“Azərbaycan məktəbi” jurnalının baş redaktoru ailmlərin pulunu mənimsəyib – AMEA DİN-ə şikayət edib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.
Bu barədə AMEA-nın mətbuat xidmətindən bildirilib. Məlumata görə, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə dair inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.
Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırma aparır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib.