Fikrət Fəraməzoğlu
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Terror hadisəsi nəticəsində Səfirliyimizin bir əməkdaşı Şəhid olub, iki əməkdaşı isə yaralanıb.
Öncəliklə hadisənin mahiyyətinin nədən ibarət olmasını araşdıraq. Son zamanlar İranla Azərbaycan arasında münasibətlərin gərgin olduğu sirr deyildi. Bütün diplomatik dairələr də təsdiq edirdilər ki, Bakı və Tehranın münasibətləri pis məcrada davam edir.
İranın Ermənistana açıq şəkildə siyasi, diplomatik və hərbi dəstək verməsi, Zəngəzur məsələsini özünün “qırmızı xətti” elan etməsi, hətta Qarabağdakı separatçılara belə silah ötürməsi də gizlin fakt sayılmır. Heç İran da bunun bir çoxunu gizlətmir. Bu ölkənin İrəvandakı səfiri Zahurinin son açıqlamasında da Tehranın nə etmək istədiyi aydın vurğulanıb. “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”.
Bəs, Tehranda baş verən hadisə nə idi? Nəyə hesablanıb? İranın məqsədi nədir?
Aydın məsələdir ki, Tehrandakı Səfirliyimizə silahlı basqın terrordur və həmin terrorun arxasında da İran rejimi dayanır. Daha dəqiq ifadə etsək, bu terrorun təşçkilatçısı SEPAH-dır. Bunu təsdiq etmək üçün uzağa deyil, elə hadisənin görüntülərinə diqqət yetirmək kifayətdir. Diqqət edin: Terrorçu maşını səfirliyin önündə saxlayır, əlindəki silahla aşağı enir və Səfirliyin mühafizəsindən məsul olan İran polisi heç bir addım atmır. Əksinə, terrorçunun silahla Səfirliyin binmasına daxil olmasına reaksiya vermək əvəzinə, özünə çay süzür. Bunun özü o deməkdir ki, hər şey qabaqcadan planlaşdırılıb və polisin reaksiya verməməsi də bunun təzahürlərindən biridir.
İran bununla Azərbaycana mesaj verməyə çalışıb. Bəzi təhlilçilər hadisəni İranın Azərbaycana qarşı hibrid müharibəsi kimi təqdim edirlər. Düzdür, bu yanaşma doğrudur. Lakin bu hibrid müharibənin də konkret səbəbləri olmamış deyil.
Əvvəlcə, onu qeyd edək ki, İran molla rejimi törətdiyi cinayəti üzərindən atmaq, yaxasını kənara çəkmək üçün məsələni “məişət zəminində baş verən hadisə” kimi təqdim etməyə çalışır. Yaxın günlərdə saxlanılan terrorçunun bununla bağlı “etiraf” videosunu yayhacaqlarına da şübhə yoxdur. Bu məsuliyyəti üezərlərindən atmaq, izi azdırmaq və ehtimalları özlərindən uzaq tutmaq üçün cəhdlərdən biri sayılır. Lakin elə ilk başdan İran tərəfi iki ciddi səhvə yol verib. Birincisi, mühafizəni təşkil edən qapıdakı polisin davranışı, ikincisi isə hadisə baş verəndən sonra terrorçunun erməni olması versiyasını ortaya atılmasıdır. Daha sonra isə bunu “məişət zəmnində münaqişə” kimi təqdim etməsi isə bir ayrı birabırçılıqdır.
Məqsəd nədir? İran İsrail və Qərblə son zamanlar xeyli yaxınlaşan, bundan da vacib olan mühüm bir layihənin əsas aprıcısı olan Azərbaycanın qarşısını kəsmək üçün mütləq təxribata və terrora əl atmalıydı. Daha doğrusu, bu terror hadisəsi gözlənilən idi.
Belə ki, Azərbaycan Türkiyə ilə birlikdə Orta Asiya və Çinin də iştirakçısı olduğu Orta Dəhliz layihəsinin əsas firuqlarından biridir. Hələ Bakı Dəniz Limanının şəhərin mərkəzindən çıxarılıb, Ələtə daşınması təsdiq edir ki, plan müharibədən öncə işə düşüb və hazırda da yekunlaşmaq üzrədir.
Orta Dəhliz Uzaq Şərqdən Britaniyaya qədər uzanan böyük nəqliyyat yoludur. Dəhlizin uzunluğu 7500 km-dir. İllik yükdaşıma dövriyyəsi imkanları isə 710 milyard dollar hesab olunur.
Sual oluna bilər ki, bu dəhlizin işə düşməsinin İrana nə kimi problemi var? Qeyd edim ki, birbaşa dəxli var. Çünki Orta Dəhliz işə düşərsə, bu Şimal və Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini itirməsi deməkdir. Səbəb də budur ki, Uzaq Şərqdən Avropaya uzanan nəqliyyat dəhlizi Rusiyanın içindən keçir və uzunluğu 12 min km-dir. Cənib nəqliyyat dəhlizi isə Çindən başlayıb, okean üzərindən İran da daxil Avropaya çıxır ki, bu dəhlizin də uzunluğu 10 min km-ə yaxındır. Və bunların fonunda yükləri Avropaya çatdıra biləcək uzunluğu 7500 km olan Orta Dəhliz işə düşür. Bu o deməkdir ki, Şimal dəhlizi ilə 30-35 günə, Cənub dəhlizi ilə isə 45 günə Avropaya çatacaq yükləri Orta dəhliz vasitəsi ilə 10-12 günə ünvana təslim etmək mümkünləşəcək.
Burada İranı narahat edən ən vacib məqam isə odur ki, əgər Orta Dəhliz işə düşərsə, Tehran uzun illərdən bəri quru yol üzərindəki yükdaşıma missiyasını demək olar ki, başa vuracaq. Üstəlik, indiyə qədər logistika və yükdaşıma sahəsində böyük əhəmiyyət daşıyan, habelə geostrateji mahiyyətə malik İran bu imkanlardan məhrum olacaq. Yəni, İran artıq əvvəlki cəzbedici ölkə olmayacaq.
Zəngəzur dəhlizi ətrafında Tehranın atdığı addımlar, Azərbaycana birbaşa və dolayı təhdidləri də məhz bundan qaynaqlanır. İndi İranın əsas məqsədləri aşağıdakılardır:
Birincisi, İran nə yolla olursa olsun Zəngəzur dəhlizinin açılmasına qəti imkan vermək istəmir. Hazırda bu məqsədlə bütün planlarını icra etməkdədir. Lazım olarsa, Zəngəzura ordu belə göndərməyə hazırdır ki, təki həmin dəhliz açılmasın. Çünki Zəngəzur Dəhlizinin açılması İranın nəqliyyat qovşağı funksiyasını tamamilə əlindən alır. Bu ildə təkcə Avropa və Türkiyədən Orta Asiya, Azərbaycan, habelə digər ölkələrə yük daşıyan yüz minlərlə yük maşınından məhrum olmasıdır. Həmin avtomobillər əvvəlki kimi İrandan deyil, Ermənistan üzərindən keçərək, Azərbaycana, buradan da Xəzər vasitəsi ilə Orta Asiya və Çinə getmiş olacaq. Üstəlik, Orta Dəhliz yükdaşımada xərcləri azaldan iki imkana sahibdir. Birincisi, dəmir yolu, ikincisi isə dəniz üzərindən yükdaşıma.
İranın ikinci hədəfi Azərbaycan və Ermənisran arasında düşmənçiliyin davam etməsində maraqlı olmasıdır. Ona görə ki, münaqişə davam etdikcə, nə dəhliz açılacaq, nə də bölgədə sabitlik olacaq. Belə olan halda, Zəngəzur Dəhlizi reallaşmayacaq, zaman keçdikcə əhəmiyyətini itirəcək. İranın 44 günlük Vətən Müharibəsindən sonra dərhal Azərbaycana Zəngilan üzərindən Naxçıvana çıxış xətti verməsi də bunu bilavasitə təsdiqləyir.
Bu gün İranın Ermənistana bütün dəstəyi verməsi, müdafiə etməsi, silah ötürməsi də məhz münasibətlərin gərgin qalmasında maraqlı olmasından irəli gəlir.
Hərçənd bu prosesdə Rusiya və İranın ortaq maraqları da var. Düzdür, İran Orta Dəhlizin açılmasında maraqlı deyil. Lakin Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin gərgin qalmasında maraqlı olsa da, Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır. Çünki Ukrayna müharibəsindən sonra Rusiyanın Aralıq dənizinə çıxması üçün yeganə iki oldan biri də məhz Zəngəzur üzərindən keçəcək dəhlizdir. Digəri isə Azərbaycan üzərindən İrana, oradan da Fars körfəzinə çıxış əldə etməklə Aralıq dənizində varlığını qoruya bilər. Amma Fars körfəzinə çıxmaq özü də bir xeyli vaxt tələb edir. Ona görə də, Rusiya Türkiyə üzərindən Aralıq Dənizi hövzəsinə və Yaxın Şərqə çıxış üçün 7-10 günlük məsafə təşkil edən Zəngəzur Dəhlizinə daha çox ehtiyacı var.
Qarabağda separatçıların güclü qalması və dəstəklənməsi də İranın marağında olan vacib məsələlərdən biridir. Nəzərə alaq ki, İran hələ müharibədən öncə Qarabağdakı separatçılar üçün beton tranşeylər inşa edib. Vaxtıyla bununla öyünən ermənilər Azərbaycan Ordusunun həmin xətti keçə bilməyəcəklərini bəyan edirdilər. Lakin 44 günlük müharibədə Azərbaycan Əsgəri sübut elədi ki, onun qarşısını heç bir maneə kəsə bilməz.
Qarabağdakı erməni separatçılarına benzin, yanacaq, tikinti materialları, habelə silah və sursatın göndərilməsini də buraya əlavə etsək, mənzərə tam aydın olar. Fakt odur ki, Qarabağda separatçılıq meyllərinin qalması, ermənilərin münaqişəni diri tutmaq cəhdləri Azərbaycanın nəinki indiki, həm də gələcəkdəki planlarını da risk altında qoyur. Çünki bölgədə münaqişənin olması, Avropaya çıxış yolunun bir hissəsinin işğaldan azad edilmiş ərazilərimizdən keçməsi istənilən halda Orta Dəhlizi reallaşdırmaq istəyən ölkələrin tərəddüdünə səbəb olacaq. Onlara daha güvənli və təhlükəsiz yol lazım olması səbəbindən.
İran separatçılara dəstək verməklə həm münaqişənin bitməsini əngəlləməyə çalışır, həm də bölgədə sabitliyin olmadığı görüntüsünü formalaşdırır. Onu da nəzərə alaq ki, Qarabağ məsələsi mövcud olduqca, Azərbaycanın daha böyük və əhəmiyyətli oyunçu olmaq imkanları məhdudlaşır. Üstəlik, bu, bölgədən keçən və keçəcək nəqliyyat dəhlizinin təhlükə altında olması rəyini gücləndirəcək.
Amma İranın hədəfləri təkcə bundan ibarət deyil. Tehran paralel olaraq Azərbaycanın daxilində də sabitliyin olmasında maraqlı deyil. Məsələn, İran mütəmadi olaraq ölkəmizdə dini, etnik və terror zəminində hadisələr törətməyə cəhd edib. İndiyə qədər onlarla belə halın qarşısı alınıb. DTX-nın həyata keçirdiyi son əməliyyatdan da aydın görünür ki, İran Azərbaycanda silahlı dəstələr saxlamaq üçün də ciddi cəhdlərə baş vurub.
Burada məqsəd odur ki, Azərbaycanın daxilində sabitliyi pozmaq və təhlükəsizliyi sual altına almaq üçün müxtəlif məzmunlu qarşıdurmalar, toqquşmalar, hətta terror aktları törətmək İranın bilavasitə marağındadır. Əgər İran bunu bacararsa, Orta Dəhliz layihəsi gündəmdən çıxacaq. Çünki qeyri-sabit bölgə ilə yükdaşıma heç bir dövlətə sərf etmir. İndiyə qədər Qarabağ münaqişəsi olduğundan, habelə ərzailərimizin işğal altında saxlanılmasından dolayı Orta Dəhliz layihəsi arxivə göndərilmişdi. İran da həmin münaqişə səbəbindən Azərbaycana bir o qədər açıq hücumlar etmirdi. İndi isə situasiya dəyişib və Tehran son “silahlarını” işə salıb.
İran üçün vacib olan bir başqa məqsəd də nəyin bahasına olursa olsun Azərbaycanın bölgədə dominant, güclü və müstəqil dövlət kimi qalmasına imkan verməkdir. Tehran həmişə güclü və müstəqil Azərbaycanı özü üçün təhdid hesab edib. Bu gün də həmin yanaşma dəyişməyib. Ona görə ki, Azərbaycan geosiyasi, iqtisadi və digər baxımdan güclənərsə, bu proseslər Güney Azərbaycana da sirayət edəcək və onların da ayrılmaq istəyini ortaya qoymasını şərtləndirəcək.
İran təkcə, saəfirliyimizə silahlı basqın etməklə dayanacaqmı? Gözləntilər və ehtimallar nədir? İrandakı molla rejiminin mahiyyəti terrorla bağlı olduğundan ilk şərt Azərbaycanın diqqətli və ehtiyatlı olmasıdır. Öz ölkəsinin əhalisinə rəhm etməyən, etiraz edən kəsmi küçənin ortasında güllələyən və dar ağacına çəkən rejimin bizə rəhm edəcəyinə inanmaq sadəlöhvlükdür.
Yəni, İran bununla yetinməyəcək. Özünün müqəddəratını müəyyən etmək üçün yaxın vaxtlardan etibarən bu təxribatları bir neçə istiqamətdə şaxələndirə bilər. Bu istiqamətləri aşağıdakı kimi təsnifləşdirmək olar:
- İranla Dövlət sərhəddimizdə hərbi zəminli toqquşma və təxribatlar baş verə bilər. Xüsusən də işğaldan azad edilmiş bölgələrimizdə bunu etmək onlar üçün daha məqsədəuyğundur. Çünki Xudafərin, Cəbrayıl və Zəngilan istiqamətlərində əhali yaşamır, orada yalnız Ordu hissələrimiz var. Onlara qarşı təxribatlar törətməklə bölgədə həyata keçirilən iri layihələrin dayandırılmasına nail ola bilər. Üstəlik, həmin ərazilərdə yaşayış olmadığından yerləşmələri üçün də ciddi əngəl görməyə bilərlər.
- Ermənistanla sərhəddimizdə təxribatlara əl atılması da mümkün versiyalardan biridir. Ona görə ki, bölgə çox həssasdır, orada hər hansı qığılcım böyük müharibə üçün zəmin ola bilər. İran isə aranı qatmaqla bu toqquşmanı təmin edib, ardından da Ermənistana dəstək verməklə prosesi uzada bilər ki, bu da onların işinə yarayır.
- Qarabağda da təxribatların baş vermə ehtimalı mövcuddur. Hərçənd sərhəddən fərqli olaraq, separatçıların belə bir riksə getməsi bir qədər real görünmür. Amma bu bölgəmizdə təxribatların davamlı xarakter alması, Azərbaycan Ordusu ilə lokal toqquşmaların təşkili İranın istəkləri sırasındadır.
- Daxildə təxribat, terror aktlarının təşkili. Şübhə yoxdur ki, İran uzun illərdən bəri Azərbaycanda din adı altında xeyli sayda tərəfdar və agent qazanıb. Onların gündəlik həyatımızda, siyasi arenada və sosial şəbəkələrdə fəallıqları da gizlin deyil. Həmin agent şəbəkəsi uzun illərdir səbəbsiz yerə bəslənilmir. Aydın məsələdir ki, onlardan vaxtı çatdıqda istifadə olunacaq. Güman etmək olar ki, İran həmin məqamın yetişdiyini düşünür və Azərbaycan daxilində təxribatlara əl atmağın zamanının yetişdiyini zənn edir.
Beləliklə, Azərbaycan çox ciddi və sıxıntılı bir tarixi dönəmdən keçir. Bu hadisələr ölkəmizin gələcəyi üçün olduqca əhəmiyyətlidir. Bu prosesdən necə çıxacağımız isə özümüzdən, bizə dəstək verən ölkələrin davranışlarından və dünyada baş verən bəzi proseslərdən asılı olacaq.