“Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirib. O, “Report”a açıqlamasında bildirib ki, Rafael Cəbrayılov onu aldadıb.
“Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım pulu verdim. Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi. Mən də borc verdim, qaytarmadı və sonra da başladı aldatmağa. Həmin borc hələ illər əvvəl, pulların ölmədiyi və diri olduğu vaxtda (devalvasiyadan əvvəl) verildi, sadəcə 40 mini qaytardı, 160 min isə qaldı. O zaman hələ dollar qalxmamışdı.
Vallah, nə bilim, inandım. Adam var borca milyon da verir. Verməsən də olmur axı… Baxırdın ki, qəşəng qalstuk, kostyum geyinib və savadlı adamdır. Özünü çox yaxşı, mədəni, tərbiyəli aparırdı. Kostyumu var, papağı var, deyirsən kişidir də, inandım verdim. Nə biləsən ki, bu, belə olacaq”.
Qeyd edək ki, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Aaxundov bu açıqlaması ilə keçmiş spiker Oqtay Əsədovu da hədəfə çevirib.