəfin iştirakı ilə tam obyektiv araşdırma aparılmasına şərait yaradardılar. Bu olmadı. Eyni zamanda, nə Prezident səviyyəsində, nə də dini liderləri səviyyəsində üzrxahlıq edildi. Dini liderləri (Ayətullah Əli Xamenei-red) heç başsağlığı da vermədi. Heç olmasa, İran Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verdi, ancaq üzrxahlıq da etməli idi. Hesab edirəm ki, İran tərəfi yanaşmalarına yenidən baxmalıdır. Azərbaycan səfirliyinə hücum etməklə, Azərbaycana hücum etmiş oldular. Çünki səfirlik Azərbaycanın ərazisi sayılır. Saxlanılan şəxs bir nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb oldu. İran bütün bunlara görə həmin adamı ən ağır şəkildə cəzalandırmalıdır”.

Partiya sədri vurğulayıb ki, səfirliyə edilən hücumlda İranın günahını sübüt edən əlamətlər var:

“Biz həmişə çalışmışıq ki, Azərbaycana müttəfiqlər qazanaq, heç olmasa hansısa tərəfləri neytrallaşdıraq. Çünki biz bilirdik ki, gec-tez müharibə başlayacaq. Ona görə də, biz Rusiyada, Türkiyədə, Gürcüstanda, eləcə də İranda Qarabağla bağlı təbliğat aparırdıq. Çalışırdıq ki, Azrbaycan-İran münasibətləri normal səviyyədə olsun. Bu, onların özünə də sərf edirdi. Çünki onlar hər tərəfdə sanksiyalarla üzləşmişdilər. Buna görə də, İranın Azərbaycana qarşı belə sərt mövqe tutması onların özünə də sərf etmir. Bu gün hadisənin arxasında kimin olduğunu təsdiqləyən dəqiq fakt yoxdur. Ancaq İranın bu cinayəti ört-basdır etmək istədiyinin əlamətləri var. Bu dəqiqdir. Əgər hadisəni ört-basdır etmək istəyirlərsə, deməli, özlərinin də bu məsələdə günahları var”.

A.Nağı Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini dayandırmasına da münasibət bildirib:

“Biz səfirliyin geri çağrılmasını təklif edirdik. Bu, olduqca məntiqli addımdır. Belə durumda səfirliyin əməkdaşları üçün təhlükə var idi. Digər yandan bu, həm də yaxşı təzyiq vasitəsidir. Yəni hadisəyə etiraz bildirmək və obyektiv araşdırma üçün diplomatik təzyiq vacibdir. İndi hansısa istintaq işlərinin getdiyi demək çətindir, çünki hadisə ilə bağlı araşdırmanım aparılması hiss olunmur. Bu məsələyə hüquqi qiymət veriləndən, günahkar və onun arxasındakı qüvvələr aşkara çıxdıqdan və müqəssirlər cəzalandırıldıqdan sonra səfirlik öz fəaliyyətini bərpa edə bilər”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button