Azər Rəşidoğlu: “Azərbaycan Rusiya üçün Əfqanıstan deyil”
Ermənistan rəsmilərindən sonra Rusiya təmsilçiləri də rus sülhməramlılarının Qarabağda hansı müddətə qalacağı ilə bağlı açıqlamalar veriblər. Rusiya Elmlər Akademiyasının Şərqşünas İnstitutunun direktor müavini, politoloq Aleksandr Skakov iddia edib ki, sülhməramlılar Qarabağda yaşayan ermənilərin mövcudluğunun qarantıdır və rus silahlı birləşmələri 5 il sonra oradan uzaqlaşmayacaq. Çünki rusla daha çox uzun müddətlik orada qalmağa gəliblər: “Azərbaycan Silahlı Qüvvələrinin sərhəddəki varlığının əsası Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşdirilməməsi problemidir. Bu problem təkcə Ermənistan və Azərbaycana aid deyil. Problemin həlli üçün danışıqlar lazımdır, məsələnin araşdırılması zəruridir”.
Xatırladaq ki, son bir həftə ərzində əvvəlcə Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Qriqoryan, ardınca Qarabağ separatçılarından biri rus sülhməramlılarının bölgədə daha uzun müddət qalmasının “vacibliyindən” dəm vururlar. Hətta erməni rəsmilər rusiyalı həmkarlarından bununla bağlı “təminat” aldıqlarını da bildirirlər. Onsuz da Azərbaycan cəmiyyətində Rusiya sülhməramlıları ilə bağlı birmənalı münasibət yoxdur. Daha doğrusu, əksəriyyət rusların Qarabağda varlığından ciddi narahatlıq keçirir.
Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı qərar yoxdur. Analitikin fikrincə, Rusiya bölgədə uzun müddət qalmaq arzusundadır: “Ermənistanda istəyir ki, Rusiya burada qalsın. Qərara görə, sülhməramlılar 5 ildən sonra bölgəni tərk etməlidirlər. Onu da qeyd edim ki, rus sülhməramlılarının burada olmasının qanuniliyi sual altındadır. BMT və beynəlxalq qurumlar Rusiyaya belə bir imtiyaz verməyiblər, Azərbaycan parlamenti bu qərarı təsdiqləməyib. Azərbaycan savaşda qalib gəlib. Artıq rus sülhməramlılarına ehtiyac da yoxdur. Bakı separatçılıqda iştirakı olmayan Xankəndi sakinləri ilə birbaşa danışıqlara gedə və onların təhlükəsizliyinə zəmanət verə bilər. Digər tərəfdən, Türkiyənin Şuşa, Bakı, Gəncə və Naxçıvanda hərbi hissələrinin yerləşdirilməsi məsələsinə də baxa bilərik. Azərbaycan Rusiya üçün Əfqanıstan deyil. Odur ki, onların bölgə ilə bağlı iddiaları da yersizdir. Rusiyanın başı onsuz da özünə, sosial və iqtisadi problemlərə qarışıb. Əlavə problem Moskvaya lazım deyil. Ümid edək ki, Kreml də bu həqiqəti anlayacaq”.