
Ucar rayonu Alpout kəndinin bir qrup sakini JAMAZ.İNFO-ya müraciət edərək, icra başçısı Mənsur Mməmmədovdan şikayətçi olduqlarını bildiriblər. İsmayılov Kamran Etibar oğlu, Cəlilov Samir Əmir oğlu, Əliyev Fərhad Mövsüm oğlu, Məmmədov Bəhruz Mahir oğlu, Abbasov Mirzə Səhrab oğlu və Əliyev Kamil Nüsrət oğlu tərəfindən ünvanlanmış şikayət məktubunda deyilir ki, Ucarın icra başçısı ümumi istifadədə olan örüş yerini qanunsuz olaraq əkdirməklə kənd sakinlərinə ciddi ziyanlar vurub.
Onlar qeyd ediblər ki, əsas məşğuliyətləri əkinçilik və heyvandarlıqdır. “Ancaq ümumi istifadədə olan örüş yerlərimizdə qanunsuz olaraq əkin işləri aparılıb. .Alpout kəndində “Bəy yeri” deyilən ərazidə 24 hektar örüş yerində icra başçısı Mənsur Məmmədov qanunsuz olaraq əkin işləri aparıb. Hansı ki, həmin 24 hektar torpaq sahəsinin təyinatı örüşdür. Kənd sakinləri həmişə orada iri və xırdabuynuzlu heyvanlarını otarıblar”.
Onlar iddia edirlər ki, Mənsur Məmmədov Ucar və Göyçay rayonlarında da yüzlərlə hektar torpaq sahələrini qanunsuz ələ keçirib. “İndi biz kənd sakinləri heyvanlarımızı otarmağa yer tapmırıq. Həttda məlumat almışıq ki, Mənsur Məmmədov Göyçay rayonunda icra başçısı vəzifəsində işləyən zaman həmin rayonun Çərəkə kəndində 60 hektar örüş torpaqğını qanunsuz qazdıraraq, balıq yetişdirmə gölü yaradıb. Ona məxsus olan vətəgənin digəri isə Göyçay rayonunun Müskürlü kəndində yerləşir”.
Alpout sakinləri deyirlər ki, icra başçısı Mənsur Məmmədovun bütün kənd təsərrüfatı işlərini Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Səfərov aparır. “Rəhman Səfərov və icra hakimiyyətinin Araz adlı əməkdaşı hər səhər işə gəlmək əvəzinə icra başçısına məxsus fermalara, əkin sahəlirənə gedirlər”.
Şikayətçilər müraciətlərinin araşdırılması və onlara köməklik göstərilməsi üçün Prezidentdən xahiş ediblər ki, məsələni diqqətdə saxlasın.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.