
Ərdoğan Şuşadan kimlərə və hansı mesajları verəcək?
“Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana, Şuşaya səfəri, orada aparılacaq danışıqlar, imzalanacaq sənədlər həm siyasi baxımdan böyük dividend gətirir, həm də İkinci Qarabağ savaşından sonra faktiki olaraq müharibənin nəticələrinə beynəlxalq dəstək ifadə edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü səfərinin Rusiyaya və revanşist ermənilərə mesajı nədir və nikbinliyə hansı əsaslar var, sualına cavabında deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə danışıqları, əməkdaşlığın genişlənməsi, xüsusən işğaldan azad olunmuş rayonların bərpası ilə bağlı Türkiyə tərəfinin iştirakı ikitərəfli məsələlərə xidmət edir: “Amma Ərdoğanın məhz Şuşada danışıqlar aparması, Şuşaya səfəri ilk növbədə Ermənistan üçün ciddi mesajdır. Ermənistanda müyyən revanşist qüvvələr var. Onlar seçki ərəfəsində Ermənistan cəmiyyətində müharibə əhval-rühiyyəsini qızışdırırlar, səs almağa, ölkənin gələcəyi ilə bağlı müharibə notları səsləndirirlər. Həmin qüvvələrə Ərdoğanın səfərinin mesajı ondan ibarətdir ki, bölgə indiki halında sabitdir, müharibənin bərpa olunması mümkünsüzdür. Əgər belə bir addım atılarsa, Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır və Azərbaycandan öz dəstəyini əsirgəməyəcək”.