Siyasət
Niyə məhz 30 il sonra və Azərbaycan sərhədində?.. İranın təhdidlərinin səbəbi – ŞƏRH
44 günlük İkinci Qarabağ savaşından sonra İran-Azərbaycan münasibətləri gərgin xarakter alıb. Hələ müharibə dövründə İranın işğalçı Ermənistana humanitar yardımları Tehranla münasibətləri zədələmişdi. Bakı Tehranın Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana yardım etməsini narazılıqla qarşılasa da, İran islam həmrəyliyinə zidd davranışlarını davam etdirirdi.
Müharibədən sonra isə İran Azərbaycana qarşı qəzəbli və qərəzli siyasi xətt yürütməyə başlayıb.
Əvvəlcə, ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amili Azərbaycanın ünvanına təhdidlər səsləndirib. Aydındır ki, Amilinin fikirləri rəsmi Tehranın mövqeyi idi. Çünki Ərdəbilin imamcüməsi sıradan bir molla deyil. O, Xamneyinin Ərdəbil üzrə nümayəndəsi olmaqla dövlət görəvlisi statusu daşıyır.
Amilinin təhdilərindən sonra İran güc nümayişinə start verib. Azərbaycanın sərhədlərində hərbi təlimlər keçirib. Tehranın bu addımları münasibətlərdəki gərginliyi bir qədər də artırıb. Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə toxunub.
“O ki qaldı, bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır.
Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir”, – deyə ölkə başçısı bildirib.
İlham Əliyevin baş verənlərə bu şəkildə reaksiyası İran-Azərbaycan münasibətlərindəki gərginliyin göstəricisi sayıla bilər.
Bəs İran nə istəyir? Rəsmi Tehranın Bakıya qarşı təhdidlərinin kökündə nə dayanır? Prezidentin də sual etdiyi kimi niyə İran məhz indi və məhz Azərbaycan sərhədlərində hərbi təlimlər keçirir?
Mövuz ilə bağlı Qaynarinfo-ya danışan siyasi analitik Azər Rəşidoğlunun fikrincə, Tehranın Bakıya qarşı qəzəbli və qərəzli siyasətinin əsas səbəbi Türkiyənin regionda önəminin artması ilə bağlı ola bilər:
“İran istəmir ki, o ərazilərdə NATO üzvü olan Türkiyə və ya başqa bir Tehrana düşmən olan ölkə yerləşsin. Digər tərəfdən, İran həmin ərazilər vasitəsilə narkotik ticarətinə nəzarət edirdi. Artıq bu nəzarət Tehran rejiminin əlindən çıxıb. Bu isə milyonlarla dolların itirilməsi anlamına gəlir”.
Azər Rəşidoğlunun fikrincə, başqa bir səbəb Cənubi Azərbaycan amilidir:
“Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın parlaq qələbəsi Tehran da daxil, bütün İranda yaşayan 30-40 milyonluq soydaşımıza mübarizə ruhu verir. Prezident Əliyevin bu mövzuda verdiyi sərt bəyanatlar əslində paradiqma dəyişikliyidir.
Ən əsas amil isə son dərəcə sadədir. İran güclü, müstəqil, torpaqlarını cəmi 44 gün ərzində hərbi və siyasi yol ilə azad etmiş bir Azərbaycanla qonşu olmaq istəmir. Tehran Cənubi Azərbaycan türklərində millətçiliyin artacağını anlayır. İran dərk edir ki, Türkiyənin Orta Asiyaya, Xəzər dənizinə çıxış imkanı yaranır. Belə gedişat İranın bölgədəki gücünü darmadağın edir”.
Siyasi analitik hesab edir ki, İslam ölkəsi olmasına baxmayaraq, İranın demək olar ki, bütün müsəlman qonşuları ilə münasibəti bərbaddır:
“Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə İran özünü düşmən kimi aparır. Özünü İslam Respublikası adlandıran İranın bölgədə heç bir müsəlman ölkəsi ilə münasibəti normal deyil. İran Cənubi Qafqazda, Orta Şərqdə özünə vassal dövlət kimi Ermənistandan istifadə edəcəyini düşünür”.