Hazırda Qarabağda olan, müətəmadi şəkildə Azərbaycanın əleyhinə danışan və addımlar atan, habelə Qarabağın Azərbaycandan ayrılması üçün bütün vasitələrdən istifadə edən Ruben Vardanyan sabah İrəvanda keçirilən 6-cı Beynəlxalq Tibb Konqresində iştirak edəcək. JAMAZ.İNFO xəbər verir ki, o, həmin tədbirin Ermənistan-Qarabağ-Diaspora əməkdaşlığı bölməsinin plenar iclasına spikeri kimi qatılacaq.
Qeyd edək ki, Ruben Vardanyan Azərbaycanda arzuolunmaz şəxs hesab edilir. Onun separatçılıq fəaliyyəti, habelə Qarabağda bu istiqamətdə maliyyə sərf etməsi haqqında cinayət işinin açılmasını şərtləndirir. Lakin rəsmi Bakı hələlik məsələ ilə bağlı konkret addım atmayıb.
Lakin burada bir məsələ var. Təbii ki, Vardanyanın Qarabağdan getməsi bizim üçün hər hansı problem yaratmır. Əksinə, rus kuklasının torpaqlarımızdan çıxması müsbət haldır. Amma maraqlı olan odur ki, Ruben Vardanyan təkrar Xankəndində qayıdacaqmı? Qayıdacaqsa, bunu hansı yolla həyata keçirəcək? Azərbaycan onun Xankəndinə keçməsinə icazə verəcəkmi?
Digər sual da budur ki, əgər Vardanyan Xankəndinə keçməyə nail olsa, o zaman Laçındakı Sərhəd Buraxılış Məntəqəsi nə işə yaradığı sual altına düşəcək. Çünki konkret olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, separatçılıqla məşğul olan, habelə terrorçuluğu maliyyələşdirən, özü də Ermənistan vətəndaşı olan birinin sərhəddən buraxılması Bakı üçün yaxşı hal sayılmamalıdır. Hər halda gözləyək və görək, rəsmi Bakı hansı addımı atacaq.