İqtisadiyyatManşet

Qaz və elektrikin bahalaşması vətəndaşın “kisə”sinə nə qədər zərər vuracaq?

Xəbər verildiyi kimi, ötən həftənin şənbə günü Tarif Şurası əhaliyə satılan təbii qaz və elektrik enerjisinin qiymətlərini bahalaşdırıb. JAMAZ.İNFO xəbər verir ki, bu qiymət artımından sonra əhaliyə satılacaq qazın qiyməti 5 qəpik, elektrik enerjisinin qiyməti isə 2 qəpik bahalaşıb.

Qeyd edək ki, hökumət qiymət artımını dünya enerji bazarında qiymətlərin bahalaşması və istehsalat xərclərinin artması, habelə alternativ enerji sahəsinə investisiyaların yatırılmasına təşviqin sürətləndirilməsi ilə əsaslandırıb. Lakin müstəqil ekspertlər və iqtisadçılar hökumətin bu addımının heç bir iqtisadi əsası olmadığını bəyan edirlər. Və bunu büdcəyə əlavə maliyyə cəlb etmək niyyəti güddüyünü, habelə əhalinin mənafelərini nəzərə almaması kimi qiymətləndirirlər.

Ekspertlər hesab edirlər ki, minimum və orta aylıq əmək haqqılarında hər hansı bir dəyişiklik olmayıb. Bundan başqa, ölkədə pandemiyanın iqtisadiyyata vurduyğu zərər də kiçik deyil. Əhalinin sürətli yoxsullaşması halları da diqqət mərkəzindədir. Bunların və digər amillərin nəzərə alınmadan qiymət artımına getməyin yanlış olduğunu vurğulayırlar. Eyni zamanda, bunun sosial sahədə əlavə gərginliklərin artmasına və sosial partlayışlara səbəb olacağı da istisna edilmir. Çünki bahalaşan təkcə qaz və elektrik enerjisi deyil, həmçinin zəruri ərzaq məhsullarıdır ki, bütün bunlar əhalinin cibinə, yəni gəlirlərinə mənfi təsir etməklə yanaşı, həm də tərs mütənasibdir.

Bəs, yeni qiymət artımı əhalinin “kisə”sinə nə qədər zərər vuracaq? İlkin hesablamalara əsasən əhali əlavə xərcə düşəcəyini dekabr ayından etibarən hiss edəcək. Çünki qiymət artımı ilə əlaqədar qərar 1 noyabrdan qüvvəyə minəcək və bahalaşmadan sonra ilk ödənişlər isə dekabra təsadüf edəcək. İlkin aylarda “canı isti” olan əhali yanvar və fevral aylarından bu sıxıntıları daha çox hiss etməyə başlayacaq. Elə əsas gərgin dönəm də məhz həmin ərəfələrə təsadüf edəcək.

Bəzi hesablıamalara görə, vətəndaş qiymət artımından sonra hər ay ən azı 35-40 manat civarında əlavə xərcə düşməli olacaq. “Mavi yanacaq” üçün çəkiləcək əlavə xərcin həcmi orta hesabla 25 manat hesab olunur. Elektrik enerjisi üçün bu rəqəm 15-20 manat əlavə ödəniş şəklində olacaq.

Bildirək ki, hazırda Azərbaycanda minimum əmək haqqı 147 dollar təşkil edir. Orta aylıq əmək haqqı isə rəsmi rəqəmlərdə 750 manat göstərilsə də, bu bir o qədər inandırıcı hesab olunmur. Mütəxəssislər bu rəqəmin 600 manatlıq həddi keçməsini belə mümkün hesab etmirlər. İşsizlik və yoxsulluq səviyyəsinin rəsmi rəqəmlərdə göstəriciləri 10 və 5 faiz göstərilsə də, bunlar da reallıqdan uzaqdır. Ona görə ki, ölkədə yoxsulluq həddinin ən yaxşı halda 18 fazidən yuxarı olduğu şübhə doğurmur.

Belə bir acınacaqlı vəziyyətdə kommunal xidmətlər üzrə bahalaşmaya getmək vətəndaşa təkcə hörmətsizlik deyil, həm də onu heçə saymaqdır. Həmçinin belə bir addım hökumətin vətəndaşın cibinə girməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button