Ölkə içi
Şəhid xanımının vəfat etdiyi qəza barədə yeni faktlar – TƏFƏRRÜAT
Oktyabrın 21-də Kürdəmir rayonu ərazisində Vətən müharibəsi şəhidi, “Qarabağ” ordenli mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın və daha bir nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Hadisə vaxtı 35 yaşlı Günel Ələsgərovanın oğlu da maşında olub və xoşbəxtlikdən o, heç bir xəsarət almayıb. Uşaq hadisə yerinə gələn qohumlarına təhvil verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Kürdəmir-Zərdab yolu ilə hərəkətdə olan avtomobil saatda 100 kilometrdən artıq sürətlə hərəkət edirmiş. Avtomobili idarə edən Günel Ələsgərova və ön oturacaqda əyləşən sərnişini, 39 yaşlı Tağıyev Emin Ağamir oğlu təhlükəsizlik kəmərindən istifadə etməyib. Sürücünün idarəetməsindən çıxan avtomobil yolun kənarına aşarkən zərbədən onların ikisi də maşının sınan pəncərəsindən çölə düşüblər və hadisə yerində vəfat ediblər. Arxa oturacaqda olan uşaq isə hadisə yerinə gələn şəxslərin köməkliyilə maşından çıxarılıb. G.Ələsgərovanın telefonu ilə onun qayınatası, şəhid Rəhim Hüseynovun atasına məlumat verilib və o, təcili şəkildə hadisə yerinə gəlib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.//Publika.az