Siyasət
Əli İnsanovun partiyası növbəti seçkilərə qatılacaq? – Açıqlama
“Növbəti seçkilərdə iştirak edib-etməməyimiz partiyanın qərarından asılı olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında ötən gün dövlət qeydiyyatına alınan Haqq Ədalət Partiyası (HƏP) sədrinin birincü müavini, Osloda yaşayan polkovnik İsa Sadıqov deyib.
Sədr müavini bildirib ki, istər Prezident, istərsə də parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar açıqlanandan sonra partiyanın İdarə Heyəti seçkidə iştirakla bağlı qərar verəcək:
“Haqq Ədalət Partiyası 21 oktyabrda qeydiyyata alınıb və Ədliyyə Nazirliyi tərəfindən rəsmi tanınmış partiyadır. Biz demokratik partiyayıq”.
İsa Sadıqov qeyd edib ki, bu günə kimi partiyanın 79 rayonda şöbələri yaradılıb:
“Partiyaya üzv olmaq üçün müraciət edənlərin sayı günbəgün artır. Bu bir il yarım müddət ərzində çox böyük işlər görülüb. Minlərlə insan müraciət edərək sıralarımıza qoşulmaq istədiklərini bildiriblər. Azərbaycanda fəaliyyət göstərən bütün partiyalarla səmimi münasibətimiz var. Qapılarımız hər kəsə açıqdır və bütün partiyalarla əməkdaşlığa hazırıq”.
Qeyd edək ki, Haqq Ədalət Partiyasının sədri sabiq səhiyyə naziri Əli İnsanovdur.
Onu da qeyd edək ki, partiya sədrinin birinci müavini İsa Sadıqov 1993-1995-ci illərdə Müdafiə Nazirliyində briqada, korpus komandiri və qərb bölgəsində Mudafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsində xidmət edib. 1995-ci ildə istefa verib ordu sıralarını tərk edib. 2001-ci ildən Norveçin Oslo şəhərində yaşayır.