Siyasət

BƏLƏDİYYƏLƏRƏ DÖVLƏT QURUMU STATUSU VERİLMƏLİDİR

Rəşad Bakuvi: "İflasa uğramış icra hakimiyyəti idarəetmə institutunun ləğvi barədə Anar Əsədli üç ildir danışır"

Bu günlərdə yerli özünüidarəetmə qurumlarının fəaliyyəti ilə əlaqədar Milli Məclisdə hesabat xarakterli müzakirələr olub. Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin rəsmisinin hesabatı dinlənilib. Müəyyən çıxışlar, sorğu-sual, deputatların iradları, ümumi nöqsanlar barədə fikirləri, tövsiyələri olub. Xırda istisnalar nəzərə alınmasa, son 22 ildə nə danışırdılarsa, eynisini danışıb dağılışıblar.

Məsələyə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyası başqanının siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi ədliyyə nazirinin müavinin Bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyaların aidiyyatı üzrə xərclənib-xərclənməməsindən narahatlığını ifadə etməsini gülünc adlandırıb: “Gülməlidir, doğrusu. Ədliyyə Nazirliyi hara, maliyyə məsələləri hara?! Məncə, bələdiyyələrə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyi konkret öz üzərinə düşən işlərlə məşğul olsa, daha çox faydalı olar, nəinki Bələdiyyələrə dövlət tərəfindən məqsədsiz, sadəcə, büdcə kəsirlərini örtməkdən ötrü ayrılan dotasiyaların haralara necə xərclənməsinin davasını döymək.

Hökumətin bacarıqsızlığı və səriştəsizliyini hər addımda görmək mümkündür. Televizorda, müxtəlif monitorlarda əhaliyə göstərilən, təbliğatı aparılan parıltı, “inkişaf salnamələri”, sadəcə, üsü yaxşı bəzədilmiş keyfiyyətsiz məhsul təəssüratı yaradır. Bir iqtisadçı, bazarda olan özəl sektor təmsilçisi, ictimai-siyasi xadim, bir partiya funksioneri kimi, bunu bütün məsuliyyətimlə deyirəm”.

Başqan müavini bildirib ki, istisna hallarda bir sıra faydalı işlərin adını çəkmək olar: “Lakin bütün bunlar ölkədə əhalinin nə işgüzarlıq indeksini, nə də qeyri-resurs tutumlu özəl sektorun inkişaf indeksini qaldırır, nə də ki, kasıblığın və yoxsulluğun qarşısını alır. Abşeron yarımadası və paytaxt Bakı respublika üzrə milyonlarla işsiz insanın bir tikə çörək tapa biləcəyi yeganə ümid yerinə çevrilib. Bir sözlə, ölkənin daxilində istər istimai-siyasi həyatda, istər sosial-iqtisadi planda, istər məhkəmə-hüquq sistemində, istərsə də dövlət idarəetməsi sahəsində inqilabi sayılacaq fundamental dəyişikliklər zərurətə çevrilib.

Bunlardan ən önəmlisi isə şəhər, rayon, qəsəbə və kəndlərin idarə olunması ilə əlaqədar islahatlardır. Köhnə idarəetmə forması artıq çoxdan ümidləri doğrultmur. Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli son üç il ərzində dəfələrlə bildirib ki, yerlərdə icra hakimiyyəti idarəetmə institutu artıq iflasa uğrayıb. Yerli camaatın, ictimaiyyətin etimadını çoxdan itirən, daha çox mərkəzə bağlı icra hakimiyyətlərinin ləğv edilməsi barədə az danışmamışıq. İndi bəzi məmurlar və siyasi hakimiyyətə yaxın deputatların icra hakimiyyətlərinin ləğv olunmasını açıq səsləndirməyə başlaması maraqlı tendensiyadır. Xüsusilə məlumatlı şəxs kimi tanınan hörmətli deputat Vahid Əhmədovun bu məsələdə israr etməsi gələcəyə bir ümid ifadə edir.

Partiya olaraq bizim ən çox dəyişiklik gözlədiyimiz sahə isə yerli özünüidarəetmə qurumları, bələdiyyələrlə bağlıdır. Azərbaycanda ucdantutma bütün sahələrdə gerçək mənada inkişaf, tərəqqi istəyiriksə, o zaman cəmiyyətin, konkret olaraq isə siyasi institutların, partiyaların dövlət idarəetməsində iştirakçılıq payı mütləq artırılmalıdır.

Bundan ötrü isə, bələdiyyələrin ümumi dövlət idarəetməsinin tərkib hissəsi olaraq dövlət hakimiyyətini həyata keçirən dövlət institutu qismində tanınmasına birmənalı ehtiyac var. Bələdiyyələr dövlət qurumu statusu almalıdır, nəinki xala xətrin qalmasın, yerlərdə yerli əhalinin özfəaliyyətini müstəqil və azad təşkil edə bildiyi heç bir səlahiyyəti və imtiyazı olmayan adi özəl qurum kimi qalmaq.

Yerli özünüidarəetmə qurumu – bələdiyyə institutunun real yerli hakimiyyət kimi yox, əhalinin özfəaliyyətini təmsil edən özəl bir qurum olaraq təqdim edilməsi ən ciddi yanlışlıqdır. Xüsusilə bir çox məmurların – təəssüf ki, deputatlar da onlardan geri qalmır – Bələdiyyə idarəetməsi barədə cəmiyyətdə, əhalidə səhv fikir yaratması səbəbindən indi bu qurumlara inam və etimad sıfırın altına düşüb.

Əvvəlcə bu inamı və etimadı bərpa etməliyik. Bundan ötrü isə bələdiyyələrə birdən-birə geniş səlahiyyət verilməsinin məqsədəuyğun olmaması fikrinə qarşı ciddi mübarizə aparmağa gərək var. Bu barədə danışanların ya yerli özünü idarəetməyə dair bilgisi, geniş informasiya problemi var, ya da hansısa məqsədlərə xidmət etmək üçün qəsdən yanlış qənaət formalaşdırmaqla məşğuldurlar.

AY Partiya belə məmurlara, deputatlara treninq verməyə hazırdır, gəlsinlər onlara izah edək ki, bələdiyyələrə birdən-birə geniş səlahiyyət verilməsi nəinki məqsədəuyğundur, hətta zəruridir! Uzun yazmaq istəmirəm, bir faktı qeyd edim ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin son 21 il ərzində Azərbaycana yönəlik qəbul elədiyi üç Töfsiyəsi hələ də baxılmamış qalıb. Töfsiyələrə əməl olunsaydı, indi bu sahədə kifayət qədər uğurlarımız olacaqdı. Görünən odur ki, siyasi hakimiyyət səlahiyyət və məsuliyyət bölgüsünə getməyə hələ hazır deyil.

Halbuki cəmiyyətdə, elə siyasi partıyaların özündə də dövlət idarəetməsində iştirak etməyə hərtərəfli potensialı yetəcək xeyli sayda insan var. Bu potensialdan istifadə olunmalıdır. Ölkənin ictimai-siyasi həyatında bizə xeyli zərər vurmuş kin-küdurətə, düşmənçiliyə, şiddətə, nifrətə son qoyub respublikamızın və xalqımızın tökülüb-qalan ağrılı problemlərini həll etmək zamanıdır. Bu məsələdə siyasi hakimiyyətin üzərinə daha böyük məsuliyyət və iş düşür.

Bundan ötrü yerli özünüidarəetmə sahəsində praktiki effekti olacaq islahatlar keçirməklə, ilk növbədə, bələdiyyələrin statusunun müəyyənləşdirilməsi yaxşı başlanğıc ola bilər. Ardınca isə bələdiyyələrə müvafiq səlahiyyətlər verilməli və ona uyğun maliyyə mənbələri ilə təmin edilməlidir. Ən sonda bütün siyasi partiyaların bərabər qaydalar şəraitində iştirak etdiyi azad və ədalətli bələdiyyə seçkilərinin keçirilməsi barədə siyasi iradə ortaya qoymaqla, Azərbaycanda ciddi dəyişimin əsasını yarada bilərik.

Bütün bunları etməyə siyasi iradəniz varmı? Doğrusunu desəm, bilmirəm. Bunları etməyə ən yüksək səviyyədə siyasi iradəniz yoxdursa, o zaman çıxıb hər dəfə saxta rəqəmlərlə xalqımıza nağıl danışmayın. Axırda göydən düşəcək üç alma camaatın qarnını doyuran deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button