Həkim: Bəxtiyar Hacıyev komaya düşə bilər
Həbsxanada 32 gündür aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevi fevralın 9-da həkim Adil Qeybulla və Bakı istintaq təcridxanasının tibbi-sanitariya hissəsinın həkimləri yenidən müayinə edib.
Jamaz.info xəbər verir ki, professor Adil Qeybulla “Turan”-a deyib ki, Hacıyevin çəkisi 69,3 kiloqrama düşüb.
Qeybulla onu da bildirib ki, Hacıyev su-duz balansını bərpa etmək üçün infuziyadan (sistem) imtina edib. Onun sözlərinə görə, təzyiqin və qan şəkərinin səviyyəsinin aşağı düşdüyünü nəzərə alsaq, aclıq aksiyasının davam etdirilməsi komaya səbəb ola bilər.
Fevralın 9 da Avropa İttifaqının (Aİ) Bakıdakı missiyası Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.
Aİ-nin Bakı nümayəndəliyi Hacıyevin səhhətinin kəskin şəkildə pisləşməsindən çox narahat olduğunu bildirib.
“Biz hakimiyyəti onu ən qısa zamanda azad etməyə və vətəndaş cəmiyyətinin təhlükəsizlik mühitində fəaliyyəti üçün əlverişli şərait yaradılması istiqamətində işləməyə çağırırıq”, – missiyasının “Facebook” səhifəsində bildirilib.