Ölkə içi
İş adamının başına gələn şok olayın detalları: “Mahmudov deyir, gözlə…”
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun iş adamı Hüseyn Səfərovdan hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etmələri məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mövlam Şıxəliyev bildirib ki, 2004-cü ildən 2009-cu ilin dekabrına kimi “Kapital Bank” ASC-nin “Tərəqqi” filialının müdiri vəzifəsində işləyib: “1 oktyabr 2008-ci ildə istifadə etdiyim mobil nömrəyə xatırlamadığım nömrədən zəng gəldi. Zəng edən şəxs məni MTN-ə çağırdı. İstintaq baş idarəsinin şöbə rəisi Vüsal Ələkbərovun yanında oldum.
Vüsal əvvəlcə Mahir adlı müstəntiqə mənim izahatımı almağı tapşırdı. Sonra isə hədə-qorxu gəldi. Bildirdi ki, biz nə deyirik, onu yaz, problem yaratma, hər şeyi düz danış. Mənə təsir göstərərək “Texnikabank”ın filial müdiri Zal Yusifovla əlbir olduğumu dedi. Zalla heç bir əlaqəmin olduğunu izah etsəm də, Vüsal bildirdi ki, indi Zal üzünə durar, sən də görərsən. Bundan sonra Zalın barəsində cinayət işinin istintaqının aparıldığını, işin rəhbərinin Vüsal Ələkbərov olduğunu başa düşdüm”.
Hüseyn Səfərov qeyd edib ki, həmin gün o, Zal Yusifovla əlbir olub, “Texnikabank”ın filialına övladları və digər tanışlarının vasitəsi ilə qoyulmuş pulların mənimsənilməsində iştirak etməkdə şübhəli şəxs kimi tutulub: “Əslində isə həmin filiala qızlarım Səkinə Seyidova 100 min dollar, Günay Məmmədova 30 min dollar, oğlum Rüstəm Səfərov 125 min dollar qoyub. Xatırlamadığım tanışlarımın da həmin filialda əmanətləri olub”.
Zərərçəkmişin ifadəsinə görə, növbəti gün Vüsal Ələkbərov ondan nə qədər pul ödəyə biləcəyini soruşub: “Pulumun olmadığını dedim. Vüsal məndən iki gün ərzində bir neçə dəfə 2 milyon dollar tələb etdi. Mən isə pulu verə bilməyəcəyimi dedim. İki gündən sonra Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edildim. Həbsdə olduğum müddətdə Vüsal müntəzəm olaraq məndən təkidlə 2 milyon dollar verməyimi tələb etdi. İmkanımın olmadığına and içdikdə isə Vüsal deyirdi ki, eləməyəcəksən, içəridə qalacaqsan, buradan çıxa bilməyəcəksən. Həmin ərəfədə MTN paralel olaraq mənim bacımın qaynı Nizami Kazımovu da tutaraq ondan pul tələb etdi. Nizami pulu verəndən sonra sərbəst buraxıldı”.
Hüseyn Səfərovun sözlərinə görə, Vüsal Ələkbərov 2008-ci ilin dekabrında ona “bax sənin qohumun Nizami pulu çatdırdı, onu buraxdıq, sən içəridə qalacaqsan” deyib: “Bundan sonra vəkilim vəsaitəsi ilə evə xəbər göndərdim, həbsdə qalmağa dözə bilmədiyimi dedim cə sərbəst buraxılmağım üçün 2 milyon dollar tapmalarını tapşırdım. Nizami Kazımov həbsdən çıxandan bir həftə sonra Vüsal Ələkbərov öz xidməti otağında mənim yanımda oğlum Rüstəmə zəng edərək pulu soruşdu. Rüstəm isə pulun bir qismini düzəltdiyini bildirdi. Oğlumun ad günündən bir-iki gün qabaq, yəni 14 və ya 15 dekabr 2008-ci ildə Rüstəm və kürəkənim Məmməd Məmmədov günortadan sonra MTN-in binasının yanında Vüsal Ələkbərova pul verdilər. Vüsal Ələkbərov pulu alandan sonra onun otağında idim. Vüsal əlində “Nike” markalı çantanı adını və xarici görünüşünü xatırlamadığm iki nəfərlə birlikdə gətirdi. İçərisində 1.650.000 dollar olduğunu və oğlum Rüstəmdən aldığını, həmçinin pulun qalanını həbsdən çıxandan sonra gətirməyimi dedi”.
Hüseyn Səfərovun ifadəsinə görə, növbəti gün həkim komissiyası çağırılıb, ona baxılaraq ağır xəstəliyi ilə bağlı rəy verilib:
“Səhhətimdə həqiqətən problem vardı. Ürək, təzyiq və şəkər xəstəliklərindən əziyyət çəkmişəm. Vüsal Ələkbərovla danışığımıza əsasən həmin gün buraxılmalı olsam da, bildirdi ki, rəhbərlik deyir gözlə. Vüsal “rəhbərlik” deyəndə Eldar Mahmudovu nəzərdə tuturdu. Beləcə dekabrın 19-da Vüsal Ələkbərovun otağında oturaraq buraxılmağım üçün Eldar Mahmudovun komandasını gözlədim. Bu zaman istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev Vüsal Ələkbərova zəng etdi, danışığından aydın oldu ki, Eldar Mahmudov azadlığa buraxılmağıma razılıq verib.
Həmin gün Vüsal Ələkbərovun qərarı ilə barəmdə həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə dəyişdirildi. Saat 18 radələrində MTN-in istintaq təcridxanasından buraxıldım. MTN-dən çıxanda oğlum və digər qohum-əqraba məni qarşıladılar, məni evimə apardılar. Oğlumdan öyrəndim ki, ona, qızlarıma və özümə məxsus “BMW X6”, “Hyundai”, “Lexus”, “Range Rover” markalı avromaşınlar, evdə olan bütün qızıl-zinnət əşyaları satılıb, bir nəfərdən borc müqaviləsi ilə 330 min manat, çoxlu sayda qohum-əqrabadan borc alıblar”.
Hüseyn Səfərov bildirib ki, bundan sonra bütün ailə üzvlərinin adına bankdan kredit götürərək qalan 350 min dolları Vüsala çatdırıb: “Bu müddətdə Vüsal mənə dəfələrlə zəng edərək işə xitam verilməsi üçün qalan pulun çatmalı olduğunu dedi. Hətta pulu iki dəfəyə çatdırdığımdan əlavə olaraq 500 min dollar tələb etdi. Mən isə yalvarandan sonra 350 min dollara razılaşdı. Həmin pulu təxminən 3-4 ay sonra MTN-in arxa buraxılış məntəqəsinin qarşısında oğlum Rüstəmlə birlikdə Vüsala verdim.
Bundan sonra 2009-cu ilin iyununda barəmdə cinayət təqibinə xitam verildi. Vüsal Ələkbərov bu barədə zəng edərək mənə məlumat çatdırdı. Mən də nazirliyə gedərək qərarla tanış oldum, imza ataraq qərarın sürətini götürdüm. Həmin vaxt Nizami Kazımov da oraya xitam qərarını almaq üçün gəlmişdi. Tələb olunan pulu Vüsal Ələkbərova barəmdə seçilmiş həbs qətimkan tədbirinə və cinayət təqibinə xitam verilməsi üçün vermişəm.
Pulun alınması şəxsən Eldar Mahmudovun göstərişi və Mövlam Şıxəliyevin tələbi ilə baş tutub. Həbsdən azad olunduğum gün Mövlam Şıxəliyev məni qəbul etdi, bildirdi ki, sən içəridə yatmağa layiq adam deyildin, belə şey olar? Vüsal Ələkbərov isə mənə pulu Eldar Mahmudovun göstərişi və Mövlam Şıxəliyevin tələbi ilə aldığını, özbaşına hərəkət etmədiyini dedi”.
Hüseyn Səfərov qeyd edib ki, barəsində cinayət işinə xitam veriləndən sonra da Vüsal Ələkbərov onunla əlaqə saxlayıb: “Vüsal Ələkbərov məndən iki ədəd “Vertu” markalı mobil telefon istədi. 2009-cu ilin mayında Heydər Əliyev sarayının yaxınlığındakı mobil telefon dükanlarından hər birinin dəyəri 6 min 500 manat olan, ümumilikdə 13 min manat dəyərində “Vertu” markalı iki ədəd mobil telefonu alaraq Vüsal Ələkbərova xidməti otağında təklikdə verdim”.
Hüseyn Səfərovun ifadəsinə görə, bundan əlavə MTN əməkdaşları yaşadığı mənzildə axtarış aparan zaman ona məxsus “Vinçester” markalı ov tüfənginə aid sənəd götürdüklərinə görə Vüsal Ələkbərov istər istintaq zamanı, istərsə də 2009-cu ilin yay aylarında metronun “Gənclik” stansiyasının yaxınlığındakı pivəxanada olarkən təkidlə həmin tüfəngi ondan istəyib: “Mən də 1-2 gün sonra silahı evdən götürdüm, Vüsalın dediyi yerə, yəni “Qələbə” kinoteatrının yanına gəldim. Vüsalın idarə etdiyi “Nissan X-trail” markalı maşında tüfəngi ona verdim.
Sonra birlikdə həmin avtomaşında dənzi vağzalının yanında qarşısına getdik. Orada Vüsal tüfəngi özünün deməsinə görə Hava Nəqliyyatında polis işləyən adını bilmədiyim qardaşına verdi. Tüfəngi, o cümlədən mobil teıefonları Vüsala öz təşəbbüsümlə hədiyyə kimi verməmişəm. Əsassız olaraq məsuliyyətə cəlb edidliyimə görə hansısa problem yaranacağından ehtiyat etdiyimdən silahlı Vüsalın təkidli tələbi ilə verməyə razılaşmışam”.
Hüseyn Səfərov deyib ki, həbsdən azad edildikdən sonra borcları qaytarmaq üçün yaşadığı Bakı şəhəri, Naxçıvani küçəsi ev 14, mənzil 16 ünvanındakı evini, Naxçıvan şəhərində 4 otaqlı mənzilini, avtomaşınları, obyektləri dəyərindən aşağı qiymətləri satmağa, banklardan kredit götürməyə məcbur olub. Qeyd edib ki, 2016-cı ildə martın əvvəllərində Mövlam Şıxəliyevə zəng vurub: “Vüsal Ələkbərovun aldığı pulun məhz Mövlam Şıxəliyevin göstərişi ilə məndən istənildiyini, onun Vüsal Ələkbərovla əlbir olduğunu dedim, məndən zorla alınan pulu geri qaytarmasını tələb etdim. Mövlam Şıxəliyev həmin danışıq zamanı görüşməyi təklif etsə də, sonradan görüşdən yayındı”.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.