Əvəz Zeynallının xanımı jurnalistin səhhətinin pisləşdiyini bildirib
Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb.
Jamaz.info xəbər verir ki, bu barədə Turan-a jurnalistin xanımı Məlahət Qisuri bildirib.
Yüksək qan təzyiqi və şəkərin yüksək olması kataraktanı ağırlaşdırıb və jurnalistin görmə qabiliyyəti xeyli zəifləyib. Hazırda təcili əməliyyata ehtiyacı var.
Zeynallının xanımı onun müayinəsi və müalicəsinin təşkili üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə, baş prokurora və ombudsmana müraciət edib.
“Digər tərəfdən, Əvəzə qarşı haqsızlıq onun səhhəti üçün təhlükəni artırır. Müalicə üçün itirilən hər gün sağlamlıq üçün riskləri artırır”, – Gisuri deyib.
O, müraciəti ünvanladığı şəxslərdən Zeynallının təcili tibbi müayinəsinin təmin olunmasını və onun ailəsilə əlaqə saxlamasına şərait yaradılmasını xahiş edir.
Bundan öncə istintaq orqanı Zeynallının telefon danışıqlarına və yaxınları ilə görüşlərinə qadağa qoyub.
Müdafiə tərəfi bu qərardan şikayət verib. Lakin məhkəmə şikayəti təmin etməyib, apellyasiya instansiyası isə bu qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, sentyabrın 10-da vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də isə məhkəmə hər ikisini həbs edib.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.
Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1 maddəsilə (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.