“Mən ötən ilin dekabrında Nikol Paşinyanla görüşərkən, onunla dəhliz barədə söhbət etdim. O mənə dedi ki, dəhliz sözünü işlətməyim. Çünki bu barədə söhbət gedə bilməz”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni siyasətçi Stepan Safaryan deyib.
Onun sözlərinə görə, müzakirə olunan məsələ Azərbaycanla Naxçıvanı birləşdirəcək və Sünikdən keçəcək nəqliyyat xətti ilə bağlı olub. “Paşinyan deyir ki, əgər söhbət hansısa dəhlizdən gedirsə, o zaman digər dəhlizlər də olmalıdır. Əgər Azərbaycan Naxçıvana gedəcək yolu dəhliz hesab edirsə, Ermənistanın buna cavabı buidur ki, Naxçıvandan da bizim üçün dəhliz açılmalıdır”.
Safaryan Minsk Qrupu və danışıqların başlaması ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, onlar Minsk Qrupunun mövcud olmadığına şahiddirlər. “Nə qrup var, nə də Minsk. Onlar hazırda bu formatı qoruyub, saxlamağa çalışırlar. Bunun Ermənistan üçün nə qədər faydalı olacağı məlum deyil. Bunu indidən müzakirə etmək də lazım deyil. Lakin aydın olan məsələ odur ki, Minsk Qrupu anlayır ki, əgər o sıradan çıxarsa, regionda yeni bir format yaradılacaq. Söhbət Türkiyənin təklif etdiyi 3+3 formatından gedir. Əgər Minsk Qrupu mövcud məsələlərin müzakirəsindən kənarlaşdırılarsa, onun yerini dolduracaq başqa format işə başlayacaq. Hansı ki, həmin formatda onun yeri olmayacaq. Onu deyə bilərəm ki, Ermənistanın hazırkı addımları Minsk Qrupunu xilas etməyə yönəlib. Hərçənd müharibə zamanı gördük ki, Minsk Qrupunun verdiyi bəyanatlara əhəmiyyət verən yoxdur. Və müharibənin Rusiya tərəfindən dayandırılması, onların vəziyyətini daha da pisləşdirdi. Hazırda isə Minsk Qrupu özü özünü xilas etməyə çalışır”.