Qarabağdakı separatçılar düşdükləri durumdan çıxmaq üçün müzakirələrə başlayıblar. Onlar Azərbaycanın tərkibində olmamaq üçün erməni sakinlərin beyinlərini yumaqla məşğuldurlar.
JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçıların nümayəndəsi Samvel Babayan ötən gün Xankəndidə görüş keçirib. O, hal hazırda atmalı olduqları addımlar barədə danışıb. “Mövcud vəziyyətdə nə etməliyik? Əgər Rusiya sülhməramlıları Qarabağı Ermənistan və xarici aləmə bağlayan yolu aça bilmirsə, o zaman ərzaq və digər zəruri məhsullarla təmin olunmaq üçün yük avtomobillərinin sayını artırmalıyıq”.
Babayan daha sonra deyib ki, Qarabağı Ermənistanla birləşdirən yeni yolu çəkmək də variantlardan biridir. “Biz deməliyik ki, heç olmasa düşmənin nə istədiyini anlayana qədər bunu edək. Qaz, işıq, rabitə kabelləri yolun bizə aiid olan tərəfinə gətirilməlidir. Bundan başqa, biz yolumuzun Qaladarəsinə qədər olan hissəsini özümüz tikməliyik”.
Separatçı müharibə istəmədiyini iddia etsə də, ordu yaratmağın tərəfdarı olduğunu vurğulayıb. “Mən müharibə üçün gəlməmişəm. Bununla belə, peşəkar ordu mexanizminə keçmək lazımdır. Bizə ordu, qüdrətli ordu yaratmaq lazımdır”.